CAHAN jurnalı T. Alışanoğlunun baxışında

Jurnalları vərəqlərkən silsiləsindən: Cahan

Tehran Alışanoğlu

Ədəbi məkanın boşluğu şəraitində, – ki, ayrı-ayrı təzahürləri, qabarma və çəkilmələri çıxmaqla, bizdə post-sovet ədəbiyyatı epoxası əsasən bununla səciyyəvidir, – hər növ, hər yön özgə ədəbi-bədii, estetik-nəzəri materialın bura axarı, yeriməsi təbii, məlum. Çünki mədəni toplum vakuum sevmir. Bu arada ilin əvvəlindən artıq üç sayı çıxmış, istər nüsxə /2500/, istərsə də yayım çevikliyi ilə digər ədəbi dərgiləri üstələyən “Cahan”ın yeri, payı, xüsusi çəkisi, işi, rezonansı göz qabağında, danılmazdır. Danılmır da: mətbuatda sızan təqdir sözləri, saydan saya göründüyü kimi, nüfuzlu ədiblərin təzə əsərlərini bura təqdim etməsi… Və nəinki, min bir səbəbdən nəşri çətinləşən, dövrü, dövriyyəsi daralan, fəaliyyəti kəsilən ədəbi nəşrlər arasından “Cahan” gün-gündən maraqları, zövqləri, düşüncələri işğal, həm intişar etməkdədir.
 
1997-dən nəşrə başlamış, kifayət qədər həcmli “Cahan” dərgisinin nəfis, müasir poliqrafik üslubda, üç aydan bir hesabı ilə üç sayı çıxmış, dördüncüsü bu günlər gözlənilir. “Ədəbi, bədii, elmi, ictimai jurnal”ın təsisçisi “İslam vəhdət ocağı”dır. Və ilk reaksiyamız belə olmuşdu ki, “jurnalın ünvanı Güneyli-Quzeyli vahid Azərbaycan”, “çağdaş Güney və Quzey ədəbiyyatı burada yanaşıdır” (“Ədəbiyyat qəzeyti”, 9 may 1997). Bunu faktlar da təsbit edirdi (jurnalın baş redaktoru Eyvaz Taha, redaktoru Məsiağa Məhəmmədidir). Çağdaş Azərbaycan ədəbiyyatından seçmələr sonrakı saylarda da özünə yer alır. Ələkbər Salahzadə və Vaqif Səmədoğlu, Sara Nəzirova və Vaqif Nəsib, Adil Mirseyid və Ağacəfər Həsənli, Eyvaz Taha və Namaz Məmmədoğlu, Murad Köhnəqala və Əlisəmid Kür, Xanəmir Nəzər və Həmzəli İlyas, Balayar Sadiq və Qəşəm Nəcəfzadə, Ayxan Əziz və Məhəmməd Astanbəyli, Şahin Fazil və Azər Qafarov, Rövşəni və Əlizadə Nuri, Hafiz Nəzərli və Mehdi Cəlal, Ayaz Arabaçı və Nadir Məmmədli, Mahir Qarayev və Fəridə Hacıyeva, Şahid Tənha və Heydər Balakişiyev… – müasir şer və hekayə, qəzəl, müsəbbə… – məhz müxtəlif vurğulu poetik notları, buradaca dərginin təklif etdiyi digər bədii nümunələrə diqqət edərsək: – M.H.Şəhriyar, Orxan Vəli, Frans Kafka, Alber Kamü, Pol Elüar, Artur Rembo, Edqar Allan Po, Xorxe Luis Borxes, Antonen Arto, Tomas Bernhard, Səid Faiq, Xose Asunsion Silva, Ancey Bursa, Qasım Həddad, Spujməy Zəryab… – dünya ədəbiyyatından ayrı-ayrı çevirmələr arasında görərik. Və hətta bu növ poetik sərgi prinsipi sanki eklektik yanaşmadan danışmağa əsas verir. Amma ilk təəssürat aldatmasa da, yalnız qismən doğru olur. Bədii nümunələr dərginin ümumi havasında az yer tutur, məhz poetik notlar qədərində. Günün tələbini və başlıca missiyasını, görünür, jurnal bunda görmür. ahan”ın dünya ədəbiyyatı boyu bugünlü gəzişmələrə həvəsi mənə bir zaman “İnostrannaya literatura” jurnalının ədəbi informasiya məkanımızda, doğrudur, özgə dildə, lakin gərəkli işini , oynadığı rolu xatırladır. Mündəricədə olmasa da, ən azı strategiyada. Hətta bəzi məqamlarda (məsələn, hər sayı tamamlayan “Çələng”, “Yeni kitablara baxış”, “Antirubrika” qismindən Mikayıl Yaqubzadənin ardıcıl yazıları) “Cahan”ın həmin imitasion plandan heç də çəkinmədiyini görmək olar. “Dünya”nın bizə artıq rus dili vasitəsi ilə deyil, özgə səmtdən gəlişdiyini, azacıq görünsə belə, mən jurnaldakı kiçicik xətalarda, ya bəlkə transkripsiya fərqlərindən də sezirəm. Deyək, bugünə qədər Ay Tsin deyə tanıdığımız şair “Cahan”da “Çinin ən məşhur şairlərindən sayılan Ay KU İnq” olur, yaxud Oktavio Pas kimi məşhur olan yazıçı dönüb burda “Oktavio Paz”, Amerika yazıçısı Edqar Allan Po isə “Edqar Alen Po” olur… Hər halda bu, həm də rus dilinin ötürücülük missiyasının “laxladığını” – bizə xəbər verir. Bunun yerini hər hansı bir özgə dilmi tutmalıdır, yaxud orijinaldan çevirmələr? – bu isə şəksiz, nəzəri yox, praktiki məsələdir: yəni birbaşa, əslindən tərcüməçilər çatışmadıqca səhvlər də olasıdır… İndilik uğurlusu budur ki, “dünya” – “Cahan” bizimlə bizim dildə danışmağa çalışır, səy edir. Bədii ədəbiyyat kimi, bədii tərcümə də “Cahan”ın ilk saylarında aparıcı xətti təşkil etmir, – bu belədir, bəs onda strateji niyyətlər, “dünya”ya yolumuz hansı mətnlərdən keçir, əyaniləşir. Ədəbi publisistika: Meksika yazıçısı Karlos Fuentes ilə müsahibə (hər ikisinin çevirəni M.Rzabəyli), – bir qayda olaraq jurnal “dünya”ya məşhur bir imzanın gözləri ilə açılır; həmçinin bu məqamda biz görkəmli qırğız yazıçısı Çingiz Aytmatovu da görə bilirik (çev. M.Nəcəfli),”ötən il Nobel mükafatına layiq görülmüş Polşa şairəsi Vislava Şimborska”nı da (”Di Velt”, Almaniya)… Sənət nəzəriyyəsi və tənqid: “Ernst Kassirer, Metaforanın gücü” (çev. C.Əliyev), “B.Qubman, Frankfurt məktəbinin tarix fəlsəfəsi” (çev. Sərxan), “Vladimir Solovyov, Dostoyevskinin ictimai idealı” (çev. M.Əhmədzadə), “Yaşar Kamal, Qəhrəman yazıçılar çağı”(çev. Qədir İsmayıl). “Jak Derrida, Rəssamlıqda həqiqət” (çev. C.Əzizoğlu), “Rza Fərruxfal, Ədəbi mətnlərin redaktəsi” (çev. M.Bayramlı), “Əkbər Azad, Fransız şairinin… türkcə və farsca şerləri”… – “Cahan” məhz bugünə qədər bizdə ədəbi fikrin az məşğul olduğu və hətta xəbərdar olmadığı sahələrə əl atır. Məsələn, təkcə elə “modernizm” və bununla bağlı neçə yazıya üz tutur: “Espen Hovardsholm. Modernizm” (çev. C.Əziz), “Robert B.Rey, Postmodernizm nədir?” (çev. M.Bayramlı), “Umberto Eko. Postmodernizm, ironiya və ləzzət” (çev. Y.Cavanşir). Yaxud çağdaş elm və fəlsəfə nümunələri: “V.Hesle, Martin Haydegerin texnika fəlsəfəsi” (çev. M.Məsiağa), “Mixail Petrov, Elm və texnologiya” (çev. M.Əhmədoğlu), “Lev Qumilyov, Tarixi coğrafiyanın humanitar və təbii elmi aspektləri” (çev. C.Yusifli), “Əhməd Vaizi. Funksionalizm və teoloji dil” (çev. Sərxan), “Paul Tillix. Dini simvolların mənası və şərhi” (çev. G.Həsənova), “Qorxmaz Quliyev, Narsissizm, yaxud özünüsevərlik” və bu sırada “dünya”ya sirr olmayıb, bizə yalniz bugün açılan Şərq məşhurlarını ayrıca qeyd etmək lazım gəlir: “Miyan Məhəmməd Şərif. Məhəmməd İqbalın fəlsəfəsində Allah anlayışı”, “Toşihiko İzutsu, İşraq fəlsəfəsi (hər ikisini M.Məhəmmədi çevirmişdir). Özlüyündə aydındır ki, kifayət qədər çəkiyə malik bu intellektual informasionu hələ oxucunun həzm etməsindən əvvəl, – heç də hazırlığımızla öyünə bilməyəcəyik, – mütərcimlər onun öhdəsindən gəlməli olurlar. Adı çəkilənlərdən Cavanşir Yusiflinin timsalında bu məqama toxunmaq istərdim. Təkcə ona görə yox ki, burda onun fəallığı, işinin həcmi açıq-aşkardır. Cavanşir son zamanlarda istər jurnalda, istərsə də ümumən ədəbi mətbuatda çox və çevik çıxış edir, sanki əsərlərini çevirdiyi XX yüzilin ədiblərinə təqlidən janra məhəl qoymadan yazılarını – tənqid, şer, hekayə, esselərini… dərc etdirir. Amma, məncə, ən çox mütərcim kimi görünür, – məhz buna görə. Belə ki, müşahidələrimə güvənərək, texnoloji baxımdan “Cahan”da üç növ tərcümə sırası ayırardım. E.Kassirerin “Metaforanın gücü”nün çevirməsi elmi-dəqiq; Migel de Unamunonun “Xose Asunsion Silva” məqaləsi – sərbəst; Mişel Bütorun “Roman texnikası” – təxmini tərcüməyə əsil timsal ola bilər. Mən burda sırf təəssüratdan və yazıların bir tam kimi qavramından çıxış edirəm. Bölgü də tənqidi aspektdən çox mətnə yanaşma tipini vurğulayır. Bütövlükdə C.Yusifli (Əliyev, Əzizoğlu) fransız və rus dillərindən çevirir. Bu dillərdən mənim yalnız ikincisinə hünərim çatır. Bununla belə, eləmədim tənbəllik, ruslarda bu işin “məktəb” səviyyəsində mövcudluğunu nəzərdə tutub, “Metaforanın gücü”nün dilimizə tərcüməsini kəlməbəkəlmə rus mətni ilə müqayisə etdim, nəticədə bu qədər mürəkkəb mətnin birnəfəsə, uğurla çevrilməsinə yalnız heyrətləndim. M.de Unamunonun da nəfəsi mənə ruscadan tanışdır, üstəlik bir neçə yerdə bunun, mənə tənqidi məqalələrindən tanış digər – C.Yusifli nəfəsi ilə əvəzləndiyini duymaq heç də çətin olmadı; əslində elmi-ədəbi mətnlərdə sərbəst tərcümə, məncə, qeyri-məqbul, yolverilməzdir. “Cahan”dakı bir çox digər çevirmələrdə olduğu kimi, “Roman texnikası”nda sətirlər hələ fikri çəkirsə də, – intonasion yayğınlığımı, bəzi yerlərdə sintaksis dolaşığımı, bəlkə də hansısa başqa məqamlar, – mətləbin bütövlüyünə dilimizdə yetməyə çətinlik törədir, təxminilik budur.

 Yenə stratejiyə dönək: “Şəhriyar” qəzetinin son saylarından birində (27 noyabr 1997) “Cahan” haqqında ötəri, lakin tutarlı bir müşahidəyə rast gəldım: “Cahan”ın isə ədəbiyyatdan çox ədəbiyyat fəlsəfəsinə və “ədəbiyyat texnikası”na diqqət yetirməsi… çox maraqlı bir hadisədir” (Aydın Əbilov), hərçənd izah istəyir. Nədədir bu “fəlsəfə”? Bura qədərki informasion da müəyyən qədər kökdən xəbər versə də, təsəvvürlərdə eklektik məqama da yer var; bunca müxtəlif mətnlərin yanaşılığı nədəndir? Əvvəlcə problematikaya daha yaxından varmaq lazım gəlir. Cızdığımız çağdaş kontekstə əlavə: Şərq-Qərb münasibətləri – “Əbül-Kəlam Azad. Şərqdə və Qərbdə insan konsepsiyası və təhsil məsələsi”, “Antonen Arto, Şərq teatrı və Qərb teatrı” (çev. M.Əhmədoğlu), “Kazım Əzimov, Şərq və Qərb: fəlsəfə və sənət arasında əlaqələr” – aktuallıq kimi. Bu zaman, habelə: – “Oktavio Pas, Müasir ədəbiyyatın xəstəliyi” (çev. M.Rzabəyli), “Frans Poppenheym. Texnika və yadlaşma” (çev. M.Sevda), – Qərb düşünərlərinin “xəstəlik”, “tənəzzül”, “yadlaşma”, “postmodern boşluqları”ndan bəhs açmasına müqabil, məhz İslam hikməti və maarifçiliyi irəli çəkilir: “Abbas Qaimməqami – Qur`an, insan və cahan” (çev. N.Rəhimov), “Seyid Hüseyn Nəsr, İslam mədəniyyətinin qaynaqları” (çev. M.Məhəmmədi), “Baş redaktordan, Ağıldan ürəyə doğru”, “Seyid Əliəkbər Ocaqnəjad – İslam, elm və təhsil” və “İslamda uşaq tərbiyəsi”, “Misbah Yəzdi, Qur`anda əxlaqi təmizlik və mə`nəvi kamillik məsələsi” “Möhsün Qiraəti, İslamda ictimai ədalət məsələsi” (hər ikisini M.Gülnarə çevirmişdir) “P.Aylı, Əbülhüseyn Məsudi və onun tənqidi metodu…” İndi biz bu fonda milli mədəniyyətimizin müxtəlif dövrlərindən əks-səda verən ədəbi notları seçə bilərik: “Nizami Cəfərov, Bir daha Füzulinin dili haqqında”, “Səadət Şıxıyeva, Orta əsrlər ədəbiyyatında “eşq” anlayışı”, “Rizvan Qarabağlı, Azərbaycan memarlığı: dünən, bu gün, sabah”, “Aydın Talıbzadə, Güzgü və kölgə”, “Şamil Vəliyev, Əli bəy Hüseynzadənin dinə münasibəti”, “Səyyad Bayramov, Kino və təsviri sənət”, “Vaqif Yusifli, Azərbaycan romanı”, “Məsiağa Məhəmmədi, Şəhriyar və dövrümüz”…

Bütövlükdə “Cahan”ın yeritdiyi xətt, gördüyü işin şərhini kifayət bilib, nöqtə qoymaq, buradaca jurnalın sorğusuna cavab, tənqidə adlamaq olardı: – nöqsanlar isə hər bir təzə iş kimi burada da az deyil. Məsələn, oxucudan soruşsaq əgər, bu qədər ki, əcnəbi müəlliflərin jurnalda əsərlərini oxuyur, kimliyindən, hansı xalqa mənsub olmasından xəbərlidirmi heç? Əvəzinə əlbət ki, “Cahan” cavab verəsidir. Belə ki, təkmil saydığımız 3-cü saya baxdıq: – təqdim olunmuş 21 xarici müəllifdən yalnız 6-sı haqqında az və ya çox məlumat verilir. Hələ zəngin və tutumlu mətnlərdə nə qədər özgə adlar sadalandığını demirik. Hərçənd bəzi yazıların sonunda dolğun şərhlər varsa da, digərlərində olması olmamasına tən; yəni sitatların alındığı mənbələrin quruca siyahısı heç nə demir əslində, üçüncülərdə isə heç bu da yoxdur. Üstəlik, ”Cahan”, vur-tut, iki-üç tarixi çıxmaqla çevirmələrin orijinalının nə haçan ərsəyə gəldiyini, nə də hansı dildə olduğunu göstərməyi lazım bilir. Əlbəttə, mənə məlumdur ki (yəni yazılar bunu deyir), jurnal üzünü elitar oxucuya tutub. Amma axı, – buradaca əlavənin yeridir, – eyni ünvandan, eyni prinsiplərlə sözsüz ki, daha sadə, populyar şərhdə, məhz kütləvi auditoriya üçün çıxan həftəlik “Şəhriyar” qəzetində də məsələ bu cürdür. Bax buna görə “tənqid” əvəzinə şərt kəsdik: “tənqid etmək olardı…” Üçüncü sayda daha bir məqalə var: “Abutalıb Məmmədov, İslam mədəniyyətində zaman anlamı”. Məqalə özü konkret zamanlı olub, kütləvi səciyyə daşıyır; problemi Orta əsrlər materiallarında araşdırır. Amma bütövlükdə problematikanı da aktuallandırır. “Zamansızlıq” strateji kimi: mətnlərin nə zaman, harada, hansı dildə, necə yaranması onun mənası, məğzi, həqiqəti – əbədi dəyərlər qarşısında əhəmiyyətsizləşir, arxa plana keçir. Oxucu sanki mətnlərin həqiqəti ilə təkbətək, üz-üzə, göz-gözə durur, mücərrədlik dəryasında ləl-bilik axtarmalı olur. O birdən-birə açılmış boşluqlar önündə axıb-gələn informasiya bolluğuna tablaya, hər növ mənəvi-intellektual, sosial-psixoloji həmlələri dəf edə bilərmi, biləcəkmi?..

  Başqa bir məqam. Söhbət əsnasında adının çəkilməsini istəməyən köhnə ədiblərdən birisi “Cahan”ın gördüyü işin sanbalını danmadan ondan xoşlanmadığını söylədi: – “Sanki onlar bizi öyrətməyə çalışırlar…” Əlbəttə, bəzi kəmfürsətlər sayaq “onlar” kəlməsinə məna verib, tezcə özgələşdirməyə can atmayaq. Yaşadığımız əsrin, zamanın biliklərindən heç də özümüzü xali saymayan biz “köhnələr”, buradaca – boşluğun arxasından çıxıb, ətrafa “dərs verməyə” çalışan “təzə gəncliyi” də eləcə: “onlar” deyə kənarlaşdırmağa meylliyik. “Cahan”ı isə əksərən “bizim gənclik” araya-ərsəyə gətirir. Habelə, – jurnalın səhifələrinə qayıdaq, – ədəbi sabahı şübhə doğurmayan gənclərdən Bayram Əvəzoğlunun “Bəşəri faciə”, Əsəd Cahangirovun “Babil qülləsi”, Nizaməddin Mustafanın “Şeytan qulluğundan tanrı dərgahına” yazıları mənə bu dəfə imkanlarından çox aşağı göründü, məhz biliyin üst qatından gəldiyinə görə; araşdırmaya deyil, məlumatlara dayanıb, təbii, onu özgələşdirdiyinə görə…

 Ən nəhayət, cari boşluqlar arxasından ədəbi məkana “dünya”nın – “Cahan”ın gəlişini yalnız alqışlamaq qalır; amma çıldırmadan, həssaslıqla, unutmayaraq ki, o, bizimlə, bizim dildə danışmağa səy qılır.

  Ədəbiyyat qəzeti”, 31 dekabr 1997

One Reply to “CAHAN jurnalı T. Alışanoğlunun baxışında”

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *