GÜNDOĞAR ÖLKƏSİ: TƏBRİZLİ ŞƏMS VƏ MÖVLANA | Eyvaz Taha

MovlanaÇox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmədək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa qurtara bilmədim. Bu kiçik yazı özünü mənə yazırdı. Dırnaq arasındakı statlar ümumiyyətlə Şəmsin “Məqalat” kitabından və Mövlananın  “Şəms” başlıqlı böyük divanından alınmışdır. 

Adlım filosof və psixoloq Erik From deyir: “Mövlana təkcə bir şair və bəlli bir firqənin qurucusu olan arif deyildi. O, insan təbiəti barəsində dərin baxışa malik idi… yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak) , altbilinc (təhtəlidrak), azadlıq məsələsi, ruh toxtaqlıği, və insanın iqtidarından danışırdi”. Fromun dediyinə görə, böyük humanist sayılan Mövlananın düşüncələri, çağdaş insanın mədəni yaşamını zənginləşdirə bilər. Belədirsə, yenə də köhnə bir məsələyə qayıtmalı oluruq. Azərbaycan mədəniyyəti Mövlana və onun ruhunu rəqsə gətirən Təbrizli Şəmsi unutduğundan bir çox şeyləri itirir. Nizami böyük şairdir, ancaq Nizamiyə həsr olunmuş araşdırmaların yüzdə biri Şəmsə həsr olunsaydı, çağdaş mədəniyyətimizdə başqa çalar, başqa ləzzəti yaşayacaqdıq. Mövlananın nəbzini hamıdan çox Nəsimidə tuta bilərdik, onu da ki, Rus komonizminin təhrif maşını bütünlüklə hürufilik küncünə sıxnaşdırırd. Çılğın ruhundan boşaldılmış Nəsimi, yoldaş Baqirovun əsgərləri səviyyəsinə endirildi.

Mövlana adı ilə tanınmış Cəlaləddin Qunəvi (1207-1273) qamışlıqdan kəsilmiş  ney idi. Insanın əzəli yurdunun özləm və nisgilini çağlayan qarğı: “Yanıb yaxılan bu neyi dinlə”. Renold Nikolsona görə, “sözsüz bu neydən məqsəd bitkin insanın vücududur ki, yaşadığı ruh aləmindən ayrıldığı üçün ağlayır və əzəli yurduna qayıtmaq marağını özü ilə yanaşı özgələrdə də oyadır. İlahi ruhdan dolub daşmış şair, içindəki yanğını neydə hayqırır. Bu neyi dinləndirən Şəms idi. Mövlana ona xitabən deyir: “sən gələli bizdən biz getdi; Içəri gəl canım, gəlişin gözəldir. Ürəyimin gizli sızıltılarını eşitdikdə can kimi gövdəmə gəldin.”

Sözcüklər od tutub yanarkən bilmirsən alov Mövləvinin ürəyindən qopur, yoxsa Şəmsin. Mövləvinin deyişi ilə onun içində vurnuxan sözləri, irfan yanğısınin mizrabı ilə kökləyən o özü deyil, Şəmsdir. Nə fərqi var ki? Bu yanğının kimin soluğundan qopmasının önəmi yoxdur, önəmli budur ki, bu yanğının dadını sınamayan hər bir mədəniyyətdə böyük boşluq yaranır. Bu boşluğun dərmanı nədir? Yanğındır. Mövlləvi, Qarlığqda quruyub qalmış, ney kimi sızlamayan qarğlaıran od tutub alovlanmasını canlandırarkən deyir: “dərdsizliyin dərmanı oddur”. Beləliklə “hər bir qarğı öz məzarı üstə şam kimi yanır”.  

Nəsimi olmasaydı mədəniyyətimizə ömür boyu heyifsilənərdim. Nəsimi, gündoğar (İşraqilər) sülasəsinin dilimizdə dillənən son elçisi adına, bu təcrübəni bütün ayrıntıları, bütün insani özəllikləri ilə bizim üçün canlandırırdı. Bilirəm sufizm söyləmini ]discourse[ Nəsimidə bititrdiyim üçün kəskin qınaq qılınclarına amac ola bilərəm. Deyəcəklər bəs Füzuli? Məncə Nəsimi ilə müqayisədə Füzulinin statusu bam-başqadır. Söylədiyim yanğı baxımından, Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdir. Xətayi də belədir. Bu eniş Seyid Əzim Şirvanidən öncə Molla Pənah Vaqifdə bitkinliyinə çatır, sonrakı şeirlər isə ya şeir deyil yamsılamadır, ya  da o gələnəyin davamı deyil, başqa dünyaya aiddir: Ya siyasətin bar-bar bağıran dünyasına; Bəxtiyar budur. Ya da öznənin ]subyektin[ öldüyü dünyaya. Şaşqın, parçalanmış, nisgilli öznənin mərkəzsizləşdirilmiş dünyası; Şəhriyar budur. Şəmsə dönək.

On üçüncü yüzillikdə  itkin düşmüş Təbrizli Şəmsin məqbərəsi Xoy şəhərində tapılıb. Bu xəbər hələlik dəqiq doğrulmasa da ilkin sınaqlar tapılan cənacənin Şəmsə aid olduğunu göstərir. Təbrizin qızılçıları, daxili dünyaları çalxalayan uca boylu Şəmsə deyirdilər: “Ey təvil ]uzun diraz[! Get, getməısən yamanlarıq!” Şəms deyirdi “həqiqətlərin hamısını hayqırsam, bütün insanlar məni şəhərdən qovarlar!” Şəmsin sümüklərinin tapılması sevindirici haldır. Yaranışın ilk günü  Tanrı önündə mələklərin əli ilə yoğrulmuş insan gövhərini bu sümüklərdən qoxlamaq olar. Bu sümüklər, dünyanın ən itkin, dəli, çılğın və güclü ruhlarının birinin izidir. Bu izlə biz çağdaş dünyanın nahaq yerə unutduğu sirrli ölkənin darvazasına çatarıq, ruhun qovuşağına gedib çıxarıq. Mənim üçün təsəvvüf tarixində Şəms böyüklükdə insan gözə çarpmır, Mövlana kimi böyük bir ehkamçı alimi mənbərdə rəqsə qaldıran Şəmslə muqayisədə, kimsənin adını çəkməkdən üşünürəm, İbn Əərəbi və Nəsimidən başqa.

Şəmsin Məqalat başlıqlı əsərindəki aydınlıq, anlaşılmazlıq, yanğı və yəqin, dinləyicinin anlayış yurdunda deprəm yaradır. Duru-dadlı duyğular, və geniş toxtaqlıqlarla sonuclanan tam anlamında bir deprəm. Çağdaş dünyanın heç bir humanist düşüncəsində bu qədər insan özəyinə və insan özəlliyinə yaxınlaşmaq olmur. Bütün lovğalıqları Gündoğar alovunda qovrulmuş insanın “insan sevgisi”. Bu sevginin bunca yandırıb yaxıcı hənirtisini  nə “Avgustın”də görürük, nə də qızdırma içində tanrıya sarılmış “Con Don” da.

Avropanın, ağıl yollarından burulub intuitiv düzənliyə hər dəfə ayaq basması, ya romantik alınır, ya da kafkanın dərin ruh küskünlüyünə gətirib çıxarır. Ağılı yürütməyi bacarmayan şərq isə İşraq fəlsəfəsinə hər dönüşündə öz mahiyətinə qovuşur. Görünməzləri görür. Şühud ]intiusia[ budur. Varlığın qara örtüyünü ataraq gizlinləri görmək, ürəklərə sızmaq Gündoğar ölkəsinə aid bəsirətdən gəlir. Elə buna görə də, şərqin Həllac, Söhrəvərdi, Şəms və Nəsimi kimi dəliləri olmasaydı, yerdə alınyazısına inamdan başqa nə qalardi: “Zərurət” düşüncəsinin küllüyü. Alınyazısının düzənliyində çalıqlayan bu barama qurdunun ruhundan Nəsimi kəpənəyi baş qaldırıb uçmasaydı, yerdə ancaq ölüm qalardı. Küzəsində su olduğunu unutmuş susuz yolçunun gülünc ölümü. Nabakov deyir “Kafka, uçamağa qanadı olduğunu unutdu”, Şəms unutmadı.

Qaqaşların sözü olmasın, Mövləvi bütünlüklə postmoderndir. (Axı bu qaqaşlar hər bir zibili dolu ağızla postmodern adlandırırlar.) Modernin anlamı “tam indi”dirsə, Mövləvi sonradır, “post”dur, Şəms ondan da sonra! Bunun bir nədəni Mövləvinin olaylara hermenotik baxışında yatır: “Can kimi o sənəmə vuruldum, əsiri oldum; Dev deyildim, gözlərdən itdim; Qar idim əridim, yer məni somurdu; Tam yaxılıb ürək tüstüsünə çevrildim, göylərə qalxdım; Ruhlardan deyildim, canlardan çəkinən birisi idim; Can candan necə keçər ki, cana çevrildikdə daha çəkinmək nə deməkdir; Canla cahan sənin sevgin üzündən əlimdən getdi; Daha nə edirəm bu cahanda, bu cahandan qoyub getdikdə.”

Mövləvinin postmodern olduğunun başqa nədənini həqiqətin parça- parça olmasına inamında axtarmalıyıq. Deyir: “həqiqətin bütöv gözgüsü əzəl günündə insan əlindən sürüşüb sınmışdi. Mələklərin insana nifrət etdiyi gün, Tanrı insanı yoğurmaqdan çəkindi. Vücud ərəsatında Tanrı önündə utanqac dayanmış bu iki ayaqlı varlığa vəhy gəldi: “Sən özün özünü gəlişdirməlisən; existe! özünü özündən bayıra tulla!” Ekzistansiyalizmin inandığı bu anlayış köhnə sözdür, insan yaranışının ilk günləri qədər əski. Bu azadlığın bədəli kəskin həqiqətlərin insan əlindən alınması idı, ölümün anlaşılmazlığı. Həqiqət güzgüsü düşüb sındı, insanın isə güzgü qırıqları ardınca axtarışları mədəniyyətləri yaratdı, uyğarlıqları. Indi o qırıqların hərəsi hərənin bir əlindədir. Dmək bütöv isan yoxdur, biz bütünlükdə bütövük. İndi biz insanlar irili-xırdalı qırıqları birbirinə yaxınlaşdıraraq həqiqətin ümumi görünüşünü yaradırıq: işığı hara gəldi əyri-əksik əks etdirən sınıq görünüş. Yaxşı bəs postmodern düşüncə bundan artıq daha nə istəyir?

Səədi makyavellizmi məsləhətli yalanlar donunda savunduğu bir çağda, Şəms bütün örtükləri yırtdı. Heç kimin hər nəyi deməyə cəsarəti çatmadığı bir çağda, deməməliləri demək istəyirdi: “hələ ki bizdə demək bacarığı yoxdur, təki dinləmək bacarığı olaydı. bütünü demək bütünü eşitmək gərəkir. Ürəklər qapalı; qulaqlar qapalı”. Şəms ikiüzlü və zühd satan bir toplumda bir ömrün namazını bircə “Ah” ilə dəyişir. “Soruşdu: namaz qıldılar? Dedi: əvət. Dedi: ah. Dedi: o ahı mənə ver, ömür boyu qıldığım namazları sənə bağışlayım!”

13-ci yüzilliyin ümumi ab-havası səədinin dedikləridərsə, demək Şəms bütün zəmanə ilə qarşı-qarşıya dayanır. Qovulur. Bu qovulmuşluqda ağıllı bir dəlilik, çılğın bir əsriklik var. Elə bir əsriklik ki, fiqhi məsələlərlə uğraşan samballı fəqih Cəlaleddin Ruminin sümüklərinə düşür: sema rəqsi, özündən getmək, baş sarığını açmaq. Bu insan gözələrinin ]hüceyrələrinin[ harmonik rəqsi deyilmi?

“şeyx dedi: xəlifə sema etməyi yasaqlayıb! Dərvişin ürəyində düyün oldu, üzgün düşdü. Təcrübəli təbib gətirdilər. Qan damarını yoxladı. Öyrəndiyi xəstəlikləri, (tanıdığı) səbəbləri bunda görmədi. Dərviş dünyadan köçdü. Təbib onun qəbrini açdırıb, köksünü yardı. Düyünü çıxardı. Əqiqə dönmüşdü. Ehtiyac vaxtı onu satdı. Əldən ələ  gəzdi, xəlifənin əlinə çatdı. Xəlifə onu qaş kimi üzüyünə saldı. Hələ üzükdə saxlayırdı ki, bir gün sema rəqsinə baxdı. Üzüyü sığalladı, qaş əriyib tökülmüşdü. Əqiq satıcılarını bir-bir çağırtdırdı, növbə gəlib təbibə çatdı. Təbib, olub keçənləri söylədi.”

Deməyi qolay olsa da, belə bir qarşı durmanın dəhşətli sonucunu, öncə Söhrəvərdi sınamışdı. Nəsimi də sonralar daha qabarıqcasına sınayacaqdı: təpədən dırnağa qədər soyulmaqla. Şəmsin alınyazısı bunlardan daha ürəkaçan deyildi. Qeybə çəkilməmişdən öncə dedilər: “Başını qaldır, tanrının əsərlərinə bax!” Dedi: “O əsərlər ancaq izdir, çiçəklər, lalələr isə mənim içimdədir.”  Şəms, Mövlananın yaxınlarının qısqanclığı üzündən itgin düşməklə Mövlananı bir daha yandırıb yaxdı: “Ey könülsüzlırin (qaranlıq yollarını işıqlandıran) məşəl, ey vurğunların peğəmbəri, ey Təbrizin Şəmsi əlimi əlindən üzmə nə olar!” Qəbirsiz, bəlrisiz, itkin Şəms, görən hansı pusquda Mövlana yanlısı axmaq möminlərin qəzəbinə gəldi? Kütlənin yanlış inamına dirənməyin qarşılığı ən yaxşı halda izsiz ölümüdür. Axmaqlığın gücü tükənməzdir.

پاسخ دهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *