تبليغاتX
www.eyvaz.org - Azərbaycan toplumu və düşüncə afətləri: 6

www.eyvaz.org

www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.com www.eyvaz.org

POSTMODERNİZM VƏ ARXADAN ATİLAN DAŞ

Eyvaz TAHA

 

1-İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlağıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir.

2- Beş nəhəng düşünər, "Hüserl, Marks, Nitşe, Freyd və Haydeger"i anlamadan postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarala qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigarey

, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qrmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları "aydınlamanın dialektıası" (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər.

3- Bayaq dedim post modernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdı, başlıca göstəricisi isə mişel fukonun "Müəllif nədir?" və Rolan Bartın "Müəllifin ölümü" başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş səhvlər bizi üşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlələ özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına batanı söyləyənlərdən gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə yiyələnməyə can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi axarından çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: Zahirdə duyğusallıqla döyüşən duyğusallın. İstanislav Andreski deyir: "Şəffaf və məntiqi düşüncə bilginin artmasına gətirib çıxarır. (elmin gəlişməsi bunun ən yaxşı örnəyidir.) bilginin artması isə gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi heç bir yerə aparıb çxarmır. Ona uzun sürə meydan verirsək yenə də heç bir etki bağışlamayacaq."

4- Doğrudur, postmodernizm ağılın klasik anlamına inanmır, ciddi və saray sənətinə istehza gözü ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan toplumunda yayğın olan və klasik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri müqayisəsində görürsənki klasik ağılçılıq ideoloji mahiyyət daşıyaraq nə qədər xolyalarda yaşayır. Elə bir filosof "liberalizm" deyə, kəsik baş kimi deyinərək gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. əvəzində Bart kimi bir düşünər hətta günaşıra yediyimiz yeməklərcə bizə yaxınlaşır.Unun yeməklərin quruluşuna göz qoyması təsadefi deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki bu anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lus İrigarey deyəndə ki, "Nitşe özünü (egonu) hər an partlayacaq atom çəkirdəyi timsalında görürdü," çoxları pıqqılti ilə gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil.

5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard Rorti və Yürgen Habermasda görürəm. Bilirəm romantizmin ağlağan insanı quruluşçuluğun qəbristanlığında gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) də onun xaçında çarmıxa çkildi. Başqa sözlə, tarixi irəli sürüyən insan, toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. Mişel Fuko zehnimizi barlandırmaq istəyirdi, bizi "həqiqəti qondaran güc" və "bağmsızlığımızı hədələyən ideologiya" önündə güllə batmaz etmayə çalışirdı. Lakin hərdən şaşıram ki, o böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? Məcazi həqiqət (hypereality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə bənzəyəcək.

6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında postmodernizm baresində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim Cahan dərgisində yer alıb. O zaman bu məqalə vaxstından daha erkən işıq üzü gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz və gizli ilgilərdə! bulunan bu əsərlər çağdaş bir axımla tanışlıq imkanını əlimizdən aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan "Nekroloq" romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun da adını çəkərəm.

Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodeernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb pratik baxımdan ağır sənaye mərhəsindən (yəni modernizmdən) yüngül informasia və bilgisayar mərhəsinə (yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır. Açığını deyim: cəhlə etiraf etməyin qorxusu bizi pis günə qoya bilər.

7- vaxtı itirsək də çıxılmaz yoldsa deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaq könüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayaca. Ancaq postmodernizm kimi geniş, çox şaxəli, dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq, və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq.

Bu material E. TAHAnın çapa hazırladığı "Azərbaycan toplumu və düşüncə afətləri" başlıqlı kitabından qıssaldaraq alınmışdır. Sadələşdirilmiş bu yazıda müəllif postmodernizm barədə danışmaq istəmir, onunla ilgili yanlışlıqları açıqlamağa çalışır.

                  

+ YAZILMIŞDIR  Tue 25 Sep 2007SAAT 21:36     | 


LATİN ƏLİFBASINDA YAZILAR | KİMLİK | E-Mail| ARXİV| YAZILARIN BAŞLIĞI| ANA YARPAQ|
● Bir grup öyrəncilərə bağlı bu internet düşərgəsi azərbaycanlı yazıçı
və düşünər EYVAZ TAHAnın yazılarını yayır.
● Düşərgədə gedən yazılara görə sayın müəllifdən icazəli olsaq da bütün
texiniki çatışmazlıqların mısuliyyıti bizim üzərimizə düşür.
● BU İNTRNET DÜŞƏRGƏSİNDƏN GÖTÜRÜLMÜŞ YAZILARIN QAYNAĞI MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR.
● Bizim E-mail ünvanımız: yarpaqnews@gmail.com
● Yazarın E-mail ünvanı: eyvaztaha@gmail.com
© Bütün hüquqları qorunur və düşərgə sahibinə məxsusdur.