تبليغاتX
www.eyvaz.org - "Şeir varlığın evidir"kitabında parçalar

TOTALİTAR DÜNŞÜNCƏ TƏRZİ VƏ ŞEİRİN ÜSTÜNLÜYÜ

Eyvaz TAHA

 Ümumiyyətdə ədəbiyyatmızda şeir nəsrə üstündür, xüsusiylə Güneydə şeir var, nəsr yoxdur. Bunun səbəbi nədir? Şeirimizin nəsrə üstünlüyü üç mülahizə ilə qarşılaşdırır bizi: biri tarixi geriliyimiz, o birisi şeirin təksəsli (monofonic) mahiyyəti, üçüncüsü isə dilin özülündə şeirin dayanması. 

Öncə ikinci mülahizəni açıqlayıram. Şeirə rəğmən, nəsr, özəlliklə roman, şübhə balasıdır. Buna görə də, nə keçmiş özbaşına hökümətlərdə, nə də çağdaş tutaliter rejimlərdə roman yarana bilməzdi. Yarana bilsəydi də ölərdi. Roman əsasən insan yaşamındaki ibham və nəsəbiliyə köklənir. Nə sərt əxlaqiyyatı ortaya qoyur, nə də ideologiyanın qızışdırdığı girişimləri açıqlaya bilir. Doğrudur, hər ədəbi əsərin kökləri ideologiya çirkabından qıdalanır, amma ideologiyanın kölgəsi romanın üzərinə düşürsə, bədiyiliyini itirir. Totaliter hökümət insanları sadələşdirir, düşüncələri eyniləşdirir; amma romanın yazıçısı düşündükcə, insan ruhunun gizli dəhlizlərində [labirentində] gəzintiyə aparır bizi. Hətta Don Kixot kimi axmaq bir varlıq da köklənmiş oyuncaq kimi alın yazısının düm-düz cadəsində yürümür.


Don Kixot düşünür, yıxılır, durur, yaşamın qarmaqarışıq cığırlarında öz başına fırlanır. Sonluqda nə təkcə kaynatın anlamı, bəlkə öz öznəsinin (subyektinin) gerçəkliyi də onun caynağından uçub gedir. Diktatorun birə endirdiyi insanı, roman minə qaldırır. Milan Kondranın fikrincə, romanda həmişə insan varlığının qaranlıq qatlarına ışıq tutulur, ya da tutulmalıdır. 

Bu haqda əsas sözü Mixail Baxtin deyir. Ortaçağın poetikasında vahid bir dilin yardımı ilə özünü doğruldan mərkəzçi bir söyləm [Discourse] ilə qarşılaşırıq. Ortaçağda fəlsəfə və dinin dili latin dili olur. Demək təkcə latin dili həqiqəti göstərə bilər. Bunun üçün, bir dil ya bir dialekt başqa dillərdən daha artıq doğma qarşılanır və ya hansısa dilin xeyrinə aradan aparılır; yalnız gerçək təsəvvür olunan o bircə dil tədris olunur; qeyri Avrupalılar güclə həmin vahid dilə tabe edilir; və bir çox dilləri bircə dildə birləşdirən Hind-Avrupa dilçiliyi yaranır. Bunların hamısı təksəsliliyə aparıb çıxarır. Belə bir baxış, nəsrin, özəlliklə romanın, neçə dilli və çoxsəsli (polyphonic) mahiyyətini dərk edə bilməzdi; şeirin təksəsli dünyasını qavraya bilərdi. 

Mərkəzçi güclər öz qarnında şeirin çeşidli janrlarını becərirdi. Roman əski zamanlarda yarana bilməzdi. Roman çeşidli və bəlkə ziddiyyətli səslərin kəsişdiyi yollar ayrıcıdır. Roman elə bir zaman baş qaldıra bilər ki, dil öz mütləq mahiyyətini itirsin. Renessansda neçə-neçə dil, Latın dilinin yerini alır, roman yaranır. Öncə şeirdə bir "mən" danışırdı, indi romanda neçə "mən" danışır. Bakxin bu çoxsəsliliyi "Dostayevskinin poetikasının problemləri" başlıqlı önəmli əsərində (M. Qocayevin tərcüməsi ilə) belə açıqlayır: 

"Ədəbi-tənqidi fikir üçün, Dostayevskinin yaradıcılığı bir sıra müstəqil, bir-biri ilə ziddiyyət təşkil edən və onun qəhrəmanları tərəfindən müdafiə olunan fəlsəfi mühakimələrə parçalanmışdır. Onların arasında müəllifin özünün fəlsəfi görüşləri heç də birinci yerdə durmur... Dostayevskinin öz səsi bu və ya digər qəhrəmanın səsinə qovuşur, başqaları üçün müəllifin səsi bütün bu ideoloji səslərin özünə məxsus sintezidir. Nəhayət, üçüncülər üçün bu səs sadəcə olaraq qəhrəmanların səsləri tərəfindən batirilir." 

Birinci və üçüncü baxışa gəldikdə bunları deyə bilərəm: ədəbiyyat, şeirlə nəsrdən uluşur. Buna görə, təkcə şeir yazılırsa, demək, toplum geri qalıb; amma şeirsiz də dil olmur. Mənim sözümdəki bu ziddiyyət, şeirin ruhunda yatan paradoksdan gəlir. Şeir dildən öncə gəlir və nəsr dildən sonra. Thomas S. Eliot'un bəsirətini şeirin gələcək alınyazısından anlamaq olar. O iyirminci əsrin başlanğıcında demişdir: "bədiyi fikir şeiri arxada qoymasa, heç bir dərinliyə, bütövlüyə, çiçəklənməyə gəlib çıxa bilməz." ədəbiyyatın iyirminci yüzillikdəki alınyazısı sözlərimin aydın bəlgəsidir. Axi şeir 20-ci yüz illikdə nəsrə yenildi. 

Belə çıxır ki, biz hələ də şeir dönəmini yaşayırıqsa geridə qalmışıq. Mən hansı anlamda nəsrin yoxluğunu tarixi durğunluğumuza bağlayıram? Bu sonuca, səbəb kimi də baxa bilərik: bizdəki ictimayi gerilik, ancaq şeirə meydan verir, nəsrə yox. Cəmil Meriçin bu haqda çox sərt danışır. Hər bir ölkədə nə qədər şair çoxsa, o ölkə düşüncə baxımından geridir. İnsanlar və millətlər yaşlandıqca nəsrə keçər. Düşüncəsi hələ pozitivləşməmiş mədəniyyətlərdə nəsr çox ağır irəliləyər. Bu doğrudur 18-ci yüzilliyin Fransasında şeir susdu, həqiqətin sərt səsi danışmağa başladı; şübhənin harayı və ağılın bağırtısı eşidildi. O çağda insanlıq aydınlığa möhtac idi, mübhəmdən qaçırdı. Şeirin anlaşılmazlığından nəsrin aydınlığına qaçırdı. Sonra Napoleon gəldi. Onun savaşları isə, qandan bir arx içində doğan tarix və yenidən başlayan şeir. 

Bizdə də belə oldu. Ondoqquzuncu yüzilliyin ikinci yarısı, iyirminci əsrin ilkin illərinə baxın. Bu, bizim aydınlanma [məarifçilik] dönəmimizdir. Çarizmin laxladığı çağda, nəsr ayaq tutub yeriməyə başladı. Azərbaycan türkcəsi dəstan, nağıl, və qəzəl dilindən uzaqlaşaraq dünyanın gəlişmiş dilləri sırasına çıxdı. Bədii nəsrin azlığına baxmayaraq "Əkinçi" qəzetindən başlayaraq sovet dönəminədək çıxan Həyat, Fiyuzat, İrşad, Təzə həyat, Tərəqqi, İttifaq, Mollanəsreddin, Bəsirət və Azərbaycan adlı qəzetlər və dərgilərdə gedən yazılar nəsr inqilabının göstəricisi idi. Nəsrin yolunu isə bunlar açdı: Əli Bəy Hüseynzadə, İsmayıl Gaspirali, Bəkir Çobanzadə, Həsənbəy Zərdabi, Cəlil Məmədquluzadə, Məhəmməd Əmin Rəsulzadə və sairə. Hətta Mirzə Əli Əkbər Sabir kimi şairin əsərləri də nəsr mədəniyyətinə söykənirdi: onun şeirinin məzmunları şeirə yox, nəsrə aididi. Sonra Müsavat höküməti devrildi, Azərbaycan insanı Stalin diktatorluğunda yenə də şeirə sığındı. Anadolu türklərinə gəldikdə, Meriç deyir ki, "düşüncə dünyamızın ən böyük fatehi Namiq Kamal ilə Şinasi (1826-1871) bir yana, bizdə nəsr yox. Bir Əhməd Haşim, bir Yahya Kamal və bir Nazim Hekmət qarşısında sadəcə qəzet nəsrimiz var." Meriçə rəğmən Şəmseddin Samini də o iki nəfərə artırmaq gərəkir. Doğrudur Namiq Kamalın "İntibah" (1876) və "Cəzmi" adlı romanları var, amma Şəmseddin Saminin "Təşşüq-i tələt və fitnə" (1872) başlıqlı romanını türk ədəbiyyat tarixində unutmaq olmaz. Cəmil onu unudur, çünkü roman xalq dastanlarımıza bənzər biçimdə yazılır: Tələt uşaqlıqda atasını itirir, anasının qayğısı ilə böyüyür, gənc olur. Fitnə Hacı Baba adında bir kişinin ögey qızıdır. Tələt bir gün pəncərədən qızı görür, bir ürək yox, min ürək ona vurulur, bununla da doğru anlamda türk bədii nəsri başlanır.

Üçüncü mülahizənin siyasi kökləri vardır. Siasət arazın hər iki tayında dilimizi funksıyasını yoxa çıxarmağa çalışırdı. Dil, funksıyası olan alanlarda [sahələrdə] gəlişir. Elə götürək gündəlik məişət ləvazimatinı. Bu ləvazımatın adları başqa dillərdən gəlmədir: "soyuducu" olan yerdə quzeydə "xaladennik", güneydə isə "yəxçal" sözləri işlənir. Bunlar bəlli fabrikalarda kütləvi biçimdə istehsal olunur. O fabrikalar ölkənin iqtisadi sistemi çərçivəsində çalışdıqlarından dolayı, örətdikləri məhsulların adı, rəsmi dilin damğasını yeyir. Sənin anadilin rəsmi status qazanmadığından, bu sahədə öz işləyini itirir. Bir Bakılı Təbrizə gəlirsə, avtomobillərdə işlənmiş zabçasların adından baş açmayacaq. Bakıda da belədir. Rusyanın Lada və Volga fabrikalarında örətilib, Sovet dönəmi Azərbaycan bazarlarına axıdılan avtomobil zabçaslarının adı Rusca olmuşdur. Və mən orda maşınım xarab olduqda, dilsiz adamlar kimi davranırdım. Zabçası təmirçiyə əlimlə göstərirdim. Lada, göndərdiyi avtomobillə yanaşı, zabçasların adını da Azərbaycana göndərirdi. Və bununla da Azərbaycan türkcəsinin bu alanda işləyi aradan gedirdi. Bu da Ruscanın üstünlüyündən gəlirdi. Bizdə nəsrin bir çox sahələrdə işləyi yoxdur, ona görə də gəlişmir. Biz hikayə və roman yazırıqsa, gündəlik yaşayışımızda qullandığımız şifahi dilin eybəcər formasını ortaya qoyuruq. Bu amil özü də daha aparıcı səbəbin sonucudur: siyasi quruluşların. 

Ötən yüz ildə siyasət bizə qarşı olmuşdu. Məşrutə hərəkatında oynadığımız rol və milli hökümət zamanı getdiyimiz yol, sanki dilimizi hökümətlərin gözündə daimi təhlükə kimi görükdürmüşdü. Deyəcəksiz ki, ötən min ildəki doğma Türk hökümətləri zamanı da biz bu acınacaqlı durumu qımıldamadan yaşamışıq. Amma niyə indi ayılmışıq, niyə? Cavab müqayısə imkanından gəlir. Sadə bir örnək: insan yoxsul və ya varlı ola bilər. Ucqar kəndə yaşayan bir çoban, ola bilsin tam yoxsulluq içində yaşadığını anlamasın, özünü mutlu sansın. Belə bir adamda yoxsulluq duyumu olmayacaq. Lakin, həmin insana müqayisə imkanı yaranırsa, yoxsul olduğunu anlayacaq. Ucqar kəndli bir öyrənci birdən birə uzaq və modern şəhərdə zəngin arxadaşlarının əhatəsində qalırsa, yoxsulluq onun gözündə faciəvi ölçü tapacaq. Bunun üçün yoxsulluğun özü deyil, yoxsulluq duyarlılığı [consciousness] inqilab yarada bilir. Dil də belədir. Hansısa dilin, uyğarlığın, və düşüncənin aradan getməsi özünlükdə dirənişə səbəb olmur, bunların yoxa çıxmağını başa düşmək insanları oyadır. 

Bu arada bəs niyə daha çox şeirə dayanırıq? Çünki basqı altındaki dil, sanki beynimizin gizli qatlarından oyuna çağırılır. Biz nəsə demək istəyirik, amma deyə bilmirik. Demək istədiyimiz bu şeylər, qabaqcadan sözcüklər simasında bilincimizdə yatmasaydı, heç onu demək də istəməzdik. Düşüncə dildən öncə gəlmir, dillə bir anda gəlir. Elə ki, dilin yoxa çıxmaq ərəfəsində olduğuna dərindən varırıq, gərgin bir gedişə qatılırıq: unudulmuş sözləri qan-tər tökə-tökə ruhumuzun qaranlıq bölgələrindən çağırırıq. Var gücümüzlə çağırırıq. Bu çağırış şeirlə cavablanır, çünki Haydger demişkən, dil əsasən şairanədir. Biz istəməsək də bu prosess öz-özünə baş verəcək. Dil yoxa çıxmaq təhlükəsi ilə qarşılaşdıqda, şeir zehnimizin bilincaltı [təhtəlidrak] bölgəsindən bayıra sıçrayacaq. Bunun tanış örnəyi şəhriyardır. Bundan öncə öz anadilində nəsə yaratmamış Şəhriyar, anasının çağrışı ilə "Heydər babaya salam"ı yazır. Şair illər boyu başqa dildə yazırdı. O, sanki ana dilindən ibarət olan evin yan-yörəsində yabancı varlıq kimi dolaşırdı. İndi isə içəri girməyə bəhanə axtarır. əgər "doğma evinə yabancı qalma" bəsirəti olsa, bu özünə qayıdış aksyası hər bir şairin bəxtinə düşə bilər. "Heydər babaya salam" poemasinin önəmi, onun bədii gözəlliyində deyil, bu evə qayıtmağın önəmindədir, bu bəsirətdir.

+ Tue 23 Dec 2008 |

 
www.eyvaz.org
BU İNTRNET DÜŞƏRGƏSİNDƏN GÖTÜRÜLMÜŞ YAZILARIN QAYNAĞI MÜTLƏQ GÖSTƏRİLMƏLİDİR
بو اینتئرنئت دوشرگه‌سی آذربایجانلی یازیچی ایواز طاهانین دوشونجه و اثرلرینی بیر نئچه اؤیرنجی طرفیندن یاییر
بونا یازیلی اذنیمیز اولسا دا، سایین یازیچی‌نین بوردا گئدن
ماتئریال‌لاری‌نین تئکنیکی چاتیشمامازلیق‌لارینا گؤره بیز مسئولیت داشییریق
لوگو، یازیچی‌نین رسمی سایتیندان آلینمیشدیر.
بو دوشرگه‌دن گؤتورولموش یازی‌لارین قایناغی مطلق گؤستریلمه‌لی‌دیر
yarpaqnews@gmail.com بیزیم ایمئیلیمیز
eyvaztaha@gmail.com یازیچی‌نین ایمئیلی
yarpaqnews@gmail.com یازیچی‌نین اثرلرینی بو ایمئیل واسیطه‌سی ایله الده ائتمک اولار
www.eyvaz.com یازیچی‌نین رسمی اینتئرنئت دوشرگه‌سی
Bir grup öyrəncilərə bağlı bu internet düşərgəsi Azərbaycanlı yazıçı və düşünər EYVAZ TAHAnın yazılarını yayır
Düşərgədə gedən yazılara görə sayın müəllifdən icazəli olsaq da bütün texiniki çatışmamazlıqların mısuliyyıti bizm üzərimizə düşür
Bu saytda Azərbaycan türkcəsində gedən materiallar Ərəb və Latın grafikaları ilə yazılır.