QILINC DÖYÜŞÜNDƏN QƏLƏM SAVAŞINA
Eyvaz TAHA
Mədəniyyətlərin başlanğıc nöqtəsi bir iki deyil. Mədiniyyətlər danışıqdan yazıya keçərkən başlandı, bir də fiziki savaşlardan düşüncə dartışmalarına. İnsan düşüncə müharibəsini, fiziki savaşlara qarşı qondardı. Başqa sözlə qanlı toqquşmarı qismən də olsa düşüncə dartışmarı ilə əvəz etdi. Bəşər artıq ağıl yüklü sözlər (logos) vasitəsi ilə döyüşə döyüşə savaşın fiziki sahələrini daraltmağa başladı. Bundan məqsəd fiziki savaşların bütünlüklə aradan qaldırıması deyildi, söhbət paralellikdən gedirdi. Söz burasındadır: qılınc-qələm çarpışmasında heç olmasa qələm də qılınc qədər tale yüklü olmuşdur. Demək getdikcə yaba yerinə qələmlə problemləri çözmək də mümkün olmuşdu.
Bilirəm qılınc-qələm haqqında yazmaq həmişə özü ilə bir növ romantıka daşıyır. Bunun nədəni bir yandan qılıncın üstün mövqeindən gəlir, o biri yandan isə belə bir çarpışmalara son qoymaq imkanının yoxluğundan. Imkansızlıq aləmində isə bəşərin xolyalara qapılmaqdan başqa yolu qalmır.
Bunu da bilirəm ki, qələmin önəmini olduğundan artıq qabartmaq bşaımız üstündə dayanmış güc qılıncının faciəvi mahiyyətinə göz yummaq bahasına başa gələ bilər. Bu da başqa bir romantıkadır. Amma qərbi avrupada yaşayan 72 millət arasında ötən 62 ildə heş bir müharibə baş verməyibsə demək hardasa ağıl çəkişməsi və söz güləşdirməsi, at oynatmaq və atom bombası yağdırmağın yerini alıb.
mən belə düşünürəm: soyuq savaş "söz və düşüncə" savaşı idi. Bombalar susdular, ağızlar danışdılar. Ağızlar ürəklərdəki niyyətləri gizləsər də son məqamda savaş yüklü niyyətlər gerçəkləşmədi. Çünki niyyətlərin yükünü hərbi tarazlığı qoruyan sözlər daşıyırdı: siyasi müraciətlərdə, başçıların odlu çıxışlarında, bilgi aracları ilə ötürülən xəbərlərdə, kino filmləri ilə görücülərə aşılanan göstərgələrdə, və musiqi notlarında gizlənən və ya deyinən sözlər.
Bu xırdaca tapıntı deyildi. Savaşların qəlpələri ABŞ, Kanada və qərbi avrupadan yan keçərək üçüncü dünya ölkələrinə öterüldüsə, bunun nədənlərinin hamısı kapitalistlərin fırıldağı deyildi, Üüncü dünyanın söz mədəniyytinə daxil olmamasındaydı. Əfqanistana Ruslar da, Amerikalılar da gəlməsəydilər yenə də qəbilələrin toqquşması qaçılmaz idi. Keçmiş dünyada da belə idi. Döyüş meydanlarında söylənən rəcəzlər, arxa cəbhədə hökmranlar arsında gedib gələn məktubar savaşları əvəz etmirdi, müharibələrin başlanğıc nöqtəsi idi. Osmanlılarla Səfəvilərin yazışmaları belə deyildimi?
Bunu da düşünürəm: son məqamda söz yumruğu əvəz edə bilər, amma hələlik belə deyil. Bütün hayküylərə baxmayaraq hələ də uyğarlıq və vəşiliyin sınırları bəlli deyil. Başqa sözlə desək, söz-yumruq dəyişkənliyi bizim ideyallarımızdan doğan ağ yalandır. Belə olmasaydı Valter Benyamin deməzdi: "Əlimizdə uyğarlığın heş bir bəlgəsi yoxdur ki, ununla yanaşı vəhşilik bəlgəsi olmasın!" Çağdaş dünyada söz-yumruq çarpışmasından daha böyük nigərançılığımız var: Çağdaş ağılın mexanizmi ağıla qarşı döyüşür.
(bu barədə gələcəkdə danışacağıq)
















