Bəşər həmişə "anlam" mələyi ilə qol-boyun yaşayıb. Anlamı olmayan
və ya anlaşılmaz olan olan fenomenlərdən isə hürküb, qorxub. O həmişə güman edib
ki, fenomendə, mətndə, sözdə, sənət əsərində, mükəmməl və kəskin bir məna var.
Derrida bu təsəvvürü dağıdır. O, əlbəttə, hər bir mümkün anlama qarşı çıxmır və
ya tam anlamsızlığı müdafiə etmir, anlaşılmaz, qaranlıq, dağınıq, yarımçıq və
iç-içə mənaların axtarışına çağırır.
Strukturalistlər "işarə"lər [sign] barəsində
deyirlər ki, işarələrin anlamı aydın deyildir, hər bir işarənin anlamını o biri
işarə ilə anlamaq olar, yaşıl çırağın təkbaşına anlamı yoxdur, qırmızı çırağın
yanında anlam qazanır. Derrida'nın sözüylə desək, «yazı çalışır ki, özünü mənanın
bütövlük nöqtəsində (dustaq olmaqdan) qorusun. Anlamsızlıq təhlükəsini qəbul
etmək bir növ oyun çıxarmaqdır ki, hər bir əsas sözcüyün, hər bir əsas qavramın
və hər bir əsas ibarətin xülasəedici və hakim fakta çevrilməsinə mane olur».
Demək, mətndə yaranmiş fərqliliklər və uçurumlar,
tanrıcıq sayağı varlığını qoruyan bir mərkəzin hüzurundan onu amanda saxlayır.
Bu məsələni sadələşdirmək istəsək, dildəki sözcüklərdən yardım ala bilərik. Hər
sözcüyün mənasını qavramaqda həmişə gecikmə baş verir və nəhayətdə anlam
yarımçıq qalır. Çünki hər bir sözcüyün anlamı başqa sözcükdədir, o başqasınınkı
da başqasındadır. Beləliklə son anlama və ya ilkin həqiqətə çatmaq olmur. Bu
silsilə, zəncirvari baş alıb getdikcə, sanki anlam da gizlənə-gizlənə geri çəkilir.
Sanki anlamın önünə asılmış hər bir örtüyü yana vurduqda başqa bir örtüklə
qarşılaşırıq və yalnız anlamın kölgəsini arxadakı örtükdə görürük. Görəsən bu kölgə
anlama aiddirmi?! Görəsən son örtüyü arxasında anlam varmı?
Bununla da həm məna dağılır, həm də mənanın söykəndiyi
başlanğıc mifi. Bu nə deməkdir? Derrida başda olmaqla postmodernistlər əsasən
ilk nöqtə, ilkin həqiqət və birinci mənanın qaynaqlandığı bulağa qaramsar [bədbin]
baxırlar. "Başlanğıc" nə deməkdir?
Lavrens Kehun'un nəzərincə, başlanğıc istənilən nəsnənin
qaynağının qavramıdır: rasional araşdırmaların amacı kimi nəzərdə tutulmuş nəsnə.
Başlanğıcı axtarmaq, fenomenlərin arxasını görməyə boş yerə çalışmaq və ya
onların son fundamentini müşahidə etməyə can atmaqdır. "Ego" ilə
bağlı modern fəlsəfələrin (Ekzistensializm, Psixoanaliz, Fenomenologiya və hətta
Marksizmin) başlıca məqsədi eqonun qaynağını axtarmaq, orijinallığa çatmaqdır.
Postmodernizm belə bir imkanı hiddətlə danır; reallıqlara şübhə ilə baxır; və
ya onların vücudunu inkar edir. Postmodernizm fenomen pərdəsi arxasındakı dərin
gerçəkliklərin qaynaq və bulağına yenidən gedib çatmağı absurd sanır. Hətta
onları yenidən göstərməyə qayıtmağı gərəksiz adlandırır. Vaxtaşırı eşitdiyimiz
"hər müəllif ölü bir müəllifdir", qaynaq [origin] inkarının təzahürüdür.
Çünki müəllifin niyyətinə söykənməklə hansısa mətnin anlamını təhəkkümmi surətdə
aydınlatmaq olmaz. Müəllifin niyyəti mətnin idrakında başqa faktorlardan daha
böyük rol oynamır. Müəllifin niyyəti mətnin mənşəyi deyil.