Güney Azərbaycan nəsri antologiyası nəşr edildi

 
 
Bu günlərdə “Nurlar” nəşriyyatı “Güney Azərbaycan nəsri”  antologiyasını çap etmişdir.  Vaqif Sultanlı və İrəc İsmayılın təqdimi və ön sözü ilə yayınlanan antologiyaya başlangıcdan bu günə qədər Azərbaycanın Güneyində yaranmış zəngin bədii nəsr örnəklərindən seçmələr daxil edilmişdir.

Nəfis tərtibatla nəşr edilən kitabda Zeynalabdin Marağayi, Mirzə Əbdürrəhim Talıbov, Seyid Cəfər Pişəvəri, Həmzə Fəthi Xoşginabi, Pənahi Makulu, Həbib Sahir, Gəncəli Səbahi, Səməd Behrəngi, Qulamhüseyn Səidi, Rza Bəraheni, Nasir Mənzuri kimi tanınmış, görkəmli simaları ilə yanaşı, orta və gənc nəsli təmsil edən Əlirza Zihəqq, Əli Daşqın, Ruqiyyə Kəbiri, Eyvaz Taha, Aqşin Ağkəmərli, Səməd Niknam, Güntay Gəncalp, Vali Gözətən, Fəranək Fərid, Küyülü Səid Nəccari, Toğrul Atabay, Həmid Arğış, Valeh Şiri, Məlihə Əzizpur, Ruqiyyə Səfəri, Ulduz Sadiq, Saleh Ətayi, İlqar Müəzzinzadə və b. kimi gənc yazıçıların yaradıcılığı da yer almışdır.

Antologiyaya daxil edilən bədii nəsr örnəkləri janr baxımından rəngarəngdir. Burada hekayə, miniatür, mənsur şeir, memuar, həmçinin romanlardan verilmiş parçalar əksini tapmışdır.

Bütövlükdə Güney Azərbaycanın türk və fars dillərində yaranan bədii örnəklərini əhatə edən antologiyada ayrı-ayrı müəlliflərin fotosu və haqqında yığcam məlumat da verilmişdir. Ədəbi əsərlərin seçimində mümkün qədər bədii və milli dəyər daşıyan örnəklərə üstünlük verilmişdir.

Kitabın nəşri parçalanmış Vətənin diqqətdən kənarda qalan zəngin ədəbi irsinin sistemli şəkildə tanıdılması, Bütöv Azərbaycan bədii nəsrinin canlı mənzərəsinin yaradılması məramına söykənir.

Hazırda ingilis dilinə tərcümə edilən antologiyanın gələn il Amerikada nəşr olunması nəzərdə tutulmuşdur.

Qaynaq

فلسفه‌نین دؤرد تاریخی دؤنمی | دوغان اؤزلم | ایواز طاها

ایلک باخیشدا فلسفه‌نین یالنیز موطلق‌لر دوزه‌لییینده گزیندییی گؤرونور. باشقا سؤزله، بیرچوخ‌لاری فلسفه‌نین زامانسیزلیغا سارماندیغینی گومان ائدیرلر. لاکین بو یالنیز بیر آرزودور. گئرچک فلسفه أن یاخین زامان و مکانا باغلی سورولارا تپکی‌لردن باشلانیر. بونون اوچون آلمان مکانی‌نین فلسفه دقیقه‌سیندن سؤز آچماق اولار، فلسفه‌نین ایسه آذربایجان دقیقه‌سی باره‌ده یالنیز سوسماق اولار. اؤرنه‌یین، ائرنئست کاسیرئرین “سیمگه‌سل بیچیم‌لرین فلسفه‌سی”[1] کیتابی یالنیز آلمان مکانیندا و نازیزم اؤنجه‌سی بیر زاماندا یازیلا بیلردی. کاسیرئر میف‌لرده سونرالار فاشیزمه گتیریب چیخاراجاق موتیولری سئزیر. اوزاغا گئتمه‌یک، بیزده “کیملیک آختاریشی و دیل دئوریمی” باخیمیندان شعر بونجا اؤنم قازانماسایدی، منیم ده ایکی کیتابیم[2] ایشیق اوزو گؤره بیلمزدی. فلسفه‌نین بو مکانلیلیق و زامانلیلیغی دانیلمازدیر. آشاغیدا آدی چکلیمیش فلسفه آخیم‌لاری دا بونون بیر ثبوتودور. آنجاق فانی و دییشکن یاشامدان تؤره‌نن سورو‌لار، یالنیز موطلق‌لیک و أبدی‌لیک آختاریش‌لاری ایله توختاقلیغا قووشور.
 
  
آنتیک چاغ:
اینسان اؤزونو هر شئیی قاپسایان بیر بوتؤولویون، یعنی “کوسموس”ون بیر پارچاسی اولاراق قاوراییر. کوسموس’ـا تام گئنل، قاچیلماز و سون‌سوز بیر یاسا[3] (دوغا یاساسی) حاکیم‌دیر. بو یاسایا، اینسان‌لار کیمی تانری‌لار دا، جان‌سیز نسنه‌لر کیمی جان‌لی وارلیق‌لار دا عئینی بیچیمده تابع‌دیرلر. اینسان، “ماکروکوسموس” [عالم الاکبر] قارشیسیندا بیر “میکروکوسموس”دور [عالم الاصغردیر]. اینسانین تینی (اینسان ذهنی، اینسان عاغلی) نسنه‌لرین، وار-اولوشونو دوزنله‌ین تمل دوزه‌ن ایلکه‌سینه (“nous”, “logos”) دایاناراق چالیشیر و اونونلا ائش‌توردن‌دیر. بئله اولدوقدا، فلسفه‌ده أن یوکسک آماج، نسنه‌لرین تانریساللیق‌لا عینی اولان “اؤز”ونو سئیر ائتمک‌دیر. (theoria)
  
 
اورتاچاغ:
“موطلق آنلام” ائورنده دئییل، اونو یاراداندادیر. بو آنلاما وارماغین بیرجه یولو ائوره‌نی یارادان تانرییا دویولان اینسانی بیر اینام‌دیر. تانری ائوره‌نین یارادیجی‌سی‌دیر؛ او ائوره‌نین ایلک یارادیجیسی، عئینی زاماندا أره‌یی‌دیر [غایتی‌دیر]. آریستوتئل‌چی تئرمینولوژییه گؤره، تانری هم ائتکین-ندن[4] ، هم ده أره‌ک-ندن[5]‌دیر. بو باخیمدان ائوره‌نین تک‌باشینا بیر ده‌یری یوخدور، اونون ده‌یری ایکینجیل‌دیر. او، یئتیشه‌‌جه‌ییی أره‌ک باخیمیندان اؤز ایچینده بیر هیئرارشی، عینی حالدا تک‌مرحله‌لی‌ دوزه‌ن‌‌ ده گؤستریر. بو دوزه‌ن، أن آشاغی اؤگه‌لردن باشلاییب اینسان اوزه‌ریندن کئچه‌رک تانرییاجان اوزانیر. اینسان، “تانری‌نین یئر اوزونده‌کی تمثیلچیسی‌دیر.” اینسان روحو، سون مقامدا تانرییا یؤنه‌لیک‌دیر. فلسفه، بو ائوره‌نده‌کی بیلگه‌لیک اولاراق، ایناما دایانان بیلگه‌لیک یانیندا ایکینجی یئری توتور. او، ایمان و تئولوژی یانیندا آنجاق “تئولوژی‌نین تؤره‌مه‌سی” اولاراق بیر ایشله‌وی یئرینه گتیریر. دئمه‌لی اونون، “ایمانین اؤن اوتاغی”، “ایمانا کئچیش دهلیزی” اولماق کیمی بیر قونومو وار. آمما اورتاچاغین سون‌لارینا دوغرو فلسفه، تئولوژی ایله گئتدیکجه آرتان بیر قارشیتلیق سجیه‌سی قازانیر. بونون سونوجو اولاراق، فلسفه‌نین “عاغیلا دوغرو” ، تئولوژی‌نین ایسه “ایمانا دوغرو” یؤنلدییی آیدینلاشاراق بیر هاچالانما باش وئریر.
 
یئنی چاغ:
یئنی دوشونجه، گئتدیکجه آرتان بیر شکیلده اینسانی اورتایا گتیریر. دئکارتین تمل اؤنرمه‌سی بودور: «دوشونورم‌سه وارام.»[6] بو اؤنرمه، اورتاق بیر فلسفه اولوشدورماق اوچون سؤیکنمه‌سی گره‌کن تمل ایلکه‌یه چئوریلیر. سونوندا ایسه کانت’ین “کوپئرنیکوس‌-واری دئوریم”ینده أن یوکسک زیروه‌یه قالدیریلیر. بونا گؤره، اینسان تینی (عاغیل، ذهن، من‌لیک) نسنه‌لره بیرباشا یؤنلمیر، چونکو نسنه‌لر اینسان آنلیغی اوچون اؤنجه ایشلنمه‌سی گره‌کن ملزمه‌لر دوروموندا‌دیرلار. باشقا سؤزله، تجروبه‌لر خام بیچیمده بئینه سیزا بیلمیر، اونلارین ذهن سوزگجیندن کئچمه‌سی گره‌کیر. بیلگی، نسنه‌لرین ذهنیمیزده‌کی دوغرودان جانلانماسی دئییل، ترسینه، آنلیغیمیزین نسنه‌لره باغلی دویوم‌لاما‌لارین ایشله‌مه‌سی‌نین اورونودور. بونونلا دا فلسفی چئوره‌نی ایشیقلاندیران “یئنی گونش” دوغور. بو گونش نه یونان‌لارین “کوسموس”ـو اولور، نه ده اورتاچاغین “تانری”سی؛ یئنی گونش اینسان عاغلیندان باشقا بیر شئی دئییل‌دیر. اوسچولوق دا، ائمپیریزم ده، بو گلیشیم ایچینده، هر ایکیسی اؤزنه‌دن باشلایان ایکی آنا آخیما چئوریلیر. بیرینجیسی اؤنجه‌لیک‌له اینسانا بیر عاغیل وارلیغی اولاراق باخیر و عاغلی سون باش‌وورو یئری ساییر. ایکینجیسی اوچون ایسه اینسان بیر دویو وارلیغی‌دیر و دویوسال تجروبه‌نی هر تورلو فلسفه‌نین سؤیکه‌نه‌جه‌یی اورتام سانیر. (بونا گؤره بو آخیم سئنسوالیزم اولاراق دا آنیلیر.) بونونلا دا آلمان ایدئالیزمی، یئنی‌ چاغین سون‌لاریندا تکرار یونان‌لارین ماکروکوسموس میکروکوسموس اؤیره‌تیسینه قاییدیر. اؤرنه‌یین هئگئل، بوتون گئرچکلییی بیر “موطلق”ین، یعنی “بؤیوک اینسان”ین و یا اینسانلاشدیریلمیش[7] عاغلین تاریخی آچینلانماسیندا گؤرور. اینسان خمیریندن یوغرولموش بو تانری (دونیا تینی، عاغیل) اؤزونو بیر تاریخی گلیشیم سوره‌جی اولاراق آنلاییر.
  
 
چاغداش فلسفه:
ایدئالیست گؤرونوشونون پارچالانیب داغیلماسییلا چاغداش فلسفه‌نین باشلادیغی آرتیق دانیلمازدیر. بو فلسفه، سوموت اینسانا، اونون تاریخی یاشامی‌نین درینلیینه و بو یاشامین هر تورلو فنومئنینه یؤنلمک ایستر. اورتاچاغ “تانری”نی تاختا چیخارمیشدی، یئنی‌چاغ ایسه “تین”ی و “دوشونجه”نی. لاکین چاغداش فلسفه “تین” و “دوشونجه”نی ده تاختیندان ائندیریر. چونکو، آرتیق “تین” و “دوشونجه” یالنیز اینسانی یاشامدا اورتایا چیخان فئنومئن‌لر اولاراق گؤروله بیلیرلر. اونلار أن اوزاغی آیری آیری مدنیت‌لرده اورتایا چیخان اوست‌یاپی‌لار، اینسانی یاشامین یانسیما‌لاری اولاراق گؤز اؤنونه آلینا بیلیرلر. بوتون اینسانلیغا ائگئمئن “بیر ایدئیا” یوخدور. بیر “ائوره‌ن‌سل عاغیل” یئرینه، هر کولتوررون اؤزه‌للشمیش چئشیدلی “دونیاگؤروشو”، یا دا داها علمی بیر دئییم‌له، “مئتافیزیکسل سیستئمی” واردیر. بوتون اینسانلیغا عاید “تین”دن سؤز آچماق گره‌کیرسه، بو، آنجاق سؤزو گئدن دونیاگؤروش‌لری‌نین رقمی بیر توپلامیندان عیبارت اولا بیلر. چاغداش فلسفه‌‌نین تمل اؤزه‌‎‍للییی اولاراق بونو دئمک اولار: هر تورلو کولتور فئنومئنی کیمی فلسفه ده “اینسان‌سایاغی آنلام یاراتمالار”ین اورونودور. بونونلا دا اونون یئتیشدیریله‌جه‌یی أن یاخشی تورپاق «چوغولچو [کثرت‌گرا] توپلوم» مودئلی‌دیر.
 
_____________________
 
قایناق:
Doğan Özlem, Günümüzde Felsefe Disiplinleri, Ara Yayıncılık.
 
[1] بو کیتاب 1923-1929-جو ایل‌لرده، آلمان اولوسونون یئنیلگیسی و فلاکتی ایل‌لرینده یازیلمیشدی. The Philosophy of Symbolic Forms
[2] بؤیوک کاسیرئرین قارشیسیندا کیچیک بیر اؤیرنجی اولدوغوم اوچون موقاییسه ائتمک ایسته‌میرم، اؤرنک گتیریرم. مقصدیم بیر نئجه دفعه باسیلیمش “شعر وارلیغین ائوی‌دیر” و هله باسیلمامیش “آنجاق شعر، بیر آز دا سئوگی، دوشونجه و سیاست” باشلیقلی کیتاب‌لاردیر.
[3] “nomos physikos”, ‘lex naturalis
[4]ausa efficiens علت فاعلی 
[5] causa finalis, علت غایی
[6] cogito ergo sum
[7] آنتروپومورفیزه ائدیلمیش

Qərb fəlsəfəsi tarixi EyvazTahanın elmi redaktorluğu ilə

  

Bertran Rassel. Qərb fəlsəfəsi tarixi.

– Bakı: Mütərcim, 2012. – 444 səh.

Müxtəlif mənbələrdən toplayan, ümumiləşdirən, əlavə və şərhlərin, ön sözün müəllifı:  Doktor CAVAD HEYƏT

Tərcümə edən:  SALEH DOSTƏLİYEV

Elmi redaktorlar:

EYVAZ TAHA

ELDAR PİRİYEV 
filologiya elmləri doktoru 
RÖVŞƏN ƏLİYEV 
filologiya üzrə fəlsəfə doktoru

 

ÖN SÖZ

Bu kitab XX əsrin böyük filosofu və riyaziyyatçısı Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” əsərinin fars dilində olan xülasəsindən (ingiliscəsi ilə tutuşdurularaq) və mənim müxtəlif fəlsəfi əsərlərdən iqtibas gətirdiyim və nəql etdiyim əlavələrdən ibarət bir məcmuədir.

İlk dəfə 1946-cı ildə çap olunmuş bu kitabında müəllif çalışmışdır ki, fəlsəfələrindən bəhs etdiyi filosoflann əsərlərini onların sosial mühitləri ilə əlaqələndirsin, hər bir filosofu öz mühitinin məhsulu kimi təqdim etsin və onu öz əsrinin fikir və hisslərinin təcəssümü, nümayəndəsi kimi tanıtdırsın. Buna nail olmaq üçün о kitabın bir fəslini sivilizasiya tarixinə həsr etmişdir.

“Qərb fəlsəfəsi tarixi” kitabı İngiltərədə on dörd dəfə çap edilmişdir və dünyanın bir çox dillərinə, о cümlədən fars dilinə tərcümə olunmuşdur.

Oxuyacağınız bu kitabın hazırlanması zamanı Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” kitabının cənab Nəcəf Dəryabəndərinin tərcümələrində 1968-ci ildə Tehranda dörd cilddə çap olunmuş son nüsxəsi onun ingilis mətni ilə müqayisədə (History of Western Philosophy; Oxford, 1975) əsas götürülmüşdür. Bundan əlavə 20-dən çox kitabdan iqtibaslar gətirilmişdir. Onların siyahısı kitabın sonunda müraciət edilmiş mənbələr adı altında verilmişdir. Eyni zamanda, zərurət yarandıqda kitabın mətninə izahlar da əlavə olunmuşdur. İngilis və fars dilinə tərcümə mətnlərinin müqayisəsi zamanı bəzi hallarda bu məcmuədə fərqli terminlərdən istifadə edilmişdirÇünki, digər filosofların fəlsəfi əsərlərini mütaliə edərkən oradakı müvafiq terminlərin daha anlaşıqlı və işlədilməsi daha məqsədəuyğun olduğu qənaətinə gəlinmişdir.

Bertran Rassel islam fəlsəfəsi ilə dərindən tanış olmadığına görə onu ərəb fəlsəfəsi kimi qələmə vermiş və müsəlman filosoflarını Qərb fəlsəfəsinin şərhçiləri və təfsirçiləri kimi təqdim etmişdir. Mənim də islam fəlsəfəsi ilə kifayət qədər tanışlığım yoxdur, amma oxucularda müəyyən təsəvvür yaratmaq üçün islam fəlsəfəsindən bəzi nümunələri bu kitabda verməyi lazımlı hesab etdim və bu məqsədlə Sədrəddin Şirazinin hicri tarixi ilə XI əsrdə yazdığı “Substantiv hərəkət (dünyanın sakit olmayan xarakteri)” əsəri haqqında kitabın sonuna bir bölmə artırdım.

Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” kitabın ingilis mətnində iki halda tarixi səhvə yol verilmişdir. Mən burada onlara qısa şəkildə toxunmaq istəyirəm.

1975-ci ildə çap olunmuş ingilis mətninin 382-ci səhifəsində o ingilislərin xristianlaşması barəsində belə yazır: “Böyük Qriqori papa olan zaman müqəddəs Avqustini Kentə göndərdi ki, ingilisləri xristian dininə gətirsin. Bu xüsusda onun müqəddəs Avqustinə, ingilis kralı Edilbertə və başqalarına ünvanladığı çoxlu sayda məktublar qalmışdır”. Halbuki elə həmin kitabdaca müqəddəs Avqustinin bioqrafiyasında yazılmışdır ki, o 430-cu ildə vəfat etmişdir. Böyük Qriqori isə 540-cı ildə dünyaya gəlmişdir. Qeyd edim ki, bu hər iki tarix düzgün göstərilib.

Bu kitabın ingilis mətninin 415-ci səhifəsində Harun-ər-Rəşid haqqında onun qısa bioqrafiyasından sonra belə yazılmışdır: “Bu cah-cəlalın ömrü qısa olmuşdur. Onun canişini ordusunu əsasən türklərdən təşkil etməklə səhvə yol verdi və türklər xəlifəyə tabe olmayıb onun hakimiyyətini zəiflətdilər. Belə ki, hərbçilər hər dəfə yeni xəlifənin əlindən təngə gələndə onu kor edir və ya öldürürdülər”. İslam tarixindən bildiyimiz kimi Harunun canişinləri Əmin və Məmun idilər və onlar belə bir iş görməmişdilər. Hətta Məmun əvvəlcə iranlıları hakimiyyətə gətirmişdi. Lakin Məmunun varisi Mötəsim türkləri orduya cəlb etdi və bundan sonra türklərin islam ordusunda və xəlifə hakimiyyətində nüfuzları artmağa başladı.

Üç böyük filosof – Kant, Hegel və Berqson haqqmda kitabdakı mətn məni tam qane etmədiyindən müvafiq bölmədə şərhlər qeyd etməklə yanaşı digər fəlsəfə kitablarından bir xülasə də hazırlayıb kitabın sonunda verdim. Bu kitab xeyli vaxt bundan əvvəl tərtib edilib çapa hazırlanmışdı. Lakin islam inqilabından sonrakı illərdə əsas işimə əlavə olaraq (cərrahlıq və onun universitetdə tədrisi, mədəni və türkoloji fəaliyyət), Tehranda Azərbaycan dilində işıq üzü görən “Varlıq” ədəbi-bədii jurnalın müntəzəm nəşri və cərrahlıq sahəsinə aid əsərlərin hazırlanması bu məcmuənin çapını yubatdı. Amma bu mənə bu müddət ərzində müxtəlif fəlsəfi kitabları mütaliə etməyə, oxuyacağınız məcmuənin təkmilləşdirilməsi üçün onlardan iqtibaslar gətirməyə imkan yaratdı. “Bu məsnəvi bir müddət dayandı. Bir müddət gözləmək lazım gəldi ki, qan süd olsun” (Mövlana).

Eyni zamanda bir neçə müasir dövr filosoflarının -Jan Pol Sartnn, ekzistensialist filosofların, Haydeggerin, Karl Popperin və Bertran Rasselin özünün bioqrafiyası da müxtəlif mənbələrdən alınaraq bu kitaba əlavə edilmişdir.

Sonda qeyd etmək istərdim ki, bu kitabda yığcam şəkildə və nisbətən sadə dildə fəlsəfənin tarixi və müəyyən dərəcədə Avropada sivilizasiyanın inkişaf tarixi haqqında məlumatlar toplanmış və oxucuların ixtiyarına verilmişdir. Bu kitab daha çox fəlsəfə və onun mənbələri ilə tanış olmaq istəyən, lakin iri həcmli kitabları və müfəssəl bəhsləri oxumaq üçün vaxt və imkanları olmayan insanlar üçün hazırlanmışdır. Kitabın tərtibatçısı kimi ümid edirəm ki, o əziz və sevimli oxucuların marağına səbəb olacaq.

Doktor Cavad Heyət

Şeir, qadın şairlər və feminizm | Eyvaz Taha

Bir çox millətlərin tarixi kimi, bizim tariximz də kişilərin oylağıdır.

 1

Jak Lakana görə, dilin iki yönü vardır: biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü əzib basdırsın. O biri yandan, bilincaltı yön də sabit anlamları və gramatikanı laxladıb uçurtmaqla dilin qaydalı yönünü dağıtmağa çalışır. Bu sözlərdən yararlanaraq sözümün canı budur: dilin umumi və qaydalı yönü kişiyana və pariarxallıqcasınadır. O biri yön, dilin qayda qanunlarına qarşı dağıdıcı döyüşü aparır: femenist gerçəklik özünü doğrultmağa və göstərməyə can atır. Şeirin yaranması zəkadan daha artıq bu ikinci yönə bağlıdırsa, onda qadın səsinin şeirdə önəmi bir daha təsdiqlənəcəkdir.

Doğrudur qadın səsinin eşidilməsinin ilkin şərti femenist olmaq deyil. (femenizm anlayışına bağlı bəzi ictimayi axımların ifrata varması, Bir çox qadınları beləcə adlandlrılmaqdan üşündürür.) lakin onların müddəasında ədəbi mətnin yeni bucaqdan oxuşunu üçün ciddi təkliflər var.

Femenizm nə demək istəyir, və şeirimizlə onun başqa hansı ilgiləri var? qadın/kişi cütlüyünün qarşı durması, və bununla ilgili qarşıdurmalar, femenizm axımının mərkəzində durur. Onlar, toplumda kişiyə üstünlük verən quruluşu dağıtmaq istəyirlər. Psixolog və siyasi nəzəriyyəçi Ceyn Fləks yanılmır, “femenist epistemologiyanın vəzifəsi bunu aydınlaşdırmaqdır ki, pariarxallıq həm bizim sənətə və bilimə baxışımıza nufuz etmişdir, həm də sənətlə bilimin obyektiv özəlliklərinə. Dünya barəsində və bu dünyada keçdiyimiz tarix haqqında yaxşıca biliyimiz olmadan, (hətta dünyanı necə öyrənəcəyimizi bilmədən) əlverişli ictimai davranışları genişləndirə bilmərik.” Qərbdə belə düşünürlər, görən biz necə düşünürük?

Burda əlbəttə son sözü əsasən qadınlarımız deməlidirlər. Onlar isə nəsə demək istəmirlər. Slavoy Jijekin fikirlərindən ilham alaraq qadın məsələsində üç dirəniş formasını və ya mərhələsini görürük ki, Azərbaycan qadın şeiri bir ,ox hallarda nazlana-nazlana onlardan yan keçir. Birinci mərhələ, daxili mərhələdir. Bu mərhələdə qadınlar kişiləri olnların inandığı və savunduğu ailə gələnəklərinə dayanaraq tənqid edirlər: “kişilər! Siz öz üzərinizə götürdüyünüz ailəvi vəzifələrinizə əməl etmirsiniz.” Belə bir tənqidə qurşanmış qadınlar unudurlar ki, kişilər tanınmış vəzifələrinə əməl etmirlərsə, demək sistem çatışmazdır, onun dayaqları zülm üzərində qurulub. İnkinci mərhələdə qadınlar deyirlər biz ailədə başçılığı ələ keçirmək istəmirik, biz indikindən daha artıq güc, imtiyaz və səlahiyyət istəmirik, yalnız kişilərin gücü və üstünlüyündən qıraqda yerləşmiş bir sferanı istəyirik. Elə bir sahə ki, onda mədəni və mənəvi istəklərimizi irəli sürək, maddi mənfətlərimizi qoruyaq, hakim qudrəti tənqid edək, və kişi hökmranlığını devirmədən, onun gücünü müəyyənləşdirib məhdudlaşdıraq. Bu mərhələdə qadınlar kişilərə alternativ axtarmasalar da burda kişilər iddia edə bilərlər ki, qadınların güc qazanmaqdan çəkinmələri yalan və riyakarcasınadır. Qadınlar gerçəkdən güc axtarırlar. Üçüncü mərhələdə hər şey aydınlaşır. Azərbaycan toplumunun təcrübə etmədiyi üçüncü mərhələdə qadınlar daha demirlər: “əllərimiz təmizdir, güc axtarmırıq, ağalıq fikrində deyilik.” Onlar kişilərin tənqidini qəbul edirlər. “kişilər! Bəli biz güc axtarırıq, niyə axtarmayaq ki, sizin göbəyiniz güclə kəsilməyib ki? Məgər ağalıq sizin alnınıza yazılıbmi?”

2

Bilirik qadın sayca toplumun yarısı olaraq onun qırağında yaşayır. Sayına uyğun şəkildə güc quruluşlarından pay götürümür; toplumdaki aparıcı funksiyaları yerinə yetirmir; evdə mətbəx küncünə sıxnaşdırılır; və əlbəttə yeri gələndə ürəkdən sevilir. Ona bağışlanılan bu sevgi də umarsız deyildi. Birincisi, bu sevginin qapazı altında analığa aparan bir yol cizilir. İkincisi isə o, umumiyətlə sevildiyindən beş qat artıq sevir. Bəzən qadının bir ana kimi boyu oxşadıldıqda, nədənsə toplumun “qadın yarım kürəsi”ndə bir aldanış hissi yaranır. Mənə elə gəlir ki, müqəddəs analıq vəzifəsi belə anlarda buyunduruq kimi onun boynuna salınır. Məncə, analıq qadının ləzzət aldığı bir vəzifədir, amma kişilər bu vəzifəni istənilən qədər müqəddəsləşdirəndə, sanki bunu demək istəyirlər: sən otur uşaq doğ, mən toplumu idarə edəcəyəm.

Bəlkə elə buna görə idi ki, femenizmin anası sayılan Simon De Buvar (1896-1980), barışmazcasına ailə qurumuna qarşı çıxırdı. De Buvar qadınların əzilməsində və insanın ictimai haqlarının tapdalanmasında təkcə ailəni başlıca amil kimi qələmə vermirdi, kişilərin üstünlüyünü heyvani bir özəlliyə bağlayırdı: “insanın heyvana üstünlüyü onun həyat bağışlamasında deyil, yaşayışı təhlükəyə sürükləməsindədir. Buna görədir ki, insanlar arasında bu üstünlük tolid mesl edən cinsə deyil, öldürməyi bacaran cinsə verilir”.

Kimlikləri və mədəniyyətləri kişi/qadın qarşılaşması əsasında sahmana salan bir matris [qəlib] var. Bu matrisin başlıca özəlliyi onun tarixə sıranmış erkək söyləmi olduğudur. Buna görə də femenistlər bu matrisi çalıb sındırmaq istəyirlər. Görən bu istəyin elmi və ya fəlsəfi dayağı varmı? De Buvar bunu Ekzistansiyalizmlə əsaslandırırdı. Ekzistansiyalizm məktəbinə görə insanın sabit və dəyişməz kimliyi yoxdur, insan özünü gəlişdirir. Belədirsə qadının daha çox emosional olması və ya kişinin ağıllı olması barədə iddialar nağıldır, boş sözdür. Bu sözlər gələnəklərdən və ictimai normalardan gəlmə uydurmalardır. De Buvar bu baxışdan yaralanaraq qadınları özləri haqda əyri düşüncələrdən çəkindirməyə çalışırdı. Onun gümanınca qadınlar gələnəklərdən gəlmə yanlış önyarğıları silib zibiıqabına tökməlidirlər.

De Buvarın bu istəyi indiyədək doğrulmayıbsa onun bir səbəbi qadından kobud kişi bənzəri yaratmaqdır. Demək burda yalnız kimliklər dəyişir. Kişinin yerini qadın alır, mərkəzin yerini ucqar alır, ucqar özü də yeni mərkəzə çevrilir. Bu ötəri olaraq çox yaxşı çözüm yoludur, amma ədalətsizlik qaynağı olan kişi/qadın qarşı durmasını qoruyub saxlayır. Buna alternativ olaraq Jak Derridanın önərisi vardır. Derrida deyir ki, mərkəzi dağıtmaq təkcə yoldur. Amma bu önəriyə də etirazlar var. Sən demə Derridanın özü də kişi olduğundan kişi xeyrinə mərkəzi dağıtmaq istəyirmiş! Qadınlar belə deyirlər. İndiki qadın mənlik qazanır və uzun sürə apardığı mübarizə sonucunda mərkəzi ələ keçirmək istəyir, dələdüz kişilər həmin mərkəzi dağıdırlar. Bu kişilərin növbəti fırıldağıdır.

O biri yandan bilirk, çağdaş toplumların varlığını çox səslilik amili qoruyub saxlayır. Bu olmadıqda sanki toplum uçurum qırağında sərsəmcəsinə yeriyir. İndi he bir güc, insanları tarix öncəsi susqunluq durumunda idarə etməyə qadir deyil. Və qadın səsinin eşidilməsi, çoxsəslilik deyilən durumun gerçəkləşməsinin başlıca şərtidir. Buna görə, belə bir düşüncənin şeirimizə yayılması çörəkdən də vacibdir. Bir da təkrar edirəm, Şeir tariximiz, başqa xalqlar kimi, bəylərimizin tarixidir. Qadınlar bu meydanda yox dərəcəsindədirlər. Sovet dönəminin hay-küylərinə baxmayaraq, Məhəsti Gəncəvi yaradıcılığının şeirimizə dəxli yoxdur. Heyran xanım və Xorşidbanu Natəvanı da barmaqla saymaq olar. Belə olduqda feministik tənqid, bu kişi hegemonyasınə gedən təkcə yoldur. Amma hələ ki bu yola çıxan qadın qoşunumuz yoxdur. Seyrək çalışmalar var; tək əllər, təkbağıran boğazlar.

Şeirimizdəki kişi əsil anlamında kişi oğlu kişidir. Hətta şeirimizin “Heydərbabaya səlam” kimi köyrək örnəklərində sərt kişi baxışını görürük: Heydərbaba mərd oğullar doğginan. Bu kişi səsidir, biz qadının səsini az eşidirik.

3

İndi başlanğıc mərhələni yaşayan qadın şairlərimizin sayı gözə dəyərdir, amma qadın səsinin toplu şəkildə ucaldığını hələlik aydınca eşidə bilmirik. Bəziləri güman edirlər ki, bu söyləm seks ətrafında baş verən aksiyaların analizi ilə başlanmalıdır. Başqa sözlə, onların gümanınca qadının səsi ilk öncə seks qavramı boğazından ucalsın gərək: misrabaşı dilənən və ya əsirgənən öpücüklər, və ya gələnəklərə ayğırı olaraq öz atası ilə cinsi ilgilidə olmaq. İş də elə burdan korlanır. Mən az çox Freydin yuxuya və cinsi ilgilərə gətirdiyi aydınlıqla tanışam. Ancaq qadına bütünlüklə seks açısından baxıldıqda, heç bir yenilik baş vermir. Demək, biz keçmişin susqunluğuna çağdaş formada qayıdırıq. Dünənki şəhvətin yerini bu günkü seks alır. Dünən onun səsi şah hərəmxanasından gəlirdi, bu gün şair haramxanasından. Amma burası da var ki, bizim bir çox problemlərimiz bu əyri baxışdan qaynaqlanır. Sözdə vətənsevərlik, romantizm, vaxtsız sevgi nağılları, və çürük əxlaqiyyatın şeir misralarında bol-bol gözə çarpması, seksə düzgün yanaşmağı bacarmamağımızdan gəlir. Güneydə bu yasaqdırsa, quzeydə şair gözünü yumaraq bu Haqda ağzına gələni söyləyə bilər ki. Bəs niyə biz ikimizdə bir qapıya çıxırıq? Əlbəttə istisnalar var.

Söz o azadlıqda deyil. Söz bundadır ki, cinsiyyət məsələsi bizim tarixi bilincimizdə toxunulmaz bir tabu olaraq qalır. Biz onun gizli mexanizmini qavraya bilmirik. Biz onun davranışlarımızda fəvəran edən qapalı mahiyyətini Freydin yazdıqlarrına dayanaraq aça bilmirik. Niyotonun fizikdəki, Marksın isə iqtisaddaki inqilabı bizə gəlib çatdısa, Freyd inqilabi gəlib çatmadi. Mən seks deyəndə çılpaqlığı nəzərdə tutmuram. Bütün örtükləri yırtaraq cinsiyyətlə ilgili aksiyaların açıq izahının şeirə dəxli yoxdur. Bu papaq Avropalıların başından çoxdan düşmüşdür. Buna görə də belə bir aksiyaların izahına qurşanmış əsərlər mənim üçün maraqlı deyildi. Ayaz Salayevin “Yarasa” filmində baş verdiyi kimi, bu şeirlərin məzmunu bayaqki papağı bir daha yerdən qaldırıb, başa qoymaq kimi gəlir adama. Doğrudur cinsi tabuları sındırmadan şeirimiz özünə yol açmaqda çətinlik çəkəcək. ancaq altbilincimizdə yatan cinsi motivləri gün qabağına çəkməklə, onlara adınlıq gətirə bilmərik. Onları çürüdərik. Quzeydə seksə belə bir yanaşma, Güneydə çaxır, sigaret, öpücükləri misraları ilə yamsılanır. Sən demə bu sözcüklər olmadan şairin avangard olduğunu tələmtələsik vurğulamaq olmur! Bunun üçün biz başqa yöndən qadın məsələsinə yanaşa bilərik: onun toplumda tutduğu mövqei aspektindən. Burda Günüyli-Quzeyli olaraq bir qapıya çıxırıq. Lakin Güneylə Quzey arasında incə bir fərq var. Bu fərqi açıqlamazdan öncə deməliyəm ki, Güneydəki qadınların hörməti, azadlığı və mutluluq hissi üst-üstə Quzeydən çoxdur. Quzeyli birisi çox güman ki, bunu eşitdikdə qulağı taqqıldayacaq. Amma çadra və başörtüyünə rəğmən belədir. Bu nə ilə bağlıdır? Güneydə kişilərin qadınla davranışı elədir ki, o öz təbii kimliyini hiss edir. Bu təbii kimlik əlbəttə həqiqi kimlik deyil, gələnəkdən gəlmə baxış tərzidir. Lakin kişilərin davranışından dolayı, Quzey qadınlarında belə bir hiss azdır. Baxmayaraq son məqamda bunların ikisi də ayrı-ayrı yollardan bir qapıya çıxırlar: hansı durumun “təbii” və ya “qeyri-təbiyi” olmasını toplumdakı mədəniyyət formalaşdırır. Bunun üçün adı çəkilən təbii özəlliyə başqa bir mədəniyyətin gözüilə baxılırsa, ola bilsin “qeyri-təbiyi” görünsün. Sözümün canı budur: ola bilsin “təbii” adlanan durumu, kişilərin özləri xanımların gözündə təbii cilvələndirmişlər. Bu durumu laxlatmağın bir yolu onu qadınların tənqid süzgəcindən keçirməkdir. Bununla da biz bir daha qadına dönməliyik.

Qadına dönmək deyəndə, qadınla bağlı “mən”in səsini eşitməliyik. Kişili-qadınlı Azərbaycan şeirində “mən”in qıtlığı var. Bunun üçün şeirlərimiz şairlərə bənzəyir, şairlər isə bir-birinə. Səslər anlaşılmaz uzaqlıqlardan gəlmir, qulağımızın dibindən gəlir, şairin boğazından. Qadın adına danışan “mən”lərimiz olsaydı, polifonik şeirlərlə qarşılaşa bilərdik. İstisnaları danmıram, amma şeirimizdə qadın səsi azdır. İyirminci yüzillikdə Nigar Rəfibəyli, Mədinə Gülgün və Həkimə Biliurinin də səsi sərt ideologiya boğazından gəlirdi. Güneydə bu “mən”, səksəninci miladi illərdə bəzi qadın şairimizin dilindən səslənməyə başlamışdı. Amma onların dilindəki çatışmazlıqlar, və Farscadan gəlmə bol-bol deforma imgələr, sözü gedən “mən”in səsini boğurdu. Başqa sözlə, o “mən”in səsi çox vaxt özgün deyildi. Sonrakı şeirlərdə bu “mən” sönükdü, qadın isə yenə də ədəbiyyatın ucqarında qaldı.

Burda söhbət savaddan, yüksək düşüncədən, femenizm fəlsəfəsindən getmir, qadın baxışından gedir. Örnək: 1993-cü ildə ədəbiyyat üzərə nobel mukafatını qazanmış Toni Morrisonun nə Simon De Buvar kimi savadı var, nə də güclü ictimai baxışı. Onda güclü intuisia var. Onun “cənnət” başlıqlı romanının yükü qadınların çiyninə düşür. Bundan da yaxşı belə demək olar: onun yaradıcılığında qadın ucqarda yox, ortada dayanır. Morrisondan soruşanda ki, sənin romanın feministik əsərdirmi, yoxsa yox? “mən heç bir femenistik əsər yazmağa qatlaşmamışam. Mən heç bir pariarxal sistemin hansısa öhdəliyini öz üzərimə götürməmişəm, amma bunu da düşünmürəm ki, kişişahlıq nizami, gərək qadınşahlıq nizami ilə dəyişilsin”, deyir. Buna rəğmən Hemingueyin kitablarında yalnız kişilərin səsini eşidiriksə, Morrisonun əsərlərində qadın səsi daha aydın duyulur. Budur dediyimiz bəsirət. Qadın, onun romanlarının həm ortasında, həm də uc-bucağında hazırdır.

Bir şey hələ də çatışmır: əgər hər bir əsərin ancaq özü, tənqid mövzusudursa, daha yazıçının kişi ya da qadın olduğu ilə nə işimiz var?

Bu sorğuda gerçəklik var. Gözəllik sahəsində aparılan araşdırmalar və söylənilən ədəbi tənqid, yaradıcının özünə deyil, yazının analizinə yönəlsə, işarə etdiyimiz bəhslərin bir çoxu femenistik tənqidlərin sınırından qıraqda qalacaq. Örnəyin, deyilir ki, yaradıcılar kişi olaraq bilərəkdən və ya bilməyərəkdən pariarxal ideologiyanı mətnə sırayırlar. Amma bu baxış yazıçının niyyətinə söykənir. Yazıçının niyyətinə söykənərək tənqidə qatlaşmaq isə bayağı bir üslubdur. Amma bu sözlə femenist tənqidçilərin ağzını bağlamaq olmaz. Çünkü mətnin özünü təhlil edərək sözlərin funksiyalarını, və ya sözcüklərə yüklənmiş ideoloji qavramları üzə çıxarmaq, tənqidin başlıca vəzifələrindəndir. Conatan Kalerin sözü ilə desək, görünür ədəbi mətnlər və onunla bağlı təfsir gələnəkləri, kişi oxucuları nəzərdə tutmuşlar və qadınları kişilər kimi oxumağa məcbur etmişlər; erkək baxışı ilə oxumağa. Femenist tənqidçilər “kişi baxışını normal baxış kimi ədəbi əsərlərə aşılayan ayrı-ayrı strategiyaları” ifşa etmişlər. Onlar buna inanırlar ki, kişi baxışını normal baxış kimi qələmə verən quruluşları öyrənib rədd etmək olduqca yararlı olacaq. Bu isə, ədəbi mətnin oxunuş tərzini – istər qadınlar, istərsə də kişilər üçün – dəyişdirəcək.

4

“Mən” deyəndə nəyi nəzərdə tuturam. Lirik şeirdə, həm tanış, həm də anlaşılmaz bir “mən” səslənir: yaxınlaşdıqca uzaqlaşan bir “mən”. Necə ki, roman və öykünün qəhrəmanı, və ya söyləyəni onun yazıçısı deyil, şair də öz şeirini özü səsləndirmir. Onu yazmağa başqa bir “mən” ya “sözçü” qondarır. Bunu deyəndə yalnız məzmunu nəzərdə tutmuram və şeiri “müəllif niyyəti” adlandırılan cindir prinsipə dayanaraq yozmaq istəmirəm. “Mən” dediyim, şeirin forma və məzmununa bağlı bütün özəlliklərini səsləndirir. Jonathan Callerin gəzəl bir sözü var, şeiri sən oxumursan, başqası oxuyur. İlk baxışda şeir, bir danışıqdır, amma anlaşılmaz bir yerdən baş qaldıran səsin danışığı. Biz ancaq şeirləri söyləyənin başqa bir səs olduğunu təsəvvür etməklə, onları oxuyuruq: yazıçının yaratdığı sözçünün səsi. Bununla da, hər şeirin bir ucunda tarixi fərd kimi şair dayanır, o biri ucunda isə müəyyən sözləri danışan onun səsi. Lirik şeirdə qarşılaşdığımız “mən” şeiri söyləyir. Ola bilsin o, şeiri qoşmuş yazıçıdan tam seçilsin. Qoca bir şairin şeiri, ola bilsin bir gənc “mən”in dilindən səslənsin.

Rilkənin ağıtlarında [mərsiyələrində], Alman insanının səsi eşidilir. Orhan Vəlinin də əlbəttə özünə oxşar bir “mən”i var şeirlərində. Elə bir “mən” ki, ağlayanda şairin özü kimi ağlayır:

Ağlasam səsimi duyarmısınız

Misralarımda,

Toxuna bilərmisiniz

Göz yaşlarıma,

Əllərinizlə?

Bilməzdim mahnıların bu qədər gözəl

Kəlmələrinsə yetərsiz olduğunu

Bu dərdə düşmədən öncə.

Küskün ruhlu Emily Dickenson şeirlərində, həmişə bir vurğun və bəzən şən bir “mən” görürük. Şairin özü ağlayır, “mən”i isə gülür. Görün günəş barəsində necə danışır: dəniz sakinlərinin dəhlizinə əyilir/ damlara əlini sürtür/ tarlanın papağını öpür/ sonra yoxa çıxır gündüzün göz bağlayıcısı. Ədəbi “Laros”da Pul Mari Verlen barədə deyilir: “o, süçlarına göz yaşı ələyərək etiraf edən şairdir. Ən yaxşı şeirlərində sanki şair özü danışır, onun içində bir ruh hayqırmaqdadır. Şair onun sözlərinin qabağını ala bilmir.” Silvia Plathın (1932-1962) qadın səsini hətta bir aslaq kişinin [The Hanging Mən] əhvalatını söylərkən aydınca duyuruq. Heç deyirsən bu qadın, özünü otuz yaşındaykən öldürməyib. Daha maraqlı örnək mayakofskidir, öləndə də “mən”i kimi ölür.

5

Toplumumuzun kişi söyləminə alışqanlığı xəstəlik halına gəlib çıxmışdır. Görəsən toplumun qadın səsini eşitməyə hazırlığı varmi?

Bu hazırlıq yoxdur. Buna görə də bu “mən”in dillənməsi kişilərin yaratdığı boğuntu durumunda, təhlükə qaynağına çevrilərək mətbəx küncünə sıxnaşdırıla bilər. Üstəlik, bu mənin səsini dinləməyə toplumda hazırlıq olmazsa, onun etiraz dalğası qayıdıb qadının öz şürunu, və ruhi tərazlığını dağıda bilər. Adını çəkdiyimiz Silvia Plath, bunun trajik örnəyidir.

Plathın müsibəti bir tənqiddə özünü qabarıq şəkildə göstərir. Bir şeirində o, ərini yumuşaq tənqid edir, şeir isə ərinin senzur sücgəcindən keçmir. Plathın əri Ted Hyuz burda kişişah söyləmin simvolu olaraq kişiyə qarşı olunan tənqidə dözə bilmir.

Plathın şeirlərinə iki bucaqdan baxmaq olar: bir yandan şeirin özünün şeiriyyət dərəcəsinə, o biri yandan şairin niyyətinə. Biz az öncə şeiri şairin niyyətinə dayanaraq yozmasını pislədik, bundan sonra da pisləyəcəyik. Şeir qoşulduğu andan yaradıcısından ayrılaraq bağımsız kimlik qazanır. Şairin kişi/qadınlığından asılı olmayaraq, şeirin daxili insicami, söz düzümü, harmonyası və onun məzmunu ilə formasının dialektikal ilgisi əsərin bədii səviyyəsini müəyyənləşdirir. Demək şairin niyyəti, və şeiri niyə və nəyə görə yazdığı önəmli deyil.

İkinci bucaqdan baxmaq şeiriyyət baxımından önəmli olmasada toplumda qadının statusuna aydınlıq gətirə bilər. Burda özəlliklə Plath şeirinin arxa planına diqqət yetirməyimiz, onun qadınlıq qonumuna və qadınlığından dolayı üzləşdıyi buruşuq ictimayi problemlərə ışıq tutmaq məqsədi daşıyır. Plath şeirinin bacasından baxanda femenizmin canlandırdığı acınacaqlı dururmu görürük: Mətbəx küncünə sıxnaşdırılmış qadını. Atası, əri və İsa peyğəmbər daxil olmaqla bütün kişilərdən nifrət edən Plath, bunları göstərməyə çalışır. Onun gözü ilə baxanda, bəzən kişi sevgisindən dünyanın ən gözəl şeiri baş qaldırsa da, yenə də çatışmaz nəsə qalır. Bunun konkret örnəyəyi Ted Hyuzun “Duru işıq” [Perfect Light] başlıqlı şeiridir. Şeir Tedin Platha vurğunluğunun məhsulu olsa da, şeirə qulaq vermədə faciənin mahiyyətinə vara bilməyəcəyik:

Ordasan, bütün suçsuzluğunla

Nərgizlər arasında oturmuş

Bir şəkil tək.

Ona “məsumiyyət” adı yaraşır.

Duru işıq bənizini parladır

Bir nərgiz kimi

Nərgizlərin arasında bir nərgiz kimi

Sənin yer üzündə son baharın idi bu.

Və qucağında sənin

Oyuncaq ayi kimi

Neçə həftə məsumitətindən ötməmiş körpə oğlan.

Ana və uşaq, qutlu portret sayağı

Yanında oturmuş, üzünə gülən iki yaşında qızın

Nərgiz kimi əyilirsən qulağına nəsə pıçıldamağa

Sözlərin kamerada itir

Bilgi,

Üzərində oturduğun təpədə,

Xəndəqlərlə əhatə olunmuş qalası ilə

Evindən daha böyük təpədə dustaqdır,

Şəkilə düşəmmir

Son at

Sənə doğru geri dönən

Əsgər kimi

Astaca itkin ölkələrdən gəlir

Anlaşılmaz yük altında əyilmiş

Qovuşa bilmir sənə əbəda

Sadəcə durur işıqda əriyib gedir.

Şeir olduqca gözəldir. Özəlliklə şeirin sonlarında Plathın önündə ölümün acizliyi yep-yeni bir biçimdə canlandırılır. Plathın çöhrəsini işıqlandırmış “duru ışıq”da son anın (yəni ölümün) əriyib yoxa çıxması eşitmədiyimiz bir anlayışdır. Silvianın yasında Tedin ürəyi silkələnməsəydi bu misralar kağızın üzərinə sıçraya biməzdi. Amma söz burasındadır ki, Plathi beləcə göylərə qaldırmış Hyuz, həyat yoldaşının xəstəlik aylarında Asiyə Vevil adlı bir qıza vurulmuşdu. Bu vurğunluqdan xəbərsiz olmayan Plath, 1962-ci ildə sıxnaşdırıldığı mətbəxdə intihar etmişdi. Buna diqqət yetirəndə ki, sonralar Asiyə də körpə qızı ilə bir yerdə intihar etmişdi, məncə başqa izaha ehtiyac qalmır.

Plathın öz canına qıyması Türkiyə pop ulduzu Teomanın “ölmək üçün bir gün” adlandırdığı vaxtda baş vermədi. Toplumun ona ayırdığı yeri, örümçək toru kimi başa düşdükdə, yadından çıxdı ki, belində qanadı da vardır. Plath haqqında yazılmış “Benden önce tufan” əsərinin yaradıcısı kimi mən də plathın bir neçə misrasının önündə papağımı başımdan götürürəm:

Büsbütün olur qadın.

Ölü gödəsi

Bacarığın gülümsəməsi ilə süslənmiş.

6

Tarixə cinsiyyət gözilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını. Bunun uzun keçmişi var. Qadın, necə deyərlər, özünün doğal kimliyi ilə tarixin yetirməsidir; qadın varlığına göz yumulmuş kişilərin tarixi. Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi.

Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən işigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimaii görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünü qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət, və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər. Bu göstəriş əxlaqi öyüdlər kimi alınır və Möcüz Şəbistərli onu məndən daha yaxşı söyləyir: “Qazançanı yüz əlli dəfə suya başmaqdansa” peşə öyrənmək gərəkdir, “Əgər ola bir-iki baci belə sənətgər; Xəlas olar kişilərdən təmam orətlər.” Belə anlarda sorğu öz işini görür:

Sən qələm alsan ələ kim təbx edər şorbanı qız

Kim tikər yırtıq-yamağı, doldurar qəlyanı qız?

Amma qadınlar bu göstərişlərə də gülünc önəri kimi baxa bilərlər. Çünki bir yöndən indiki quruluşları dağıtmağa bilim, incəsənət və düşüncə sahəsində səslərini ucaltmaq lazimdir; o biri yöndən isə quruluşlar dağılmadan qadın bu səsləri ucalda bilməyəcək. bu batil bir təsəlsüldür. Qadın bu təsəlsülün dəmir darvazası ilə qarşılaşmamalıdır, yoxsa ayağını toplumdan qırağa çəkəcək. Ərəb şaıiri Nzik ül-məlaikə deyir:

Günlər ötdü

Sevincimdən yüklü günlər

Hardayam mən?

Mən ardıcıl olaraq nərdıvana zillənmişəm

İdi ki pillələr başlanıb

Sonu hardadır görən?

Nərdivanın darvazası ürəyimdə çöllüyə doğru

Və anlaşılmaz zülməti başlanır.

Qadınlar minlər ildir ki, höküm sürməyiblər. Bunda şübhə yoxdur. Onlar tarixdən silinmə uçurumunun qırağında yürüyərək yaşayırlar. Qadın yaşamalıdı, amma təhlükə qılıncının altında. Bu kişiyə gərəklidir. Kişi heç vaxt bu tarixi yenilgiyə son qoymayacaq. Mən bir kişi olaraq bunu yaxşı bilirəm. Kişi nə qədər kişilikdən dəm vursa da, kişilərin ən demokratı, son məqamda öz ürək sözünü utanmazcasına deyəcək. Rəis Blamon qadınlar haqda belə danışır: “Axmaq varlıqlar! Caynağımdaykən on

9

конецформыначалоформыŞeirimiz, qadın şairlərimiz və feminizm

 

Bir çox millətlər kimi, bizim tariximz də kişilərin oylağıdır. Doğrudur, dədə qurqudda, Əsli Kərəmdə və Abbas Gülgəzdə qadın söyləmlərilə qarşılaşırıq. Amma bu ucqardır. Ucqar deyəndə bir daha vurğulamaq istəmirik ki, Ərəblər qız uşaqlarını diri diri basdırırdılar. Bilirik, Hemurabi qanunlarında deyilirdi ki, bir kişi hansısa aristokrat kişinin qızını döyərək öldürsə o kişinin özü yox, qızı öldürülməlidir. Xoşbəxtlikdən bunlar uzaq keçmişlərdə qaldı. İndi bunu demək istəyirik: mərkəz, tarix boyu ardıcıl olaraq kişilərin əlində olmuşdu. Bunun sonucu aydındır. Qadının səsi şeir coğrafiyasından yoxa çıxdıqda, tarixin yarımkürəsini səssizlik bürüyür: qadın yarımkürəsini. Çağdaş girişimlər də bu susqunluğu ona görə poza bilmir ki, qadını topluma aparıcı amil kimi qaytarmırlar. Ona ucqarda dekorativ bir yer ayırırlar.

 

1

Feminizmi, gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtülərdən biridir. Çünkü burda “qadın”dan məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Pariarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindəndirsə, bunu femenist qadınlarda daha artıq görmək olar.

Jak Lakan bundan daha dərinlərə gedir. Lakana görə, dilin iki yönü vardır: onların biri dilin umumi, qayda qanunlu və gramatik quruluşudur; o biri isə bunlardan ibarətdir: sözcüklərlə oynamaq, rövya və anlamların sərbəst çağırışımı [association of ideas]. Bu, dilin bilincatli yönüdür. Dilin qaydalı yönü çalışır ki, bilincaltı yönü əzib basdırsın. O biri yandan, bilincaltı yön də sabit anlamları və gramatikanı laxladıb uçurtmaqla dilin qaydalı yönünü dağıtmağa çalışır. Bu sözlərdən yararlanaraq sözümün canı budur: dilin umumi və qaydalı yönü kişiyana və pariarxallıqcasınadır. O biri yön, dilin qayda qanunlarına qarşı dağıdıcı döyüşü aparır: femenist gerçəklik özünü doğrultmağa və göstərməyə can atır. Şeirin yaranması zəkadan daha artıq bu ikinci yönə bağlıdırsa, onda qadın səsinin şeirdə önəmi bir daha təsdiqlənəcəkdir.

Doğrudur qadın səsinin eşidilməsinin ilkin şərti femenist olmaq deyil. (femenizm anlayışına bağlı bəzi ictimayi axımların ifrata varması, Bir çox qadınları beləcə adlandlrılmaqdan üşündürür.) lakin onların müddəasında ədəbi mətnin yeni bucaqdan oxuşunu üçün ciddi təkliflər var.

Femenizm nə demək istəyir, və şeirimizlə onun başqa hansı ilgiləri var? qadın/kişi cütlüyünün qarşı durması, və bununla ilgili qarşıdurmalar, femenizm axımının mərkəzində durur. Onlar, toplumda kişiyə üstünlük verən quruluşu dağıtmaq istəyirlər. Psixolog və siyasi nəzəriyyəçi Ceyn Fləks yanılmır, “femenist epistemologiyanın vəzifəsi bunu aydınlaşdırmaqdır ki, pariarxallıq həm bizim sənətə və bilimə baxışımıza nufuz etmişdir, həm də sənətlə bilimin obyektiv özəlliklərinə. Dünya barəsində və bu dünyada keçdiyimiz tarix haqqında yaxşıca biliyimiz olmadan, (hətta dünyanı necə öyrənəcəyimizi bilmədən) əlverişli ictimai davranışları genişləndirə bilmərik.” Qərbdə belə düşünürlər, görən biz necə düşünürük?

Burda əlbəttə son sözü əsasən qadınlarımız deməlidirlər. Onlar isə nəsə demək istəmirlər. Slavoy Jijekin fikirlərindən ilham alaraq qadın məsələsində üç dirəniş formasını və ya mərhələsini görürük ki, Azərbaycan qadın şeiri bir ,ox hallarda nazlana-nazlana onlardan yan keçir. Birinci mərhələ, daxili mərhələdir. Bu mərhələdə qadınlar kişiləri olnların inandığı və savunduğu ailə gələnəklərinə dayanaraq tənqid edirlər: “kişilər! Siz öz üzərinizə götürdüyünüz ailəvi vəzifələrinizə əməl etmirsiniz.” Belə bir tənqidə qurşanmış qadınlar unudurlar ki, kişilər tanınmış vəzifələrinə əməl etmirlərsə, demək sistem çatışmazdır, onun dayaqları zülm üzərində qurulub. İnkinci mərhələdə qadınlar deyirlər biz ailədə başçılığı ələ keçirmək istəmirik, biz indikindən daha artıq güc, imtiyaz və səlahiyyət istəmirik, yalnız kişilərin gücü və üstünlüyündən qıraqda yerləşmiş bir sferanı istəyirik. Elə bir sahə ki, onda mədəni və mənəvi istəklərimizi irəli sürək, maddi mənfətlərimizi qoruyaq, hakim qudrəti tənqid edək, və kişi hökmranlığını devirmədən, onun gücünü müəyyənləşdirib məhdudlaşdıraq. Bu mərhələdə qadınlar kişilərə alternativ axtarmasalar da burda kişilər iddia edə bilərlər ki, qadınların güc qazanmaqdan çəkinmələri yalan və riyakarcasınadır. Qadınlar gerçəkdən güc axtarırlar. Üçüncü mərhələdə hər şey aydınlaşır. Azərbaycan toplumunun təcrübə etmədiyi üçüncü mərhələdə qadınlar daha demirlər: “əllərimiz təmizdir, güc axtarmırıq, ağalıq fikrində deyilik.” Onlar kişilərin tənqidini qəbul edirlər. “kişilər! Bəli biz güc axtarırıq, niyə axtarmayaq ki, sizin göbəyiniz güclə kəsilməyib ki? Məgər ağalıq sizin alnınıza yazılıbmi?”

2

Bilirik qadın, sayca toplumun yarısı olaraq onun qırağında yaşayır. Sayına uyğun şəkildə güc quruluşlarından pay götürümür; toplumdaki aparıcı funksiyaları yerinə yetirmir; evdə mətbəx küncünə sıxnaşdırılır; və əlbəttə yeri gələndə ürəkdən sevilir. Ona bağışlanılan bu sevgi də umarsız deyildi. Birincisi, bu sevginin qapazı altında analığa aparan bir yol cizilir. İkincisi isə o, umumiyətlə sevildiyindən beş qat artıq sevir. Bəzən qadının bir ana kimi boyu oxşadıldıqda, nədənsə toplumun “qadın yarım kürəsi”ndə bir aldanış hissi yaranır. Mənə elə gəlir ki, müqəddəs analıq vəzifəsi belə anlarda buyunduruq kimi onun boynuna salınır. Məncə, analıq qadının ləzzət aldığı bir vəzifədir, amma kişilər bu vəzifəni istənilən qədər müqəddəsləşdirəndə, sanki bunu demək istəyirlər: sən otur uşaq doğ, mən toplumu idarə edəcəyəm.

Bəlkə elə buna görə idi ki, femenizmin anası sayılan Simon De Buvar (1896-1980), barışmazcasına ailə qurumuna qarşı çıxırdı. De Buvar qadınların əzilməsində və insanın ictimai haqlarının tapdalanmasında təkcə ailəni başlıca amil kimi qələmə vermirdi, kişilərin üstünlüyünü heyvani bir özəlliyə bağlayırdı: “insanın heyvana üstünlüyü onun həyat bağışlamasında deyil, yaşayışı təhlükəyə sürükləməsindədir. Buna görədir ki, insanlar arasında bu üstünlük tolid mesl edən cinsə deyil, öldürməyi bacaran cinsə verilir”.

Kimlikləri və mədəniyyətləri kişi/qadın qarşılaşması əsasında sahmana salan bir matris [qəlib] var. Bu matrisin başlıca özəlliyi onun tarixə sıranmış erkək söyləmi olduğudur. Buna görə də femenistlər bu matrisi çalıb sındırmaq istəyirlər. Görən bu istəyin elmi və ya fəlsəfi dayağı varmı? De Buvar bunu Ekzistansiyalizmlə əsaslandırırdı. Ekzistansiyalizm məktəbinə görə insanın sabit və dəyişməz kimliyi yoxdur, insan özünü gəlişdirir. Belədirsə qadının daha çox emosional olması və ya kişinin ağıllı olması barədə iddialar nağıldır, boş sözdür. Bu sözlər gələnəklərdən və ictimai normalardan gəlmə uydurmalardır. De Buvar bu baxışdan yaralanaraq qadınları özləri haqda əyri düşüncələrdən çəkindirməyə çalışırdı. Onun gümanınca qadınlar gələnəklərdən gəlmə yanlış önyarğıları silib zibiıqabına tökməlidirlər.

De Buvarın bu istəyi indiyədək doğrulmayıbsa onun bir səbəbi qadından kobud kişi bənzəri yaratmaqdır. Demək burda yalnız kimliklər dəyişir. Kişinin yerini qadın alır, mərkəzin yerini ucqar alır, ucqar özü də yeni mərkəzə çevrilir. Bu ötəri olaraq çox yaxşı çözüm yoludur, amma ədalətsizlik qaynağı olan kişi/qadın qarşı durmasını qoruyub saxlayır. Buna alternativ olaraq Jak Derridanın önərisi vardır. Derrida deyir ki, mərkəzi dağıtmaq təkcə yoldur. Amma bu önəriyə də etirazlar var. Sən demə Derridanın özü də kişi olduğundan kişi xeyrinə mərkəzi dağıtmaq istəyirmiş! Qadınlar belə deyirlər. İndiki qadın mənlik qazanır və uzun sürə apardığı mübarizə sonucunda mərkəzi ələ keçirmək istəyir, dələdüz kişilər həmin mərkəzi dağıdırlar. Bu kişilərin növbəti fırıldağıdır.

O biri yandan bilirk, çağdaş toplumların varlığını çox səslilik amili qoruyub saxlayır. Bu olmadıqda sanki toplum uçurum qırağında sərsəmcəsinə yeriyir. İndi he bir güc, insanları tarix öncəsi susqunluq durumunda idarə etməyə qadir deyil. Və qadın səsinin eşidilməsi, çoxsəslilik deyilən durumun gerçəkləşməsinin başlıca şərtidir. Buna görə, belə bir düşüncənin şeirimizə yayılması çörəkdən də vacibdir. Bir da təkrar edirəm, Şeir tariximiz, başqa xalqlar kimi, bəylərimizin tarixidir. Qadınlar bu meydanda yox dərəcəsindədirlər. Sovet dönəminin hay-küylərinə baxmayaraq, Məhəsti Gəncəvi yaradıcılığının şeirimizə dəxli yoxdur. Heyran xanım və Xorşidbanu Natəvanı da barmaqla saymaq olar. Belə olduqda feministik tənqid, bu kişi hegemonyasınə gedən təkcə yoldur. Amma hələ ki bu yola çıxan qadın qoşunumuz yoxdur. Seyrək çalışmalar var; tək əllər, təkbağıran boğazlar.

Şeirimizdəki kişi əsil anlamında kişi oğlu kişidir. Hətta şeirimizin “Heydərbabaya səlam” kimi köyrək örnəklərində sərt kişi baxışını görürük: Heydərbaba mərd oğullar doğginan. Bu kişi səsidir, biz qadının səsini az eşidirik.

3

İndi başlanğıc mərhələni yaşayan qadın şairlərimizin sayı gözə dəyərdir, amma qadın səsinin toplu şəkildə ucaldığını hələlik aydınca eşidə bilmirik. Bəziləri güman edirlər ki, bu söyləm seks ətrafında baş verən aksiyaların analizi ilə başlanmalıdır. Başqa sözlə, onların gümanınca qadının səsi ilk öncə seks qavramı boğazından ucalsın gərək: misrabaşı dilənən və ya əsirgənən öpücüklər, və ya gələnəklərə ayğırı olaraq öz atası ilə cinsi ilgilidə olmaq. İş də elə burdan korlanır. Mən az çox Freydin yuxuya və cinsi ilgilərə gətirdiyi aydınlıqla tanışam. Ancaq qadına bütünlüklə seks açısından baxıldıqda, heç bir yenilik baş vermir. Demək, biz keçmişin susqunluğuna çağdaş formada qayıdırıq. Dünənki şəhvətin yerini bu günkü seks alır. Dünən onun səsi şah hərəmxanasından gəlirdi, bu gün şair haramxanasından. Amma burası da var ki, bizim bir çox problemlərimiz bu əyri baxışdan qaynaqlanır. Sözdə vətənsevərlik, romantizm, vaxtsız sevgi nağılları, və çürük əxlaqiyyatın şeir misralarında bol-bol gözə çarpması, seksə düzgün yanaşmağı bacarmamağımızdan gəlir. Güneydə bu yasaqdırsa, quzeydə şair gözünü yumaraq bu Haqda ağzına gələni söyləyə bilər ki. Bəs niyə biz ikimizdə bir qapıya çıxırıq? Əlbəttə istisnalar var.

Söz o azadlıqda deyil. Söz bundadır ki, cinsiyyət məsələsi bizim tarixi bilincimizdə toxunulmaz bir tabu olaraq qalır. Biz onun gizli mexanizmini qavraya bilmirik. Biz onun davranışlarımızda fəvəran edən qapalı mahiyyətini Freydin yazdıqlarrına dayanaraq aça bilmirik. Niyotonun fizikdəki, Marksın isə iqtisaddaki inqilabı bizə gəlib çatdısa, Freyd inqilabi gəlib çatmadi. Mən seks deyəndə çılpaqlığı nəzərdə tutmuram. Bütün örtükləri yırtaraq cinsiyyətlə ilgili aksiyaların açıq izahının şeirə dəxli yoxdur. Bu papaq Avropalıların başından çoxdan düşmüşdür. Buna görə də belə bir aksiyaların izahına qurşanmış əsərlər mənim üçün maraqlı deyildi. Ayaz Salayevin “Yarasa” filmində baş verdiyi kimi, bu şeirlərin məzmunu bayaqki papağı bir daha yerdən qaldırıb, başa qoymaq kimi gəlir adama. Doğrudur cinsi tabuları sındırmadan şeirimiz özünə yol açmaqda çətinlik çəkəcək. ancaq altbilincimizdə yatan cinsi motivləri gün qabağına çəkməklə, onlara adınlıq gətirə bilmərik. Onları çürüdərik. Quzeydə seksə belə bir yanaşma, Güneydə çaxır, sigaret, öpücükləri misraları ilə yamsılanır. Sən demə bu sözcüklər olmadan şairin avangard olduğunu tələmtələsik vurğulamaq olmur! Bunun üçün biz başqa yöndən qadın məsələsinə yanaşa bilərik: onun toplumda tutduğu mövqei aspektindən. Burda Günüyli-Quzeyli olaraq bir qapıya çıxırıq. Lakin Güneylə Quzey arasında incə bir fərq var. Bu fərqi açıqlamazdan öncə deməliyəm ki, Güneydəki qadınların hörməti, azadlığı və mutluluq hissi üst-üstə Quzeydən çoxdur. Quzeyli birisi çox güman ki, bunu eşitdikdə qulağı taqqıldayacaq. Amma çadra və başörtüyünə rəğmən belədir. Bu nə ilə bağlıdır? Güneydə kişilərin qadınla davranışı elədir ki, o öz təbii kimliyini hiss edir. Bu təbii kimlik əlbəttə həqiqi kimlik deyil, gələnəkdən gəlmə baxış tərzidir. Lakin kişilərin davranışından dolayı, Quzey qadınlarında belə bir hiss azdır. Baxmayaraq son məqamda bunların ikisi də ayrı-ayrı yollardan bir qapıya çıxırlar: hansı durumun “təbii” və ya “qeyri-təbiyi” olmasını toplumdakı mədəniyyət formalaşdırır. Bunun üçün adı çəkilən təbii özəlliyə başqa bir mədəniyyətin gözüilə baxılırsa, ola bilsin “qeyri-təbiyi” görünsün. Sözümün canı budur: ola bilsin “təbii” adlanan durumu, kişilərin özləri xanımların gözündə təbii cilvələndirmişlər. Bu durumu laxlatmağın bir yolu onu qadınların tənqid süzgəcindən keçirməkdir. Bununla da biz bir daha qadına dönməliyik.

Qadına dönmək deyəndə, qadınla bağlı “mən”in səsini eşitməliyik. Kişili-qadınlı Azərbaycan şeirində “mən”in qıtlığı var. Bunun üçün şeirlərimiz şairlərə bənzəyir, şairlər isə bir-birinə. Səslər anlaşılmaz uzaqlıqlardan gəlmir, qulağımızın dibindən gəlir, şairin boğazından. Qadın adına danışan “mən”lərimiz olsaydı, polifonik şeirlərlə qarşılaşa bilərdik. İstisnaları danmıram, amma şeirimizdə qadın səsi azdır. İyirminci yüzillikdə Nigar Rəfibəyli, Mədinə Gülgün və Həkimə Biliurinin də səsi sərt ideologiya boğazından gəlirdi. Güneydə bu “mən”, səksəninci miladi illərdə bəzi qadın şairimizin dilindən səslənməyə başlamışdı. Amma onların dilindəki çatışmazlıqlar, və Farscadan gəlmə bol-bol deforma imgələr, sözü gedən “mən”in səsini boğurdu. Başqa sözlə, o “mən”in səsi çox vaxt özgün deyildi. Sonrakı şeirlərdə bu “mən” sönükdü, qadın isə yenə də ədəbiyyatın ucqarında qaldı.

Burda söhbət savaddan, yüksək düşüncədən, femenizm fəlsəfəsindən getmir, qadın baxışından gedir. Örnək: 1993-cü ildə ədəbiyyat üzərə nobel mukafatını qazanmış Toni Morrisonun nə Simon De Buvar kimi savadı var, nə də güclü ictimai baxışı. Onda güclü intuisia var. Onun “cənnət” başlıqlı romanının yükü qadınların çiyninə düşür. Bundan da yaxşı belə demək olar: onun yaradıcılığında qadın ucqarda yox, ortada dayanır. Morrisondan soruşanda ki, sənin romanın feministik əsərdirmi, yoxsa yox? “mən heç bir femenistik əsər yazmağa qatlaşmamışam. Mən heç bir pariarxal sistemin hansısa öhdəliyini öz üzərimə götürməmişəm, amma bunu da düşünmürəm ki, kişişahlıq nizami, gərək qadınşahlıq nizami ilə dəyişilsin”, deyir. Buna rəğmən Hemingueyin kitablarında yalnız kişilərin səsini eşidiriksə, Morrisonun əsərlərində qadın səsi daha aydın duyulur. Budur dediyimiz bəsirət. Qadın, onun romanlarının həm ortasında, həm də uc-bucağında hazırdır.

Bir şey hələ də çatışmır: əgər hər bir əsərin ancaq özü, tənqid mövzusudursa, daha yazıçının kişi ya da qadın olduğu ilə nə işimiz var?

Bu sorğuda gerçəklik var. Gözəllik sahəsində aparılan araşdırmalar və söylənilən ədəbi tənqid, yaradıcının özünə deyil, yazının analizinə yönəlsə, işarə etdiyimiz bəhslərin bir çoxu femenistik tənqidlərin sınırından qıraqda qalacaq. Örnəyin, deyilir ki, yaradıcılar kişi olaraq bilərəkdən və ya bilməyərəkdən pariarxal ideologiyanı mətnə sırayırlar. Amma bu baxış yazıçının niyyətinə söykənir. Yazıçının niyyətinə söykənərək tənqidə qatlaşmaq isə bayağı bir üslubdur. Amma bu sözlə femenist tənqidçilərin ağzını bağlamaq olmaz. Çünkü mətnin özünü təhlil edərək sözlərin funksiyalarını, və ya sözcüklərə yüklənmiş ideoloji qavramları üzə çıxarmaq, tənqidin başlıca vəzifələrindəndir. Conatan Kalerin sözü ilə desək, görünür ədəbi mətnlər və onunla bağlı təfsir gələnəkləri, kişi oxucuları nəzərdə tutmuşlar və qadınları kişilər kimi oxumağa məcbur etmişlər; erkək baxışı ilə oxumağa. Femenist tənqidçilər “kişi baxışını normal baxış kimi ədəbi əsərlərə aşılayan ayrı-ayrı strategiyaları” ifşa etmişlər. Onlar buna inanırlar ki, kişi baxışını normal baxış kimi qələmə verən quruluşları öyrənib rədd etmək olduqca yararlı olacaq. Bu isə, ədəbi mətnin oxunuş tərzini – istər qadınlar, istərsə də kişilər üçün – dəyişdirəcək.

4

“Mən” deyəndə nəyi nəzərdə tuturam. Lirik şeirdə, həm tanış, həm də anlaşılmaz bir “mən” səslənir: yaxınlaşdıqca uzaqlaşan bir “mən”. Necə ki, roman və öykünün qəhrəmanı, və ya söyləyəni onun yazıçısı deyil, şair də öz şeirini özü səsləndirmir. Onu yazmağa başqa bir “mən” ya “sözçü” qondarır. Bunu deyəndə yalnız məzmunu nəzərdə tutmuram və şeiri “müəllif niyyəti” adlandırılan cindir prinsipə dayanaraq yozmaq istəmirəm. “Mən” dediyim, şeirin forma və məzmununa bağlı bütün özəlliklərini səsləndirir. Jonathan Callerin gəzəl bir sözü var, şeiri sən oxumursan, başqası oxuyur. İlk baxışda şeir, bir danışıqdır, amma anlaşılmaz bir yerdən baş qaldıran səsin danışığı. Biz ancaq şeirləri söyləyənin başqa bir səs olduğunu təsəvvür etməklə, onları oxuyuruq: yazıçının yaratdığı sözçünün səsi. Bununla da, hər şeirin bir ucunda tarixi fərd kimi şair dayanır, o biri ucunda isə müəyyən sözləri danışan onun səsi. Lirik şeirdə qarşılaşdığımız “mən” şeiri söyləyir. Ola bilsin o, şeiri qoşmuş yazıçıdan tam seçilsin. Qoca bir şairin şeiri, ola bilsin bir gənc “mən”in dilindən səslənsin.

Rilkənin ağıtlarında [mərsiyələrində], Alman insanının səsi eşidilir. Orhan Vəlinin də əlbəttə özünə oxşar bir “mən”i var şeirlərində. Elə bir “mən” ki, ağlayanda şairin özü kimi ağlayır:

Ağlasam səsimi duyarmısınız

Misralarımda,

Toxuna bilərmisiniz

Göz yaşlarıma,

Əllərinizlə?

Bilməzdim mahnıların bu qədər gözəl

Kəlmələrinsə yetərsiz olduğunu

Bu dərdə düşmədən öncə.

Küskün ruhlu Emily Dickenson şeirlərində, həmişə bir vurğun və bəzən şən bir “mən” görürük. Şairin özü ağlayır, “mən”i isə gülür. Görün günəş barəsində necə danışır: dəniz sakinlərinin dəhlizinə əyilir/ damlara əlini sürtür/ tarlanın papağını öpür/ sonra yoxa çıxır gündüzün göz bağlayıcısı. Ədəbi “Laros”da Pul Mari Verlen barədə deyilir: “o, süçlarına göz yaşı ələyərək etiraf edən şairdir. Ən yaxşı şeirlərində sanki şair özü danışır, onun içində bir ruh hayqırmaqdadır. Şair onun sözlərinin qabağını ala bilmir.” Silvia Plathın (1932-1962) qadın səsini hətta bir aslaq kişinin [The Hanging Mən] əhvalatını söylərkən aydınca duyuruq. Heç deyirsən bu qadın, özünü otuz yaşındaykən öldürməyib. Daha maraqlı örnək mayakofskidir, öləndə də “mən”i kimi ölür.

5

Toplumumuzun kişi söyləminə alışqanlığı xəstəlik halına gəlib çıxmışdır. Görəsən toplumun qadın səsini eşitməyə hazırlığı varmi?

Bu hazırlıq yoxdur. Buna görə də bu “mən”in dillənməsi kişilərin yaratdığı boğuntu durumunda, təhlükə qaynağına çevrilərək mətbəx küncünə sıxnaşdırıla bilər. Üstəlik, bu mənin səsini dinləməyə toplumda hazırlıq olmazsa, onun etiraz dalğası qayıdıb qadının öz şürunu, və ruhi tərazlığını dağıda bilər. Adını çəkdiyimiz Silvia Plath, bunun trajik örnəyidir.

Plathın müsibəti bir tənqiddə özünü qabarıq şəkildə göstərir. Bir şeirində o, ərini yumuşaq tənqid edir, şeir isə ərinin senzur sücgəcindən keçmir. Plathın əri Ted Hyuz burda kişişah söyləmin simvolu olaraq kişiyə qarşı olunan tənqidə dözə bilmir.

Plathın şeirlərinə iki bucaqdan baxmaq olar: bir yandan şeirin özünün şeiriyyət dərəcəsinə, o biri yandan şairin niyyətinə. Biz az öncə şeiri şairin niyyətinə dayanaraq yozmasını pislədik, bundan sonra da pisləyəcəyik. Şeir qoşulduğu andan yaradıcısından ayrılaraq bağımsız kimlik qazanır. Şairin kişi/qadınlığından asılı olmayaraq, şeirin daxili insicami, söz düzümü, harmonyası və onun məzmunu ilə formasının dialektikal ilgisi əsərin bədii səviyyəsini müəyyənləşdirir. Demək şairin niyyəti, və şeiri niyə və nəyə görə yazdığı önəmli deyil.

İkinci bucaqdan baxmaq şeiriyyət baxımından önəmli olmasada toplumda qadının statusuna aydınlıq gətirə bilər. Burda özəlliklə Plath şeirinin arxa planına diqqət yetirməyimiz, onun qadınlıq qonumuna və qadınlığından dolayı üzləşdıyi buruşuq ictimayi problemlərə ışıq tutmaq məqsədi daşıyır. Plath şeirinin bacasından baxanda femenizmin canlandırdığı acınacaqlı dururmu görürük: Mətbəx küncünə sıxnaşdırılmış qadını. Atası, əri və İsa peyğəmbər daxil olmaqla bütün kişilərdən nifrət edən Plath, bunları göstərməyə çalışır. Onun gözü ilə baxanda, bəzən kişi sevgisindən dünyanın ən gözəl şeiri baş qaldırsa da, yenə də çatışmaz nəsə qalır. Bunun konkret örnəyəyi Ted Hyuzun “Duru işıq” [Perfect Light] başlıqlı şeiridir. Şeir Tedin Platha vurğunluğunun məhsulu olsa da, şeirə qulaq vermədə faciənin mahiyyətinə vara bilməyəcəyik:

Ordasan, bütün suçsuzluğunla

Nərgizlər arasında oturmuş

Bir şəkil tək.

Ona “məsumiyyət” adı yaraşır.

Duru işıq bənizini parladır

Bir nərgiz kimi

Nərgizlərin arasında bir nərgiz kimi

Sənin yer üzündə son baharın idi bu.

Və qucağında sənin

Oyuncaq ayi kimi

Neçə həftə məsumitətindən ötməmiş körpə oğlan.

Ana və uşaq, qutlu portret sayağı

Yanında oturmuş, üzünə gülən iki yaşında qızın

Nərgiz kimi əyilirsən qulağına nəsə pıçıldamağa

Sözlərin kamerada itir

Bilgi,

Üzərində oturduğun təpədə,

Xəndəqlərlə əhatə olunmuş qalası ilə

Evindən daha böyük təpədə dustaqdır,

Şəkilə düşəmmir

Son at

Sənə doğru geri dönən

Əsgər kimi

Astaca itkin ölkələrdən gəlir

Anlaşılmaz yük altında əyilmiş

Qovuşa bilmir sənə əbəda

Sadəcə durur işıqda əriyib gedir.

Şeir olduqca gözəldir. Özəlliklə şeirin sonlarında Plathın önündə ölümün acizliyi yep-yeni bir biçimdə canlandırılır. Plathın çöhrəsini işıqlandırmış “duru ışıq”da son anın (yəni ölümün) əriyib yoxa çıxması eşitmədiyimiz bir anlayışdır. Silvianın yasında Tedin ürəyi silkələnməsəydi bu misralar kağızın üzərinə sıçraya biməzdi. Amma söz burasındadır ki, Plathi beləcə göylərə qaldırmış Hyuz, həyat yoldaşının xəstəlik aylarında Asiyə Vevil adlı bir qıza vurulmuşdu. Bu vurğunluqdan xəbərsiz olmayan Plath, 1962-ci ildə sıxnaşdırıldığı mətbəxdə intihar etmişdi. Buna diqqət yetirəndə ki, sonralar Asiyə də körpə qızı ilə bir yerdə intihar etmişdi, məncə başqa izaha ehtiyac qalmır.

Plathın öz canına qıyması Türkiyə pop ulduzu Teomanın “ölmək üçün bir gün” adlandırdığı vaxtda baş vermədi. Toplumun ona ayırdığı yeri, örümçək toru kimi başa düşdükdə, yadından çıxdı ki, belində qanadı da vardır. Plath haqqında yazılmış “Benden önce tufan” əsərinin yaradıcısı kimi mən də plathın bir neçə misrasının önündə papağımı başımdan götürürəm:

Büsbütün olur qadın.

Ölü gödəsi

Bacarığın gülümsəməsi ilə süslənmiş.

6

Tarixə cinsiyyət gözilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını. Bunun uzun keçmişi var. Qadın, necə deyərlər, özünün doğal kimliyi ilə tarixin yetirməsidir; qadın varlığına göz yumulmuş kişilərin tarixi. Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi.

Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən işigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimaii görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünü qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət, və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər. Bu göstəriş əxlaqi öyüdlər kimi alınır və Möcüz Şəbistərli onu məndən daha yaxşı söyləyir: “Qazançanı yüz əlli dəfə suya başmaqdansa” peşə öyrənmək gərəkdir, “Əgər ola bir-iki baci belə sənətgər; Xəlas olar kişilərdən təmam orətlər.” Belə anlarda sorğu öz işini görür:

Sən qələm alsan ələ kim təbx edər şorbanı qız

Kim tikər yırtıq-yamağı, doldurar qəlyanı qız?

Amma qadınlar bu göstərişlərə də gülünc önəri kimi baxa bilərlər. Çünki bir yöndən indiki quruluşları dağıtmağa bilim, incəsənət və düşüncə sahəsində səslərini ucaltmaq lazimdir; o biri yöndən isə quruluşlar dağılmadan qadın bu səsləri ucalda bilməyəcək. bu batil bir təsəlsüldür. Qadın bu təsəlsülün dəmir darvazası ilə qarşılaşmamalıdır, yoxsa ayağını toplumdan qırağa çəkəcək. Ərəb şaıiri Nzik ül-məlaikə deyir:

Günlər ötdü

Sevincimdən yüklü günlər

Hardayam mən?

Mən ardıcıl olaraq nərdıvana zillənmişəm

İdi ki pillələr başlanıb

Sonu hardadır görən?

Nərdivanın darvazası ürəyimdə çöllüyə doğru

Və anlaşılmaz zülməti başlanır.

Qadınlar minlər ildir ki, höküm sürməyiblər. Bunda şübhə yoxdur. Onlar tarixdən silinmə uçurumunun qırağında yürüyərək yaşayırlar. Qadın yaşamalıdı, amma təhlükə qılıncının altında. Bu kişiyə gərəklidir. Kişi heç vaxt bu tarixi yenilgiyə son qoymayacaq. Mən bir kişi olaraq bunu yaxşı bilirəm. Kişi nə qədər kişilikdən dəm vursa da, kişilərin ən demokratı, son məqamda öz ürək sözünü utanmazcasına deyəcək. Rəis Blamon qadınlar haqda belə danışır: “Axmaq varlıqlar! Caynağımdaykən onların əl-ayaq çalmalarını yaman sevirəm. Onlar aslanın ağzındakı quzu kimidirlər. – O artırır – bu, bir şəhəri fəth etmək kimi işdir. Siz öncə düşərgənizi döyüş meydanlarına baxan ucalıqlarda qurusunz, sonra heç bir dirənişdən üşünmədən yürüşə başlayırsınız.” Yararheyvan yerə qapanır, yırtıcı ovçuları özünə sari çəkir. Özünün bədbəxtliyini anlayan varlığın yenilgisi, ovçuya (yəni kişiyə) ən duru ləzzəti bağışlayır, qadına isə ən dərin nifrəti.

İkinci cahan savaşından sonraki illərdə Andre Bretonun əsərlərində qadın tam və yüksək bir önəm qazanır. O, öz yazılarında insanlara nəcat bağışlayan İsadan üz dpndərib, bəşərin ən təhlükəli problemlərinin çözümünü sevgidən diləyir. Bpeton deyir: “kişi düşüncəsi sıxıntı və əzabdan başqa hansı töhfəni uyğarlığımıza ərməğan etmişdir. Öndərliyi qadınlara tapşırmanın vaxtı gəlib çatmışdır.

ların əl-ayaq çalmalarını yaman sevirəm. Onlar aslanın ağzındakı quzu kimidirlər. – O artırır – bu, bir şəhəri fəth etmək kimi işdir. Siz öncə düşərgənizi döyüş meydanlarına baxan ucalıqlarda qurusunz, sonra heç bir dirənişdən üşünmədən yürüşə başlayırsınız.” Yararheyvan yerə qapanır, yırtıcı ovçuları özünə sari çəkir. Özünün bədbəxtliyini anlayan varlığın yenilgisi, ovçuya (yəni kişiyə) ən duru ləzzəti bağışlayır, qadına isə ən dərin nifrəti.

İkinci cahan savaşından sonraki illərdə Andre Bretonun əsərlərində qadın tam və yüksək bir önəm qazanır. O, öz yazılarında insanlara nəcat bağışlayan İsadan üz dpndərib, bəşərin ən təhlükəli problemlərinin çözümünü sevgidən diləyir. Bpeton deyir: “kişi düşüncəsi sıxıntı və əzabdan başqa hansı töhfəni uyğarlığımıza ərməğan etmişdir. Öndərliyi qadınlara tapşırmanın vaxtı gəlib çatmışdır.

2006.6.3

POSTMODERNİZM VƏ ARXADAN ATILAN DAŞ | EYVAZ TAHA

postmodernism1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra “postmodernizm” sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim və düşüncə sahələrinə sırımış bu terminlə maraqlanmağımız, irəliləyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlanğıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern, yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddia tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir.

2- Beş nəhəng düşünər, “Hüserl, Marks, Nitşe, Freyd və Haydeger”i anlamadan postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarla qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel Fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qarmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları “aydınlamanın dialektıası” (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər.
3- Bayaq dedim, postmodernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü Azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdır, başlıca göstəricisi isə Mişel Fukonun “Müəllif nədir?” və Rolan Bartın “Müəllifin ölümü” başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş səhvlər bizi düşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlərlə özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına batanı söyləyənlərdən gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə yiyələnməyə can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi axarından çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: Zahirdə duyğusallıqla döyüşən duyğusallığın. Stanislav Andreski deyir: “Şəffaf və məntiqi düşüncə bilginin artmasına gətirib çıxarır (Elmin gəlişməsi bunun ən yaxşı örnəyidir). Bilginin artması isə gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi heç bir yerə aparıb çxarmır. Ona uzun sürə meydan verirsək, yenə də heç bir etki bağışlamayacaq.”
4- Doğrudur, postmodernizm ağılın klassik anlamına inanmır, ciddi və saray sənətinə istehza gözü ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan toplumunda yayğın olan və klassik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri müqayisəsində görürsən ki, klassik ağılçılıq ideoloji mahiyyət daşıyaraq nə qədər xülyalarda yaşayır. Elə bir filosof “liberalizm” deyə, kəsik baş kimi deyinərək gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. Əvəzində Bart kimi bir düşünər hətta günaşırı yediyimiz yeməklərcə bizə yaxınlaşır. Onun yeməklərin quruluşuna göz qoyması təsadüfi deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki bu anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu İrigari deyəndə ki, “Nitşe özünü (egonu) hər an partlayacaq atom çəyirdəyi timsalında görürdü,” çoxları pıqqılti ilə gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil.
5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard Rorti və Yürgen Habermasda görürəm. Bilirəm romantizm ağlağan insani quruluşçuluq qəbristanlığında gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) də onun xaçında çarmıxa çəkildi. Başqa sözlə, tarixi irəli sürüyən insan, toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. Mişel Fuko zehnimizi barlandırmaq istəyirdi, bizi “həqiqəti qondaran güc” və “bağmsızlığımızı hədələyən ideologiya” önündə gülləbatmaz etməyə çalışirdı. Lakin hərdən şaşıram ki, o böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? Məcazi həqiqət (hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə bənzəyəcək.
6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında postmodernizm barəsində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim “Cahan” dərgəsində yer alıb. O zaman bu məqalə vaxtından daha ertə işıq üzü gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz və gizli ilgilərdə bulunan bu əsərlər çağdaş bir axımla tanışlıq imkanını əlimizdən aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan “Nekroloq” romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun da adını çəkərəm.
Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb praktik baxımdan ağır sənaye mərhələsindən (yəni modernizmdən) yüngül informasiya və bilgisayar mərhəsinə (yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır.

7- Vaxtı itirsək də çıxılmaz yolda deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaqkönüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayacaq. Ancaq postmodernizm kimi geniş, çox şaxəli, dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq.