Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunları  | Esmira Fuad (Şükürova 

 

Tədqiqatçı yazar Eyvaz Taha postmodernizmin universallığı car çəkən modernlik-dən baş qaldıraraq bütövləşdirici ideologiyalara qarşı yarandığını və ideologiyanın da dünyanı iki-xeyr və şər cəbhələrə böldüyünü, işığa, nura və zülmətə, qaranlığa dalan ikili bir vəziyyət yaradaraq bizlərlə onlar, yəni, inqilabla əks-inqilab arasında Berlin divarı çəkdiyini deyir. Ancaq postmodernizmin hər iki düşərgənin içində mozaikalara bənzəyən bir vəziyyət olduğunu vurğulayan yazar əks düşərgələrin bir-birindən o qədər də aydın cizgilərlə ayrılmadığını, marjinalla orijinalın sərhədlərinin pozulduğunu söyləyir: “Postmodernizm müəyyən bir ideologiya deyil, modernliyi kəskin tənqidlərlə qarşı-qarşıya qoymuş qeyri-sistematik və çoxşaxəli düşüncə, araşdırma və yaradıcılıq tərzidir. Fəlsəfədə, memarlıqda, musiqidə, ədəbiyyatda və siyasətdə ənənəvi ideologiya mərhələsini arxada qoymaqdır (17).”

Eyvaz Tahanın “Şeir, qadın şairlər və feminizm” adlı məqaləsi (27) onun bu sahədə nə qədər irəlidə olduğunun, qadınların həyatını, düşüncələrini, dünyabaxışını dərindən-dərinə bildiyinin göstərgəsidir. Feminizm cərəyanının bütün ayrıntılarını incələyən filosof yazar modernist və postmodernist yazarların bu məsələyə münasibətini maraqlı mülahizələrlə açıqlayır və qadın şairlərin əsərlərində qarşı cinsin nümayəndələrinə yansıyan qarşıdurmanın səbəblərini göstərir. E.Tahanın iki əks cinsin sevişməsi məsələsinə də son dərəcə obyektiv baxışını görürük. Eyvaz Taha “iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır”, dediyində də doğru nəticəyə gəlir. Çünki iki sevən ruhən bir-birini tamamladıqda, ruhibir olduqda əsl sevgi yaranır, xoşbəxt cütlük xoşbəxt həyatın təməlidir. Qadın haqları, qadın azadlığı onun yazısının ana xəttidir: “Feminizmi gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtü(məsələ)lərdən biridir. Çünkü burda “qadın” məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Patriarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindəndirsə, bunu feminist qadınlarda daha artıq görmək olar. Tarixə cinsiyyət gözü ilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını(27).”

Qadın haqları, feminizm Güney və Quzey Azərbaycan ədəbiyyatına, o cümlədən Türkiyə ədəbiyyatına da modernizm cərəyanının gətirdiyi məsələlərdəndir. Eyvaz Taha bu prosesin keçmişini, tarixini vərəqləyir sanki, faktlara söykənən dərin məntiqə söykənən əsərlərində qadını özünün doğal kimliyi ilə tarixin yetirməsi sayır, qadının gerçək durumunu onun varlığına göz yummuş kişilərin tarixi kimi şərh edir: “Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi. Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən eşigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünə qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər.”

___________________________________

Hindistanın keçmiş baş naziri Mahatma Qandi yazırdı: “Dünyada bu qədər insanın diri qalmasıgöstərir ki, dünya silahların gücünə deyil, həqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin danılmaz gücü bu gerçəklikdə qorunur ki, böyük dünya savaşlarına, yüz minlərcə ailələrin həyatının pərişan edilməsinə, söndü­rülməsinə baxmayaraq, həyat davam etməkdədir. Tarix yalnızca məhəbbətin qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət etməmişdir. Ancaq ən son amac insan olmalıdır.” (1) 

Ən son amacı insan, həqiqət və məhəbbət olanlardan-çağdaş Güney yazarlarından, bir əsrə yaxın müddətdə onların mübarizə və söz cəbhəsindəki çabaları nəticəsində yaratdıqları ədəbiyyatın son durumundan, Güneydə cərəyan edən ədəbi prosesdən söz açmaqdır məqsədimiz… 

Giriş

Qloballaşma və Qərbə-Avropaya inteqrasiya dövründə, nə gözəl ki, Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub saxlayır. Bu anlayışı formalaşdıran gücün-Güney yazarlarının yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə mövzusuna da çevrilməkdədir. Ancaq Çağdaş Güney Azərbaycan ədəbiyyatı bu günkü duruma yetənədək beş inkişaf mərhələsi keçmişdir. Bu inkişaf mərhələlərinin dördü-Məşrutə dövrü (1906-11), Xiyabani hərəkatı dövrü (1920), 21 Azər İnqilabı-Milli Hökumət dövrü və hələlik sonuncu-1978-79-cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ inqilab dövrü isə ədəbi müstəvidə təzahür etmişdir. Təbii, bu dövrlərdə cərəyan edən ictimai-siyasi hadisələrin yansıdığı ədəbiyyat, söz sənəti də istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olmuşdur. Lakin 1960-cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda “Şeiri-no” hərəkatı, Ağ şeir-Ağ inqilab dalğası da kükrəmişdir ki, məhz həmin mədəni inqilab bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini gücləndirmişdir.

Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX əsrin əvvəllərində hələ 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi.

İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə aparmış və hər şeyini-sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi yolunda qurban vermişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun gənclərə və əqidədaşlarına: “Sərbəstcə düşünün və hiss edin. Düşüncələrinizi və hiss etdiklərinizi yazın. Düşüncələriniz gerçəyə və elmə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin altında buraxmayın. Hər zaman səmimi olmağa çalışın. Tənqidçinin baxış acısı nə olursa-olsun, tənqidlərini sevinclə qarşılayın. Аmmа yetərli dəlil olmadan öz düşüncələrinizi söyləməyin. Düşüncələri təcrübə və sınamalardan sonra qəbul edin. Özəlliklə könlünüzdə hüznə-qəmə və iztiraba yer verməyin, əzmli olaraq yarınlara koşun!” (2) – etdiyi tövsiyəni əməli işə çevirən Güney yazarları bu gün sərbəstcə düşünüb hiss etdiklərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan əsərlər yaradır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Qulamhüseyn Səidi, Əbdürrəhman Talıbov və digərlərinin yolunu uğurla davam etdirirlər.

Güney Azərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında bu proses 2013-cü ildə də dinamik sürətlə inkişaf etmişdir. Şair və yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii ki, ilk öncə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu istiqamətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə Ana dilinin-Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafı ləngimişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın milli haqq və hüquqlarının əlindən alınmasının əsas səbəbləri hakim rejimin və tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Müasir fars millətçiliyi “modernləşmə və qərbliləşməni ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin təməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur” (3.s.3), – deyən Arif Kəskin “Fars mlliyyətçiliyinin iç üzü” adlı I yazısında Müasir fars millətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla yeni bir mərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq yazır: “Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində dünyaya göz açmışdır. Mülküm xan Fransada təhsil almış, İranda “Fəramuşxanə” adlı bir masson təşkilatı da qurmuşdur (3.s.3). “Qanun” qəzetini nəşr edən Mülküm xan müasir cəmiyyət qurmaq məqsədini güdürdü. Fars millətçiliyi onun təfəkküründə təməl prinsip hesab olunurdu. Onun bu fəaliyyəti fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Bu siyasəti yürüdən müasir fars millətçiləri üçün İranda böyük təhlükə türklər, sonra isə İslam və ərəblər idi. Fars dili və ari irqi İranın milli və tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində çıxan, İranın 40-a yaxın şəhərində oxunan və yaxşı tanınan “İranşəhr” dərgisinin yazdığına görə, İranın ən böyük problemi etnikçilik və regionçuluqdur: “Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri, geyimləri, adət və ənənələri məhv etməliyik (4.s.25.) 

Məşrutə dövründə yaranmış modern ifadə olan “millət” termini sadə əməkçi insan-ların təmsil olunduğu rəiyyət (ərəbcə) ifadəsini əvəzlədi. Əlbəttə, Pəhləvi xanədanının “Modern millət” anlayışı əsasən milli ayrı-seçkilik-nasionalizm, sekulyarizm, şahlıq-taxt-tac ənənələri, azad bazar iqtisadiyyatı, əski İran tarixinə heyranlıq, eləcə də hərbçilik təməlləri üzərində boy verirdi və təbii ki, İranda yaşayan digər xalqların, həmçinin Azərbaycan türklərinin də əleyhinə idi. Çünki bu heyranlıq nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı… 

Bu gün Güneydə Türkcə yazmaq özü-özlüyündə bir savaşdır… 
Bu qadağalar 1945-46-cı illərdə qurulmuş Milli Hökumət zamanında tamamilə aradan qaldırılıb çağdaş fars millətçiliyinin inlişafı prosesi dayandırılsa da, bir il keçməmiş Güney Azərbaycanın intəhasız üfüqlərində doğmuş azadlıq günəşi qan içində boğuldu. Milli Hökumət ləğv edildi və türkcə yenidən buxovlandı… Təxminən 9 il sonra, 1954-cü ildə ustad Şəhriyarın “Heydərbabaya salam” poemasının nəşr olunması sükut buzunu sındırdı. Daha sonra Həbib Sahirin silsilə şeirlərinin, Səhəndin “Sazımın sözü”, “Dədəmin kitabı” və “Qardaş andı” trilogiyasının, Səməd Behrəngi, Oxtay, Səhər, Mərziyə Üskülü, Həmid Nitqi, Haşım Tərlan, Qulamhüseyn Səidi, Sönməz, Savalan, M.H.Kərimi, Yalqız, Haray, Yanar, Əli Daşqın kimi neçə-neçə yazarın qadağalara rəğmən davamlı olaraq bədii yaradıcılıqla məşğul olmaları daha güclü, daha iti, sərrast təfəkkürlü, cəsarətli gənclərin təmsil olunduğu yeni ədəbiyyat dalğasının yaranmasına gətirib çıxardı. Lakin ana dilinin yasaqlanması Türkcənin inkişafını ləngidirdi və bu ləngimə nəticəsində də təhsilini yad dildə-farsca alan gənclər çaş-baş qalırdılar. Məhz bu çaşqınlıq Güney yazarlarının bir qisminin Anadoluda yayqın olan Türkiyə türkcəsini, bir qisminin Quzey Azərbaycanda mövcud olan ütülü ədəbi dili, bir qismininsə klassik şeir dilini əsas götürərək yazıb-yaratmalarına nədən olmuşdur. Maraqlıdır ki, çağdaş dövrdə Güneydə yetişmiş yeni nəsil Hadi Qaraçayın: “Bu gün Türkcə yazmaq, içində bulunduğumuz bu siyasal, bu toplumsal kontekstlərin gərəksimi, zərurətidir. Bu gün Türkcə yazmaq, siyasal savaşımızdan qazanmaq istədiyimiz bir huquq, bir keyfiyətdir. Bu gün Türkcə yazmaq, həm də bir çoxlarına “Türkcə də yazmaq olar,” – gerçəyini aşılamaqdır, bu həqiqəti anlayaraq mübarizə, mücadilə yoluna çıxmaqdır. Çünki dil – ruhaniliyin (insaniliyin) ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Dil uğrunda savaş əslində ulusal müəyyənlik uğrunda savaşdır (5).

Kiyan Xiyavın “Tanqosuz Təbriz” adlı modern səpkili poemasında sərgilənən fikirlər də Hadi bəyin “Bu gün Türkcə yazmaq, özü-özlüyündə bir savaşdır,” – gerçəyini yansıtmaqdadır:

Dil-dil ötən bu dil dəm aldığım dildir, görürsənmi? 

Bu dil Təbrizin ağzında quruyan Acı çayın dili 

Bu dil Araz qulağında dalğaların batan səsi 

Bu dil Urmu gölündə flaminqo qanadından düşən 

umud lələyi 

Bu dil qəm pəncərəsində, 

Mirzə Cəlilin gözündən qaçan ışıq iyidir. 

Və dil şovaliyyələrin qorxduğu dost 

Və dil diktatorların qənimidir. 

Və dil mənəm…(6) 

Ana dilinin yasaqlığından, elinin əsarət altında olmasından doğan kədər, üzüntüdür Məsud Haraya yenicə dünyaya gəlmiş qızına: “Sevimli qızım Burla Xatın! Sən yaşa-mımıza umud, Işıq gətırdın qızım, Ama sənə laylalar oxuduğum dilin bu məmləkətdə, məktəblərdə yasaq olduğunu deməkdən utanıram”ı söylədən… Biz başı bəlalı bir millətin evladıyıq. Bizə düşman gərəkmir, içimizdə nə qədər özünü alçaq bilən varsa, düşmanımız var özümüzdən demək. Bizi dərd etdirən yara yabancı dırnaqlarıyla cızılmayıb, yaramız aramızda yaşayan içi boş olanlardan yaranıb. Qızım! Bu dərdlərə dərman tapmaq, artıq ağıllı olmağından, özünü, kimliyini iyi bilməyindən asılı olacaqdır. Bu uzun və daşlı yollara çıxmaq yürəyimin qıdıvıdısı deməkdir. Yolun açıq olsun və millətimizin gələcəyi aydınlıq” – tövsiyələrini dedirdən… Şərifə Cəfəri Dənizə uşaqlığından, özünü anlayandan işlək Ana dili üzərinə xəyallar qurduran: 

Yaralı durnayam, göl arzusunda, 
Vətən arzusunda, el arzusunda,
 
Anamdan doğulan gündən bu günə,
 
Xəyallar qurmuşam dil arzusunda.

Əlbəttə, istisnasız olaraq deyək ki, insanın duyğu və hisslərinin, ictimai-siyasi-fəlsəfi fikirlərinin, bütövlükdədaxili aləminin ifadə vasitəsi, eyni zamanda modern düşüncəsinin ana fəlsəfəsi dil, bu dildə varoluşluq, yaşarılıq qazanmış sözlər, kəlmə-lərdir. Alman filosofu Haydegerin “Dil varlığın evidir” tezisini savunan Dr.Hüseyn Süleymanoğlu dəyərli müsahibəsində bu formulu Güney Azərbaycandakı mövcud duruma tətbiq edərək deyir ki, “əgər dil varlığın evidirsə, biz azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalmışıq. Bu ev-varlığı yenidən tikməliyik. Şair-yazarları-mızın görəvi (vəzifəsi) budur. Dilimizin sintaksisi Güneydə pozulmuşdur.(7)”

Yaranmış vəziyyətdən çıxış yolunu Hadi Qaraçay dünyanın harasında yaşamasın-dan asılı olmayaraq hər bir türkün anla­maqda çətin­lik, zorluq çəkməyəcəyi Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin yaradılmasında görür. Vətəndaş şair “XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklə­rinə dayanaraq yeni anlamlara, yeni nəs­nə­­lərə uyqun ad qoymaqla ilgilənmə-lidir. Günü­müz­də belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışma­lara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndi­ril­məmiş bir biçimdə ge­dir. Bu­nun da verdiyi sonuc olduqca azdır,”- deyir… “Talanmış günəş” adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm Güneydə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü də Vahid Ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir. Həqiqətən gözdən qaçan bu məqamla bağlı onun bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndi…

“Elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz” gerçəyini dərindən dərk edən və dilçilik sahəsində müəyyən bilgiləri olan ziyalılar: Eyvaz Taha, Nadir Əzhəri, Nasir Mənzuri, Hadi Qaraçay, Hüseyn Şərqi Soytürk, Əli Daşqın, dr.Hüseyn Süleymanoğlu, Seyid Heydər Bayat, Hümmət Şahbazi, Bəy Hadi, Məsud Haray, Elşən Böyükvənd, Naser Merqati, Məlihə Əzizpur və b. türkcə yeni söz yaratmaqla və alınma sözlərin türkcəyə uyğunlaşdırılması işi ilə də uğraşırlar. Güney yazarları şeir və nəsr əsərlərində sırf burada Azərbaycan türkcəsinə uyğun olaraq yaradılmış evrənsəl, kürəsəl (dünyəvi), kürəsəlləşmə (qloballaşma), yazın (ədəbiyyat), yazınsal (ədəbi) “Hərb və sülh” (“Savaş və barış” – Tolstoy), bilimsəl (modern), özgürlük (müstəqillik), özgüvən (özünəinam), kişisəl (şəxsi), ortam (müstəvi), alan (sahə), içərmək ilgi (əlaqə), etgi (təsir), verimli (məhsuldar), nədən (səbəb), yerəl (yerli), gəlişmə (inkişaf), dartışma (mübahisə), birey kimi yeni sözlərdən yararlanırlar. Əksər qələm sahibi öz əsərlərində bəzi sözlər kimi, “ədəbiyyat” sözünü də birmənalı olaraq “yazın” kəlməsilə əvəzləmişlər. Güntay Gəncalp da ədəbiyyat sözünün “yazın” kəlməsilə əvəzlənməsini daha məqsədəuyğun və doğru sayır: “Klasik ədəbiyatla “ədəb” sözünün sıx bağlantısı var. Ancaq modern yaradıcılığı ədəbiyyat sözü ifadə edə bilmir. Çünkü dini və kültürəl anlamda ədəbiyyat təslim olmağı, Tanrı qarşısında, törələr qarşısında təslim olmağı təlqin edir. Ancaq modernitənin əsasında etiraz durur, təslim deyil. Ona görə də ədəbiyyat yerınə “yazın” sözü istifadə edilməlidir.”

Görkəmli alman filosofu Habermas sözlərin: “1-şüurlar arası, 2-əşya və fenomenlərlə, xarici dünya ilə əlaqə qurur, 3-yazarın və ya danışanın hallarını və zehni təcrübələrini bəyan edir,” kimi üç missiyasının olduğunu göstərirdi… Şübhəsiz ki, ən ağıllı anlaşma və yaradıclıq biçimi də məhz bu üç amilin birlikdə gerçəkləşməsilə mümkünləşir. “Milli oyanış ədəbiyyatı” adlandırdığımız ədəbiyyat anlayışı şerimizi siyasət, vətən və xalqa xidmət etməyə, qulluq göstərməyə yönəltdi. Əlbəttə, düşünməyə dəyər: “Milli varlıq, dil, ədəbiyat, tarix və insanla bağlı olan bir çox bilimlər öz əski, daşlaşmış anlamlarından soyunduruldu, yenidən nə olduqları üzərinə dartışmalar açıldı. Bu gəlişməni yaşayan və yaşadanlar, bir sözlə, 70-ci illərin gəncliyi olub. Yazmaq, yaratmaq, gücdür, uğurdur, ilgidə olduğun bütün varlıqlara təsir göstərmək, özünə, öz bireyinə yenidən dönməkdir. Bu baxımdan son illərdə gəncliyimizin yazına girişməsinin nədənləri aydınlaşır. Gəncliyimiz yazmaqla özünü təsdiq etməyə yönəlir. Azərbaycanın bu günkü gəncliyini “Türke xər” deməklə, təhqir etməklə meydandan çıxarmaq olmaz. (9) H.Qaraçay hesab edir ki, İranda türkcə yazmaq və ədəbi əsərlər yaratmaq özü-özlüyündə siyasi fəaliyyətdir (10). Həmçinin siyasi görüşlər və düşüncələrin ədəbi əsərlərin məzmununa daxil edilməsinin Güneydə bir problem olmadığını vurğulayan şair əsərlərdə siyasi mövzulardan istifadə etməyi pis və ya yaxşı bir hal kimi qabartmır, özəlliklə siyasi motivi necə işləməyin, ədəbi müstəviyə hansı səviyyədə gətirməyin, hansı söz və kəlmələrlə ifadə etməyin önəmli olduğuna diqqət çəkir. Alman filosofu Haydeger yazırdı: “Hər bir dildən bir söz atılarsa, o dildə danışan millətin bir qarış torpağı yox olur, o millətin düşüncəsi və dünyagörüşü daralır.” Ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda uzun illər savaşıb mübarizə aparan böyük hind mütə­fəkkiri və ictimai xadimi Mahatma Qandinin: “Hindistanda orta oxulda və univer­sitetdə yabancı dildə oxu­ma yayılmışdır. Bu, əxlaqi və ruhi baxım­dan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıx­ması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyi­lik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq (1.s.45).” kəlamı isə Güney ziyalılarının Vahid Ədəbi dil uğrunda göstərdiyi çabalarında nə qədər haqlı olduqlarının kanıtıdır. 

Güneydə ədəbi prosesin bir qolu da ədəbi tənqiddir… 

Qeyd edək ki, son illərdə bu sahədə xüsusi canlanma hiss olunur. Əvvəllər diqqətdən kənar qalmış ədəbi tənqidə böyük maraq, rəğbət və diqqət artmışdır. Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxışlar edən, ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana bir ziyalı narahatlığı duyan Cəfər Bozorgəmin də bu sahədəki irəliləyişi nəzərdən qaçırmır: «Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üst-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şüarçılıq və öyüd-xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şeiri, modern, postmodern şeir estetika izlərinin görünməsi olub. Bu gün şeirimizin qarmaqarışıq durumu, ifrat-təfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarxizmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır. Şeir topluları dönə-dönə çapdan buraxılıb yayınlanırlar və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Professional ədəbiyyatımız da bu üzdən yarana bilməyib.” Cəfər Bozorgəminin də söylədiyi kimi, bu gün Çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləridir. Tanınmış ədəbiyyatşünas alim Sabir Nəbioğlu, çağdaş şairlərimizdən Hadi Qaraçay, Nadir Əzhəri, Hümmət Şahbazi, Sayman Aruz və başqaları bunun səbəbini Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə Əzizpur yazır: «Ədəbiyyatımızın daha da inkişaf edib irəliləməsi üçün tənqidçilərə çox ehtiyac var. Yəni özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bu gün bu boşluq getdikcə daha qabarıq hiss olunmaqdadır. Qeyd edək ki, Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı (Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı məqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Alovun çağdaş dövr yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni münasibətinə həsr etdiyi «Ədəbi-tənqidi araşdırmalar», Hümmət Şahbazinin «Müasir Güney Azərbaycan şeirinin tənqidi», Eyvaz Tahanın «Dil varlığın evidir», Cəfər Bozorgəminin «Çağdaş ədəbiyyatın tənqidi», Nadir Əzhərinin «Məqalələr» adlı kitab və topluları da Güney ədəbiyyatşünaslığında mövcud olan boşluğu doldurmaq yönündə atılmış mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın «Dil varlığın evidir» kitabı haqqında Hadi Qaraçayın «Dil varlığın eviymiş» adlı böyük həcmli təhlil-incələmə yazısını və Qadir Cəfərinin «Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər)»ini və Kiyan Xiyavın Ruqəyyə Kəbirinin “Susənbər yazıları” ilə bağlı qələmə aldığı «Nanə yarpağında qadın hörümcək» və ““Evim” də şamanizm, marksizm və cəhənnəmin qızğın soyuğu (Ruqəyyə Kəbirinin “Evim” romanı üzərinə bir baxış)” və coşğun təbli şair Elşən Böyükvəndin “Kimli məsələləri və yazarların kimliyi”, “Muğanın ədəbi mühiti və “Qanlı günəş” poeması barədə ”adlı yazılarını da əlavə edə bilərik. Bu ədəbi tənqid xarakterli araşdırmaların içərisində «Poema özəlliyi və poetika gözəlliyi»ni incələyən Qadir Cəfərinin çağdaş dövrdə mənzumə sözünün əvvəlki mövqeyini itirməsi məsələsinə münasibətini örnək olaraq göstərmək istəyirəm, təbii, xırda imla yanllışlarını islah etməklə: «Mənzumə sözü poema qarşısında keçərliliyini itirib və təcrid olunub. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı sərbəst poemaların ortaya gəlməsidir. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, mahiyyətcə fərqlənərək yalnız nağıl, rəvayət xarakterini itirib. Buna açıq-aydın örnək isə Şəhriyarın «Heydərbabayə salam» və «Səhəndiyyə» poemaları, Bəxtiyar Vahabzadənin «Muğam» və «Gülüstan» poemaları, Zəhtabinin «Şahin Zəncirdə» poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern poemalar içində T.S.Eliotun «Çoraq ölkə»si və çağdaş ədəbiyyatımızda Nasir Merqatinin «Talanmış günəş» kitabında həmin adı daşıyan poemanın və «Yad torpağım» poemasının adını çəkmək olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalıblarsa da, modern estetika əsasında qurulub (11).” 

Güney Azərbaycanda ən əsas problemin Ana dili məsələsi, ikinci problemin isə ədəbi tənqidin zəifliyinin olduğunu bildirən Ruqiyyə Kəbiri vəziyyətin səbəbini ana dilində təhsilin olmaması ilə izah edir və söyləyir ki, professional tənqidçimiz olmaması səbəbindən əsərlər ciddi halda tənqid olunmur. Ədəbi tənqid boşluğu, mühafizəkar və patriarxal psixologiya, öy məni-öyüm səni cərgələri və b… nədənlərin ucbatından ədəbiyyatımızın durumu biz gəncləri çox kədərləndirir (12).

Dr.Hüseyn Süleymanoğlu professional tənqidin və tənqidçilərin yaranmasının zəruriliyindən bəhs edərkən deyir: ”Bu gün hər zamankından daha çox şerimizin tənqidə və tənqidçiyə ehtiyacı vardır. Bir fransız tənqidçisi: “Pis bir tənqid belə, yolgöstərici ola bilər” deyir. Bizdə isə nə yazıq ki, pis bir tənqidçi belə, yoxdur (13‎).”

Uşaq ədəbiyyatının inkişafı ədəbi prosesin əsas hədəflərindəndir… 
Ədəbiyyat, milli mədəni irsimizin, eləcə də nəslimizin davamçıları, aydın sabahı-mızın qarantı, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, saf əqidəli, savadlı və hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatına bütün zamanlarda böyük ehtiyac olmuşdur. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması və nəşri sahəsində həmişə müəyyən boşluqlar olmuş, ümumədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının inkişaf yolu həmişə uğurlu, hamar və məhsuldar olmamışdır. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngimiş, “Bustan”, “Gülüstan”, “Divani-hafiz”, “Əbvabül-sinan” “Nanü-halva”, “Tarixi-Nadir”, “Sərbaz” və s. müqabilində Azərbaycan türk­lə­rinə öz doğma dillərində uşaqların mütaliəsi üçün əsər yaratmağa imkan verilməmişdir. Ona görə də qədim və orta əsrlər ədəbiyyat xəzinəsi uşaq mütaliəsi üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada, Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə-XIX əsrə aid ədəbi-pedaqoji hadisədir… XIX və XX əsrin əvvəllərində kifayət qədər ictimai və dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq oxusu nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanıb, bütöv halda araşdırılmamış, nəşr edilərək xalqa çatdırılmışdır. Təsadüfi deyil ki, bu gün bizim A.Bakıxanov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, S.S.Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş, Mirzə Nəsrullah, Hacı Səid və Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi və digər görkəmli nümayəndələri haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf mənzərəsində ağ ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalmışdır. Bu gün Vətənin həm Quzeyində, həm də Güneyində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin qida mənbəyinə çevirmək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir. Qeyd edək ki, Güney Azərbaycanda və İranda uşaq ədəbiyyatının təməlini Səməd Behrəngi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşı və qələmdaşı Mərziyə Üskülü Dalğa ilə birlikdə qoymuşlar.

Bu gün Güneydə “Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin” (Pifaqor), həqiqətini anlayır və gerçəkləşməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına və araşdırılmasına çağdaş dövrdə daha çox əhəmiyyət verirlər. Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyatın-da ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda «Həmid Araslı» tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376(1997)-ci ildə «Əsmər» nəşriyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazılmasını duyuruq; ancaq dərindən fikirləşdikdə, yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, «Söhbətül-əsmar»ın da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də mən deyərdim Şərq də) Füzuliyə aiddır (14).

Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri vardır. Fuzuli meyvələrin xasiyətlərinə uyğun sözlərdən faydalanır. Şairin bu vəsflərində bütün meyvələr özü-özlüyündə taysızdır. Heç bir meyvə, başqa meyvələrin yaxşılığını görmək istəmir və hər biri özünü yaxşıların ən yaxşısı bilir. Sonda bağa səyahətə çıxan adam da elə onların yaratdığı bu uyumsuz dünyalarından qaçmaq fikrinə düşür. Bu meyvələr arasında heç bir fikir və duyğu birləşməsi yoxdur. Onların hər birisinin davranışı «burda mənəm Bağdadda kor xəlifə» zərbül-məsəlini yada salır.” 

Əkbər Azadın “Firəngiz ilə qırmızı don”, Ramin Cahangirzadənin ”Ay suda”, “Nar”, Uşaq qoşuqları, Zöhrə Vəfayinin “Əl-ələ” Uşaq məktəbi-3, “Ana” Uşaq məktəbi-5, Məsumə Əjdərinin “Biz qurduq”, Pərviz Firuhərin “Xoruzun pulu”, Yaqub Vilhem Qıreym-Səməd Cabbarpurun “Xoşbəxt oğlan”, Ruqiyyə Əliqulunun “Lay-lay çaldım yatınca”, V.Sutayev, Eldar M.Sadıq “Miyov eləyən kimdir?”, Məhəmməd Abidinpurun “Alqış əmi”, “Yağış”, Fatimə Mir Həsənpurun “Dərsə gedən bir uşaq”, “Şir və siçan”, “Molla Nəsrəddin yolda” və“Sehirli torba”, Haşım Tərlanın “Uşaq dünyası”, Murtuza Məcidfərin “İşlər və uşaqlar: Bax gör kimdir? Nəçidir?”, Fəridə Dadxahın “Göyqurşağı (Farsca)”,Zəhra Vəlizadə M.Şimşək “Açıl çətirim, açıl”,Məhəmmədrza İsmayılzadə-Q.Məhəmmədəlinin “Meyvələrin Söhbəti-Söhbətül Əsmar Çeşməsindən”, Rəsul Rzanın “Quş Yuvası”, Günay Qaraağac və Xəlil Açıqgözün “Azərbaycan bayatıları” (1998)

Çağdaş Güney Azərbaycan ədəbiyyatının məhsuldar yaradıcılığa malik nümayəndələrindən biri olan Ramin Cahangirzadə III cildlik “Peşələr” və “Ailələr” adlı uşaq şeir məcmuəsini hazırda çapa təqdim etmiş, “Doymuram səni içməkdən” (yeni satirik şeirlər), “Mayallaq” (satirik nəsr əsərləri), “Minimal satirik şeir və nəsr əsərləri” – I və II cild, həmçinin uşaqlar üçün yazdığı “Sel qızı”, “Nazlı”, “Əlifba”, “Dörd fəsil”, “Xallı və allı”, “Qarışqam”, “Rəqəmlər”, “Boyalar”, “Çiyələk”, “Elay və İlkay”, “Heyvanlar” (3 cilddə), “Küçə”, “Tiraxtur basdı qaza”, “Dörd fəsil” adlı şeir, “Orxan və mani” adlı hekayə məcmuələrini isə nəşr üçün hazırlamışdır. Güneydə “uşaqların böyümə və inkişaf, xəyal, duyğu, düşüncə və duyarlılıklarına, zövqlərinə əyilərkən əylənmələrində iştirak etmək məqsədiylə reallaşdırılan çocuksu bir ədəbiyyat”a son dönəmlərdə marağın bu dərəcədə artması və inkişafının təminilə bağlı çalışmalar üzərinə Nadir Əzhərinin yazdığı fikirlərin tam bir gerçək olduğunu yansıdır: “İndiki vaxtda, gözəl bir kitabçı dükanına girən bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsimsiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, özyaşam əhvalatları, tarix kitabları, təbiətlə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şeylə əlaqədar düzinlərlə kitab rəfləri doldurar. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitapxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin da öz xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdu. 18. əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda konuşa bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağılına, başdan sona yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmağa başlanalı çox olmadı (15). Xosrov Barışanın uşaqlar üçün yazdığı şeirlərinin toplandığı “Gözəl quşum” kitabından “Ulduz” adlı bir şeiri fikirlərimə söykək ola bilər:

Ehey…Ehey…Ay ulduz; 
Yoldaşındır ay, ulduz.
 
Ulduz adlı bir qızam;
 
Adım sənə tay ulduz.
 

Tez-tez yanıb sönürsən; 
Göz vurursan hey mənə.
 
Çıxsam
 əyər dağa mən; 
Əlim çatar mı sənə?!
 

Nərdüvan qoyub dağa, 
Mən səni dərəcəyəm.
 
Anama sonra səni
 
Hədiyə verəcəyəm.
 
Şairin şeiri, onun kimliyinin, yaşamının əks-sədasıdır…

“Gerçək şeirin, əsl sənət əsərinin öz varlığından başqa bir məqsədi yoxdur. Özündə başlar, özündə bitər. Bütün soyluluğu da buradan gəlir. Heç bir şey yox idi şeirdən öncə… Və şeir insanı yaratdı (15).”

Ümumiyyətlə, türk şeirində çeşidli qonu-mövzuların yer aldığını, klişe və standartlardan uzaq şeir olduğunu bilən çağdaş dövrün şairləri “insan” yaradacaq, ruhunu təlatümə gətirəcək şeirlər yazmaq üçün həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada modern şeirə gətirirlər… Məhz bu baxımdan Dr.Hüseyn Süleymanoğlu “Bilimsəl”, Ziba Kərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar “Arəstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar… Deməli, bu gün Güney Azərbaycanın gənc şairləri “Avangard şeir”ə çox böyük maraq göstərirlər. 

Həmin maraq bu gün Güney Azərbaycanda müqavimət-dirəniş ədəbiyyatının dinamik inkişafını büsbütün təmin edir. Düşünürəm ki, Azərbaycan türklərinin dil və kültürlərinə qarşı hücumlar davam etdikcə, Güney Azərbaycanda muqavimət ədəbiyyatı da inkişaf edəcək, yaşayacaqdır. Doğrudur, İranda Azərbaycan muqavimət şeiri hələ də bütünlüklə ayrılıq, həsrət, motivlərindən ayrılmayıb. Çünki hazırda dünyanın bir sıra ölkələrində mühacir həyatı yaşayan bəzi şairlərin doğma yurddan uzaqda vətən həsrətilə qələmə aldıqları şeirləri də, heç şübhəsiz, bu kateqoriyaya daxildir. Hadi Qaraçay, Əlirza Miyanalı, Əziz Səlami, Nuşin Musəvi, Türkan Urmulu, Dr.H.Süleymanoğlu, Ramin Cabbarlı və başqalarının həsrət şeirləri Vətəndən ayrılığın cövründən, qürbət acısından yaranmış ən bitkin poeziya nümunələridir… 

Güney şair və yazarları ədəbiyyatı inkişaf etdirmək üçün ədəbi dərnəklərin fəaliyyətini də önəmli sayır və bu sahədə aktivlik nümayiş etdirirlər. Xiyov, Təbriz, Zəncan, Urmu, Sulduz, Tehran, Ərdəbil və s. kimi şəhərlərdə, İran İslam Mədəniyyət Nazirliyinin yerli şöbələrində ədəbi dərnəklər fəaliyyət göstərir. Məs:Təbriz şəhərindəki “Çağdaş Yazınsal Dәrnәk”də daha çox gənc şairlər toplaşır. Zəncanda isə Seyid Heydәr Bayat və qələmdaşları hәr hәftә “Füzuli gecәlәri” dәrnәyindә və yeni yaratdıqları “Qara Dәrnәk” adlı cәmiyәtdә klassik və modern әdәbiyyatla bağlı söhbәtlәr aparır, şeir məclisləri qurur, yeni şeirlərini oxuyurlar. 

2013-cü ilin çap məhsullarından, internet resurslarında yer alan əsərlərdən də görünür ki, Güney Azərbaycanda bütün gücü ilə inkişaf edən milli poeziya və nəsrdə, eləcə də modern ədəbiyyatda bədii təcəssümün predmeti, yalnız gerçəkliklər, reallıqlar, həyatın diktə etdiyi əlahəzrət faktlardır. Faktlara söykənən ədəbiyyatda isə ilk olaraq yansıyan orijinallıq, təbiilik, özünəməxsusluq olur…

Modern şeirdə Şarl Bodlerin və Nazim Hikmətin açdığı cığırı yeni səpkili şeirləri ilə genişləndirən Ramin Cahangirzadənin ötən il ünvanıma göndərdiyi ömürlük-tərcümeyi-hal da məhz orijinallığı, yeni çalarları ilə diqqətimi çəkdi və bu nümunənin ömürlük yazma ənənəsində bir yenilik, ilk olduğu yansıyır. Əminəm ki, postmodernist şairi oxucuya daha yaxından tanıdan, onun iç dünyasını, xarakterini açan bu misralardan daha gözəl vasitə ola bilməz. Bu bir şeir parçasıdır, amma bu parçada “anasının iztırablarından boy atıb boylanan, Günəşdən çörəyi çıxan, bir əkinçi balası”nın-Ramin Cahangirzadənin kimliyi yansıyır:

Yekə – yekə cırmağıma baxmayın, 

Çox da yekə deyiləm: 

Boyum 165 sm, çəkim 60 kq, 

Adım “Günəş tanrısının oğlu” anlamını daşısa da, 

Günəş tanrısının oğlu deyiləm… 

Sadəcə anamın iztırablarından boy atıb boylanan, 

Günəşdən çörəyi çıxan, bir əkinçinin balasıyam. 

Ayaqyalın bir uşaq idım. 

Böyüyüb, böyüyüb, 

Yekəlib, bu günə düşmüşəm… 

İlan ilində dünyaya ayaq basdığım üçün 

Dilimdən zəhər tökülür… 

Hərdən sürətlə gedib Özümdən çıxsam da, 

Çox da uzağa gedən deyiləm… 

Tez qayıdıram özümə… (16)

Modern və postmodern üslubda yazdığı maraqlı şeirləri ilə oxucuların diqqətini çəkməyi bacaran Ramin Cahangirzadənin “Qarpızlanma” adlı yeni şeiri də 2013-cü ilin poeziya məhsuludur. Gənc şair bu şeiri ilin sonunda-dekabr (Aralıq) ayının 28-də FB səhifəsində paylaşmış, həm də bu şeirlə Azərbaycan xalqının Çillə bayramını da qutlamışdır… Haqqında bir az geniş bəhs açacağım əsərdə, göründüyü kimi, motiv ənənəvidir, amma ənənəviyə yanaşma metodu tamamilə yenidir. Yeni təfəkkürlü modernist şair “Qarpızlanma” şerini məhz Çillə gecəsində hər bir türkün evinə sevinc gətirən Çillə qarpızlarına, eyni zamanda bu uzun gecədə kimsəsiz, yalqız və yuvasız qusları, eləcə də yurdsuz, evsiz-eşiksiz qarındaşlarını da unutmayıb və bu orijinal əsəri onlara da həsr edib… Lakin şairin əsas hadisəyə münasibəti elə birinci bənddəcə, bıçağı çəkən kimi Çillə qarpızının cırhacırla kəsilməsi, rəngi qara olan qarpızlardan çıxan qırmızı suyun ürəkdən axan qana bənzədilməsilə bitir, sonra isə yaşadığı həyatın reallıqlarına söykənən fərdi düşüncə və yozumları sıralanır:

Pıçaq çək! Cırhacır düşəcək! 
Bax! Qara qarpızların da ürəyindən
 
Qan süzüləcək!..(16)

Şair növbəti beytdə yaşadığı cəmiyyətdə mövcud olan naqisliklərə, “ağıllı”, işgüzar, iş bilən adam təsiri oyatmağı və bu yolla üzdə olmağı bacaran ləyaqətsiz insanlarda müşahidə etdiyi mənəviyyatsızlığa postmodernist münasibət bildirir və düzgün, açıq mövqe sərgiləyir:

Qoltuqlarında qarpız gəzdirənlər 
Dünyanı qarpızla almaq istəyirlər…(16)

Göründüyü kimi, misralarda hədsiz lovğalanan yalançı işbazlar nəzərdə tutulur. Belə adamlar fərsiz, simasız, yaltaq insanlar tərəfindən o qədər tərif yağışına tutulur, “qoltuqlarına qarpız verilir” ki, onlar sanki qarpız kimi şişir və dünyanın ayaqlarının altında olduğunu sanırlar və hər şeyə yalan-palanla, küy-kələklə nail ola biləcəklərini düşünürlər. “Bir əldə iki qarpız tutmaq olmaz” ata sözünü yaxşı bilsə də, Ramin, əsl postmodernist-yenilikçi və əskici-klassik tərzlərin hər ikisini bir əldə tutmağı bacarır. Ancaq bu iki cəhətin vəhdətindən yeni təfəkkürün işığında yaranan fikrin mahiyyətinə varmaq o qədər də asan olmur. Görünür məhz bu səbəbdən Klement Qrinberq yazırdı ki, “Yüksək sənət yaratmaq adətən çətin və üzücü bir işdir, amma modernizmdə yüksək sənəti anlamaq yaratmaqdan da çətindir.”

Qarpızlanmağızı dilimləyib yedim 
Keçəl olmaqdan qorxub
 
Qabığını yeməkdən çəkindim…(16)
 

Valter Benyaminin söylədiyi “Hər bir şəxs, hər bir şey, hər bir əlaqə mütləq şəkildə istənilən başqa bir şeyi mənalandıra bilər (14).” Ramin qarpızları müxtəlif yöndən mənalandıraraq demək istədiyi mətləbləri uğurlu ifadə etməyi bacarmışdır. O, “Qarpız satırsız…Qarpız alırsız… Heç bilirsizmi, alıb satdığınız qarpızlar öz içlərini yeyirlər?! – dediyində də haqlıdır, çünki bəzən qarpızları kəsərkən içinin boşalıb tumlarının töküldüyünə təsadüf edilir və bu bir qarpız-məhsul ömrüdür, kəsilmə vaxtı keçincə xarab olur. Amma bu sualla Ramin şeirin alt qatındakı məna haqqında fəhmlə düşünməyə yönləndirir oxucusunu: “Ey qoltuğu qarpızlılar, yalançı qəhrəmanlar, içi və başı boş siyasətçilər, qrafomanlar insanları, xalqı həmin boşluğa-heçliyə-bədbəxtliyə sürükləyirsiniz, çəkilin mənasız mövqeyinizdən!!!

“Müasir şeirdə miflə bu günün mistik möcüzələri, irreallıqla ən real həyat görüntüləri, zaman və zamansızlıq bir araya gəlir. Dünyanın obrazı yaranır və bu dünya obrazında Yer vətəndaşı şairin öz dünyasını seyr edirsən (diasportv.com).” Doğru fikirdir, Ramin son bənddə yenə də xalqının mifoloji görüşlərinə baş vurur, Qurban bayramı ilə bağlı səhnəyə Çillə qarpızlarını gətirir və onları qurban kəsib öz dünyasının sətiraltı mənzərəsini cızır: – Bəlkə bu qurbanlar qəbula keçər, Tanrı qara gecələrin uzunluğunu gödəldər və Güney xalqı azadlığına qovuşar!

Qarpızları qurban kəsdik 
Çillə gecəsində
 
Bəlkə tanrı gecəmizi güdəltdi…(16)

Tədqiqatçı yazar Eyvaz Taha postmodernizmin universallığı car çəkən modernlik-dən baş qaldıraraq bütövləşdirici ideologiyalara qarşı yarandığını və ideologiyanın da dünyanı iki-xeyr və şər cəbhələrə böldüyünü, işığa, nura və zülmətə, qaranlığa dalan ikili bir vəziyyət yaradaraq bizlərlə onlar, yəni, inqilabla əks-inqilab arasında Berlin divarı çəkdiyini deyir. Ancaq postmodernizmin hər iki düşərgənin içində mozaikalara bənzəyən bir vəziyyət olduğunu vurğulayan yazar əks düşərgələrin bir-birindən o qədər də aydın cizgilərlə ayrılmadığını, marjinalla orijinalın sərhədlərinin pozulduğunu söyləyir: “Postmodernizm müəyyən bir ideologiya deyil, modernliyi kəskin tənqidlərlə qarşı-qarşıya qoymuş qeyri-sistematik və çoxşaxəli düşüncə, araşdırma və yaradıcılıq tərzidir. Fəlsəfədə, memarlıqda, musiqidə, ədəbiyyatda və siyasətdə ənənəvi ideologiya mərhələsini arxada qoymaqdır (17).”

İstiqlal, bağımsızlıq uğrunda mübarizə onların şeir və poemalarında ana xətdir. Çünki “hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır. Bir məsləkli iki adam, qardaş kimidir,” – deyirdi Ş.M.Xiyabani…

“Qar yağanda ”Xoy”a, Qulaqlarım üşür, Bırnım ucu göynür, Şeir barmaqlarım ucunda buz bağlayır. Qanadları qırov bağlayan sərçələri düşünüb. ”Urmu”dakı qarğala-ra dən səpməliyəm”,- deyən Məsud Haray üçün bütün dərdlərin dərmanı adını böyük hərflərlə yazdığı Vətəndir. Bu Vətənin baş şəhəri olan Təbriz təkcə Məsud Haray üçün deyil, Hadı Qaraçay, Hümmət Şahbazi, Əziz Səlami, Rəsul Yunan, İsmayıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiyav, Nadir İlahi, Huşəng Cəfəri, Seyid Heydər Bayat, Nadir Əzhəri, Mir Cəlil və Mir Camal Hüseynilər, Bəhruz Sədiq, Dr.Hüseyn Suleymanoğlu, Mə­sud İslamı, Səid Muğanlı, qəzəl şairi Baraz, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Həsənpur, Ramin Cahangirzadə, Rza Ehsani, Elşən Böyükvənd,Əli Daşqın, Ədalət Duman, Maral Təbrizli, Əfsanə Sulduzlu, Rüqəyyə və Həsən Səfərilər, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Ramin Cabbarlı, Türkan Urmulu, Xosrov Barışan, Murtuza Səlmani, Bəhmən Ərk, Saleh Səccadi, Məhəmməd Azərşin, Lalə Ca­van­şir, Ziba Kərbasi, Alma Muğanlı, Vahid Tələt, Solmaz Mə­həmməd Rizayi, Qadir Cəfəri, Ayman Qulu­zadə, Behruz Sədiq, Bəx­tiyar Muğanoğlu, Ərgin və b. üçün də müqəddəs bir məkan, ictimai-siyasi hadisələrin, milli azadlıq uğrunda aparılmış savaşın, inqilabların beşiyidir… Təbriz onlar üçün bütün Azərbaycan deməkdir, Azərbaycan isə Təbriz!!! Şeirlərində Pekin, Paris, London, Frankfurt və İstanbul kimi şəhərlərlə qiyaslanan Təbrizin tarixi yerlərindən, siyasi və mədəni hadisələrin mərkəzi olmasın-dan, xarici müdaxilələr, daxili çəkişmələr üzündən əsrlərdən bəri yaşadığı acılı-şirinli günlərindən bəhs etmək hər bir şairin sanki baş görəvidir. Sevgi şeirlərində belə Təbriz əsas obraz kimi canlanır, ürəyi yaralı, ağaclarının kökü qanla suvarılmış, “dodaqları” qanlı, ötəri sükutundan darıxan, səbrsizləşən Təbriz:

Bax, biz Təbrizik, 

Sevgi havasıyla erkən oyanmış 

Buludlar bulvarlarını baharlandırmış 

Bizdə bitən iydə ağaclarının kökü qandadır, 

Dodaqlarımızın belə kökü qanda… 

Biz Təbrizik, Səssizik, 

Darıxırıq… (Kiyan Xiyav:”Təbriz və biz-ikili yalnızlıq” poemasından)

“Yəhudilər bütün haqlarına qovuşmadıqca heç bir fransız hür-azad ola bilməz, Fransada, yaxud dünyanın harasındasa bir yəhudi, həyat və ölüm qorxusu içində titrədikcə, heç bir fransız özünü güvəndə hiss edə bilməz (18.s.16). Bu gerçək Güney şairlərinin əksər şeirlərindən alov dilimləri tək şahə qalxır… Əslində, “gülləri solduran özü gülə bilməz, ya da, qonşusu aç olan yata bilməz…” həqiqəti də unudulmamalıdır. Bu həqiqəti anlamayanlar başqa xalqların azadlığına, bağımsızlığına xor baxır, milli haqlarına sahib çıxırlar. Kiyan Xiyava: “Həyata tapşırın sevməsin məni, mən çoxdan adaxlamışam ölüm qızını!..” kimi misraları yazdıran da elə xalqının varlığına bu xorbaxma, milli kimliyinin əsarət altında xırpalanmasıdır.

Bu gün Güney Azərbaycanın çağdaş şairləri, yaradıcı gənclik “Füzulinin, Əliağa Vahidin qəzəllərilə deyil, birbaşa Əlirza Nabdil Oxtayın, Nazım Hikmətin, eləcə də dünya miqyasında tanınmış, mənimsənmiş şeir, poeziya dəyərlərinin qapısından girərək (H.Qaraçay)” şeir, poema, yaxud hekayə-öykü, roman yazmağa başlayırlar. “Dünyada dinsiz-imansız dinçilərdən savayı, heç nədən, heç kimsədən qorxmadan” söz meydanında Vətən naminə, azad Təbriz uğruna savaşırlar: 

Yazmaqdan yorulmaram 
Yazmamaqdan boğularam…
 

Düşündüm ki, sən varsan, 

Umudum var, ey Vatan! 

-deyib Vətəni son umudu sayan Məsud Harayın əsir Vətəninin haraylarını eşidib ürəyi şan-şan olanda, hərdən şiddətlə darıxanda, yer kürəsinin, mavi göyün kiçildiyini, hətta bir-birinə girdiyini düşünən anlarında yer kürəsinin kiçildiyinə, mavi göylərin daralmasına görə sevdiyinin darıxmasını istəmir! “Dünyalar içimdə” şeirində bütün varlığı içinə daşıyıb dərdinə üzüləndə qızı Burla Xatunun üzünə baxıb gülümsəməsi yeganə təsəllisi olur, lakin gizli göz yaşları yenə də içindəki daim təlatümlü, dalğalı dənizə axır: 

Dünyalar içimde,yoxsa Dünyalar içindəyim? 
Üzgünüm, yoxsa
 üzüntülüyüm. 
Sevgilim: -Bunlari dilə gətirməsən, şirinləşir həyat deyir. 
Necə ki, acı bibərlər içinde, acı-şirin bibər axtarışı kimidir. 
Və qızım üzümə güləndə gülür dünya üzüməöylə ki, 
Az qalır göz yaşlarıma boğulam içimdə… (19)

İnsanın həyata bağlılığı, ümumiyyətlə, inamların, ümidlərin və arzuların üzərində qurulur, arzular insanın sabaha açılan qol-qanadı, həyatıdır. Bu həyata olan ümid isə insanın qəlbində son nəfədək yaşayır. “Ümid sonda ölur” atalar sözü də bu məsələdən qaynaqlanaraq yaranmışdır. Lakin Məsud Haray üçün son ümid Vətəndir və bu, onun üçün olduqca əziz, qiymətlidir, lap özü kimi, görən gözü kimi… Şair məhz bu nədənlə də: “Umudumu, kimsənin əlinə verməm, qoluna bağlamam, mən umudumu içimdə, özüm kimi, gözüm kimi saxlaram”, deyir…”Miqren” şeirində “Səni düşündüyümdə, miqrenim başlar, səni düşünməyəndə də. Sən miqrenimsən, mən də sənin dəlin Vətən,-deyərək Vətən üçün dəli olmağın belə mümkünlüyünü hayqırır. “Qara bulut” şeirində Günəş olmasa da, qara buludların bağrını çatladacaq qədər işıldaya, nur saça bilir:

Arzılarım geniş, Xıyavanlar darısqal, 
Küçələr isə Pişik yolağı
 
Burada səni gəzmək,
 Burada səni bulmak 
Burada səni yaşamaq
 o qədər zor ki 
Arzılarım kiçilir,
 könlüm xəncərlə biçilir, 
inciyir, Vətən!.
 (19)

Qəlbi Vətənin bağımsız, azad günlərini görmək yanğısı ilə yanıb-tutuşan Məsud dərdin məngənəsində nəfəsi darala-darala bayatı çağırır, analarımız, nənələrimiz, dədə-babalarımız-ulularımız… qürbət acısı yaşayan bir çox qərib soydaşlarımız kimi:

Dağ üstə dağ olardım 
Köyneyi ağ olardım.
 
Vatan özgürlüyündə
 
Ölməyib sağ olardım.(19)
 

Möhsin Kondrinin də “Vətən” adlı şeirində Vətən sevdasının dərinliyində batma-maq oxucunun əlində deyil: 

Ana yürəğidir, əkmək yarısıdır vatan… 
vatan, aşımız,
 işimiz, tasamız, toprağımız  
çakıl taşımızdır vatan…
 
vatan
 sevgimiz, sevdamız, sevincimiz, kayğımız 
uğruna kavgamızdır vatan…
 
vətən
 amacımız, tutkumuz, ülkümüz, 

yazılmamış öykümüz 
əbədi yurdumuz vatan…
 
vatan
 damarlarımızda dolaşan kan 
ay yıldızlı bayrakla donatılan
 
gölgəsində yattığımz yerdir Vatan…

Şəhər elementlərinin bol-bol sirayət etdiyi modern şeirin bir qanadı məhz şəhərlərin tarixinin və bu günkü inkişafının yaratdığı qeyri-ənənəvi mənzərənin bədii təsviri önəmli yer tutan poemalardır. Bu tendensiya son dövr yaradıcılığının ana xətti kimi yansıyan Kiyan Xiyavın “Təbrizin saatı səkkiz”, “Tanqosuz Təbriz”, “Təbriz və biz-ikili yalnızlıq” poemalarında da izlənir. Bu gün Güney Azərbaycan poeziya və nəsrinə dünya ədəbi, estetik-fəlsəfi fikir cərəyanlarının etkisi göz önündədir. Bu təsir həm ənənəvi-realistik, həm lirik-romantik üslublarda qələmə alınan, həm də modernizm təmayüllü əsərlərdə özünü göstərir. Quzey Azərbaycanda şairlər bu gün poema janrına niyə müraciət etmir, yaxud bu janrda nə üçün az əsərlər yazılır?-kimi suallar üzərində düşünülürsə, Güneydə bu problem yoxdur. Təkcə Kiyan Xiyav son illərdə bir-birindən maraqlı 10-dan çox poema qələmə almışdır. “Aman sevgilim!”, “Faciə (avtobioqrafiya)”, “Hopbul-hop”, “It bayramında qartal ardınca”, “Ölüm-dirim savaşında”, “Gömülmüş bir şəhər içində, yalnız”, “Bir yaşarı, bir öləri torpaqda”, “Şallaq sevgisi” kimi epik təsvirli poemalarında Təbriz dünyası yaradan və yurddaşlarının qan yaddaşını oyatmaq üçün çaba göstərən K.Xiyav yeknəsəklikdən qaçır. Mövzu, motiv, bədii hədəf baxımından oxşar olan bu iri həcmli əsərlərə ucalardan uca bir türkçülük ruhu hakimdir. Masmavi göylərin rəngini özünə simvol seçən Türkün rəngi mavidir və turançı, türkçü Kiyan bəyin gözü ilə baxdıqda bu rəng bütün yabançı rənglərdən gözəl və dəyərlidir…

Didərgin gedən bir qatar göyərçin düşünürəm 

Onlarla gen- geniş bir mavilikdəyəm… 

Qonacaq bir yerim olmasa belə. 

Mavi, mavi, bizimki mavidir, gülüm, 

Türklüyün rəngi mavidir, 

Göy Tanrı deyib göyə, günəşə tapınıb əski türklər… 

Dəyər bütün yabancı boyalara…

Dünyaya səpələnmiş türkləri və bir-birindən ayrı salınmış türk yurdlarını “Didərgin gedən bir qatar göyərçin”ə bənzədən Kiyan Xiyavın “Təbriz və biz-ikili yalnızlıq” poemasından gətirdiyimiz bu örnəkdən də göründüyü kimi, həqiqətən şeir “kölgəni rəqsə çağıran bir səsdir (Karl Sandburq)…” Şair və qəhrəman eyni kökdəndir, şairin təsvir etdiyini qəhrəman həyata keçirir (Alfons de Lamartin), həqiqəti onun məhz lirik və epik təsvirlərin balansını yaratdığı poemalarında ən ali səviyyədə qorunur. Bu poemalarda tarixi köklərimizə qayıdışa, özünüdərkə çağırış, əzmkarlıq, üzləşilən acılara sinəgərmə, düşmənin qarşısında sınmama, nə zamansa qalib gəlmək və ali məqsədə çatmaq inancı, mübarizlik ruhu əsas götürülüb və inqilablar beşiyi, mədəniyyət mərkəzi qədim şəhər müqəddəs bir varlıq-kult kimi təqdim olunur:

Biz bitik yatağında yatanlarıq 

Oyanınca bir başa Təbrizə çıxırıq. 

Soyuq havaların isti anılarında 

Bir- birimizi düşünmək olur yaşamaq… 

Yaşamaq örnəyin evin eyvanından 

Təbrizə boylanmaqdır…

Poemalarında Türklüyün tarixinin dərin qatlarına enən, yeddi Türk elinin-Türküstanın canavar xislətlilər tərəfindən hazırkı parçalanmış, təklənmiş, işğala, əsarətə məruz qoyulmuş və çarəsiz duruma salınmış mənzərəsinə soyuqqanlılıqla baxa bilmir. Təbriz kimi ulu şəhərin o möhtəşəm tarixinin sanki gömüldüyünə, bir vaxtlar bütün dünyaya meydan oxuyan bir xalqın çağdaş varislərinin yalnızlığına ağlayır:

Anlaşılmadı bir insan 

anlaşılmayır bir insan 

anlaşılmayacaq bir insan ki 

aranızda böyüdükcə 

böyütdü yaralarını həsrətli 

və xərc etdi nafilə yerə qəlbini. 

İki ağlar gözlərim var 

yeddi ölkəcə iri 

yeddi məşəlcə diri 

amma gömülmüş bir şəhərin yorğun şairi… 

Güney yazarlarının Vətən sevdasının bir şaxəsi son illərdə gündəmdən düşməyən Urmu gölü hadisələridir. İstedadlı şair İsmayil Cəmilinin “Urmu gəlini” şeirində qurumaqda olan gölün məhz bugünkü ağır vəziyyəti, real durumu ən təsirli bədii dillə canlandırılır… Urmu gölü yenə də mavi gözlü duzlu gəlin, Urmiyanın ağ don balası, “Sən elimin əzizisən, Azərbaycan dənizisən” kimi epitetlərlə öyülür. Lakin şairin sevə-sevə vəsf etdiyi təbiət gözəlinin “tülkülərin pusqusu, quduz yadların qurğusu” ilə artıq qara bəxti yazılıb, gölə təbii yolla axan gür çayların səmti dəyişdirilib, yolundan azdırılıb, nəticədə “ırmaqları dustaq, dalğaları duzlağ”a çevrilib. Qara bəxtin cızdığı sonrakı ömür yolunda duzlu gəlinin “ağ qanadları da sınıb, can yarası göz-göz olub, çiçəkləri yarpaq-yarpaq solub, buludları sürgün olunub. Ağ xələti biçilmədə”-kəfəni hazırlanmaqda və sanki “son bardağı içilməkdə” olan gölün halına yanan el-obanın üzgünlükdən beli bükülüb: 

Dadsız qalan duzlu gəlin 

Duru mavi gözlü gəlin 

Urmunun ağ don balası 

Göz-göz olan can yarası… (20)

Urmu gölünün sürətlə qurudulduğu son illərdə İsmayil Cəmilinin də ifadə etdiyi kimi, dərdi yerə-göyə sığmayan Güney Azərbaycanın milli fəalları meydanlara axışaraq bu duruma qarşı etiraz səsini ucaldır, aksiyalar keçirir,rəsmi dairələri, İran hökumətini təbii fəlakətin qarşısını almağa çağırır, tələblər irəli sürür, dünyanın, beynəlxalq qurumların diqqətini Urmunun faciəsinə yönəltmək istəyirlər. Güney ziyalıları-yazarlar da bu mübarizəyə qoşularaq xalqla çiyin-çiyinə hərəkət edir, öz sözlərini daha çox qələmin gücü ilə deyirlər…

Gənc yazar Ruqәyyә Kәbirinin 2013-cü ildə yazdığı “Yasasız törәn” adlı şeirində “görülən profilaktiki tədbirlər sayəsində” artıq 80 faizi quruyan Urmunun durumu o qədər orijinal təhkiyə ilə bədii-poetik əksini tapıb ki, oxucu özünü bu yasadışı toy mərasiminin içində hiss edir, bir növ hadisələrin iştirakçısına çevrilir. Canlandırılan aydın mənzərələr, cızılan tablolar qarşısında heyrətdən dil susur, ürək danışır, gözlər qan ağlayır: I tabloda yasadışı toydur, törənin məkanı Urmudur, amma çal-çağırsız, heç bir oyunsuz, rəqssiz-filansız… Sanki yas mərasimi qurulub, törənin qonaqları isə “damarı yaralanmış bir el”dir. II tabloda gərdək gecəsidi, bu gecənin qəhrəmanı isə gəlindir… Gəlinlik paltarı duzlaqdan, boynuna taxılan boyunbağı okean mirvarisi deyil, Urmunun duz dənələridi…Və gərdəkdə sevişən, bir-birinə eşqini isbatlayan cütlüyün sevişmələri ağı deyir… III tablodaisə final daha tükürpədicidi, daha acı bir gerçəyin mənzərəsi cızılır. Gərdəkdəcə hamilə qalan gəlinin dölü “Ölüm” adlı bir yaratıqdır. Sözün bitdiyi yerdir artıq… Ölümə məhkum edilmiş Urmunun bugünkü halını bundan doğal, bundan real necə anlatmaq olar?! “Yasasız törәn”ə üz tutaq: 

Zaman mitray doğulan çağ deyil, 

1391-nci günәş ili 

Mәkan-Urmu dәnizi… 

Yas rәngindә, Yasasız, Ayın-oyunsuz bir törәn 

Gәrdәk gecәsi… 

Dәvәtlilәr, Damarı yaralanmış bir el… 

Hamun dәnizindәn iki canlı qalmış bakirәdәn danışmıram. 

Gәlinliyi duzlaqdan, Boyun-boğazına düzülmüş, 

Okeanların sәdәflәrinin ürәyindә gizli qalmış 

Mirvarı deyil, Duz dәnәlәri… 

Sevişmәlәri ağı ağlayır… 

Urmu dәnizindәn iki canlı qalmış qız gәlin 

Dölündә Ölüm adlı bir yaratıq 

Mitray doğulan çağ deyil 1391-ci günәş ili 

Yasasız, Ayın-oyunsuz bir törәn… (21)

Xosrov Barışanın “Duzlu gəlinim” şeirində də motiv eynidir, amma yanaşma tərzi fərqli səpkidədi… Şeiri oxuyur və şahid olursan ki, Urmunun real durumu hər bir qələm sahibi kimi, gənc şair Xosrovu da düşündürməyə bilmir. “Ey səni özgə özgəyə pay verən”, – deməklə tarixə ekskurs edən gənc şair “Paydan pay olmaz” atalar sözünü xatırlayaraq Türkmənçay müqaviləsilə iki imperiya – Rusiya ilə İran arasında pay-pürüş edilən, “özgənin özgəyə pay verdiyi” gözəlin cəhənnəmə məhkumluğuna, məhv edilməsinə üzülür. Onun kədəri misralara hopur, duzluluğu duzlağa dönüşən, ahının burulğanında bir yarın, bir gələcək dağılan, yəni, sabahı məhv edilən Urmunun-doğmasının, əzizinin, var-yoxunun düşdüyü çarəsiz duruma yanıb-yaxılır:

Ey səni özgə özgəyə pay verən 
Damo bəzək
 duzlu gəlinim; 
Gözlərin
 göm-göy bir dəniz… 
O(Bu) yenələnən heçlaqda
 
Gərdəyə girəcəksən!
 
Qızlığı getmiş bir kəniz.
 
Yumruqların izindən
 
Göm-göy bir bəniz… 
 
Dərd çox,
 həmdərd yox,yanıram… 
Ağlaya bilməyirsən,
 yağıram.

“Sevgilisiz ögey bir dul kimi korlanacağına, hətta turşuyacağına” üzülən və obrazlı təhkiyə sərgiləyən şair “Adını Urmu qoyduğum Sevgilimi qurtarmağa” getmək – fədakarlığına da hazırdır, təki “bağrı çatlamış… qəbir gözlü gözəli”, sevgilisi-Urmu gölü ölümdən qurtulsun… Yoxsa şeirinin gəmisi kapitansız qalacaq Xosrovun, düşüncə dalğaları dodu-dodu dolanacaq… Və nəhayətdə, “Duzlu gəlinim” şeirinin son misrala-rında Xosrovun apardığı orijinal paralellik-canlı metafora və tragedik açıqlama xəncər tək birbaşa ürəyə saplanır: “Sevişmək artıq yasaqdır. Gəlinlik var, Gəlin yox!”(22. s.31)

Bütün bu nümunələrdən də göründüyü kimi, Urmu gölünə son dərəcə həssas münasibətin, şəninə neçə-neçə şeir və poemaların həsr edilməsi təsadüfi xarakter daşımır və bu fikir son illərin elmi axtarışlarında bir daha öz təsdiqini tapdı. Arxeoloji qazıntılar zamanı Urmu gölünün sahilində yerləşən Urmiya şəhərinin kənarındakı Həsənli qəbiristanlığında toplu məzarların aşkar edilməsi 1918-ci ildə erməni cəlladlarının 150 mindən çox Azərbaycan türkünü qətlə yetirməsini əyani olaraq aşkara çıxardı. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycan türklərinin qanuni ata-baba torpaqlarını zəbt edərək burada “əzəmətli” Ermənistan yaratmaq istəyən ermənilərin türklərə qarşı soyqırğını əməliyyatı İrəvan, Göyçə və Zəngəzurdan başlasa da, Azərbaycanın nə quzeyindən, nə də güneyindən yan keçməyib. “Həmin qanlı olayların izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşləri, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə türklərə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə, 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdirsə, Güney Azərbaycanda, təkcə Urmu və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir (23).” 

Dedi: Diş fırçan yoxmu sənin?Var – dedim. 

Dedi:-Nədən böylə qoxuyur ağzın pişik ölüsü tək? 

Ah, dostum, dedim:-İçimdə kəfənsiz bir ölü yaşayır 

Və günün bütün saatlarında 
içimə ağıları ilə yeyə vuran bir qara geyimli ana…
 
Nə bir molla, nə də meyit namazı qılan insan.
 
Yalnız damarlarındakı
 
laxtalanmış qanı sümürən milçəklərin ziyafətidi
 
və qorapalana döndərdikləri meyitdə
 
yas düyüsü olan qurdların.
 
Bir ölü yaşayır içimdə
 
mənimsə əllərim qoynumdadır.

Gənc şair Elşən Böyükvəndə bu misraları yazdıran bütöv Azərbaycan torpaqlarında türkün düşmənlərinin qətlə yetirdikləri soydaşlarımızın neçə-neçə toplu məzarlıqlarının aşkara çıxarılması deyil, XX əsrin I rübündən etibarən misli görünməmiş haqsızlıqlara uğradılan, hüquqları, ana dili, milli dildə eyitimi əlindən alınan bir xalqın-dilsiz bir elin düşürüldüyü mövcud durumudur. Vətəndaş şairimiz Bəxtiyar Vahabzadə dünyada özü bir varlıq kimi mövcud olmayan, lakin Latın adlı dilinin yaşadığını, toplum olaraq 50 mln-a yaxın nüfusa malik azman bir elin Güney parçasının dilinin bağlı-qadağan olduğundan, Quzeyində isə “qapı dalında” saxlanılıb küçümsədilməsindən yazırdı “Ana dilim” şeirində… Elşənin də dilsiz bir ölü misalı olan bəlalı elini və onu bu durumdan qurtara bilməyən çarəsiz bir yurddaş olduğunu “Bir ölü yaşayır içimdə, mənimsə əllərim qoynumdadır” misralarından daha təsirli necə demək olardı?!

Güney şairləri Quzey Azərbaycanın bir sıra rayonlarının quduzlaşmış işğalçı Ermənistan dövləti tərəfindən ələ keçirilməsinə, xalqın düşmən əsarətində olan Qarabağ dərdinə də laqeyd qalmır, bunu bütöv Azərbaycanın dərdi, problemi kimi qəbul edir və onun çözülməsi, ədalətin bərqərar olması uğrunda mübarizə aparırlar. Qarabağ problemini, hətta “dərdli Təbrizin qanı qurumayan yarası (M.Əzizpur)” belə sayır, bu mövzuda yeni-yeni əsərlər qələmə alırlar. Mir Camal Hüseyni ”Qarabağda” şeirini, adından da göründüyü kimi, Qarabağ hadisələrinə ithaf edib. Ermənistanın işğalı altında olan və xilaskarlarını gözləməkdən “gözlərinə su gələn, saçlarını ağardan” Qarabağın, Xocalının, Zəngəzurun, Kəlbəcərin, Laçının, Şuşanın ağrılarına ürəkdən yanan şair qədim türk yurdlarının düşmən tapdağından qurtuluşu üçün artıq əməli fəaliyyətə keçməyin, əsir torpaqlarımızı azad etməyin vaxtının çatdığını bəyan edir. Artıq dözüm biçağı sümüyə dirənib, gərək Xan  Şuşinski Qarabağ şikəstəsini oxusun, zəngulə vursun, Heyrati, Cəngi, Koroğlu çalınsın, qoy elimin hər bir qocağı eşitsin, savaş çağı, kişilik çağının çatdığını bilsin və hər kimsə ki, vətəni anası bilir, əyninə kəfənin geyinib döyüş meydanı-na buyursun, ermənisifət yağılara qan qusdursun, Şuşada vətən bayrağını ucaltsın, yoxsa,“Çətin ki, bizi Xocalı bağışlar”:  

And olsun ürəkdə qalan sözlərə 

Qızların döşünü yaxan közlərə 

And olsun süngüylə çıxan gözlərə 

Erməni qusacaq qan Qarabağda… 

Arzumdur, elə ki, basıldı yağı 

Ucaldı Şuşada vətən bayrağı 

Görəydim yuxudan ayılan çağı 

Sökülmüş bu səhər dan Qarabağda…

Əli Daşqın, Ədalət Duman, Nurəli Qurbanzadə, Məlihə Əzizpur, Huşəng Cəfəri, Əlirza Miyanalı, Eldar Muğanlı, Həsən İldırım, Kiyan Xiyav, Türkan Urmulu və digər şairlər bu dərdin ağırlığını ürəklərində və şeirlərində daşıyır, ədəbiyyatda, poetik sözdə Qarabağ olaylarının bədii təcəssümünü yaradırlar.

Bu gün Güney Azərbaycanda milli fəalların milli kimlik və ana dili uğrunda apardıqları mübarizə, bu mübarizənin çətin yollarında onların yaşantıları, zindan əzabları da ədəbiyyatın mövzusuna çevrilməkdədir… Köhnə illə yeni ilin qovşağında, ötən ilin son, vida günündə yurdumuza qədəm qoyan yeni illə ilgili bütün siyasi dustağı olan, onları düşünən, gözləyən evləri, ailələri qutlayan və 2014-cü ili də Tehranın Evin həbsxanasında “günahsızlığının cəzasını” çəkən sevgili Səid Mətinpurun sonsuz sayğılarla yanında olacağını qürurla bəyan edən Hadi Qaraçay internet sitələrində iki şeirini yayınlayıb. Onun əsərlərində, bayram təbriklərində, doğmalarıyla həsb-hallarında belə siyasi ab-hava, zindan lövhələri, siyasi dustaqların son durumu yer alır və bu səpkili şeirləri dəmir barmaqlıqlar arasında azadlığa təşnə dustaqların yanar ürəklərinə sərin su kimi səpilir. Hadi bəy “Sevgili Səidlə həyat yoldaşı Ətiyə xanıma sunulur!” epiqrafı ilə yazdığı “Səkkiz boyaqlı yumurtalar”, “Səid Mətinpurun sevgili adına, tükənməz kişiliyinə, sarsılmaz istəyinə sayqılarla sunuram”la başlayan “Bizim öykümüz yenicə başlayır” şeirlərinin hər ikisini Güney Azərbaycanda insan hüquqları uğrunda vuruşan aktiv, milli fəal, 2007-ci ilin iyununda İranda Güney Azərbaycan türklərinin milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulan və əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinərək 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Səid Mətinpura, Azərbaycan türkcəsində çıxan həftəlik “Yarpaq” dərgisinin redaktoru olan cəsarətli jurnalistə həsr edib. Fikrimcə, “Səkkiz boyaqlı yumurtalar” şeirinin adı Azərbaycanımızın dövlət atributlarından olan gerbimizin səkkiz guşəsinə bir işarə-təlmihdir… Şairin “yeni il səkkiz boyaqlı yumurtalarıyla Sultaniyyədə, Dəyirman Arxında başqa bir olasılıqla…iydə ağacında yenicə gülləmiş bir quş yuvasıdır və bunu kəsin bilirəm ki, Zəncanlıdır bu il, Evin zindanının xarabalarında bir quş yuvasıdır, çatlayır beton duvarları yumurtaların, tökülür dəmir qapılar, əriyir qollardakı qandallar, ayaqlardakı kələfçələr, cırım-cındalaşır zindan paltarları, Səid! özgürlük cəsur, əsrük, ətcə gözlərini açır yumuşaq! Zəncanda toy var”, – deyən Hadi nikbindir, umudludur və düşünür ki, azadlığın havası artıq duyulmaqdadır,çünki At ili türkün ilidir, tarixən türkün murada yetməsində əsas köməkçisi, yaxın dostu olan At onları da arzularına qovuşduracaq, muradına yetirəcəkdir: 

Bu il nə olursa olsun, yenə zənganlıdır 
At ili bizim ilimizdir, sevgili Səid… 
 
umudlarımız yalında yellənir
 
istəklərimiz buğlanan əsrük soluğunda səslənir
 
qırımımız dırnaqları altında
 
at ili bizim ilimizdir Səid!
 (41)

Çağdaş roman, hekayə-öykü yazarı kimi tanınmış nasir Vali Gözətən də “Bir neçə söz” adı ilə yazdığı kiçik qoşuqda günahsız tutuqlanaraq zindanda cəza çəkən milli fəalların durumundan duyduğu üzüntünü şeirə çevirir və bu əsərində işgəncələrdən, mənəvi və fiziki ağrılardan əziyyət çəkən, susayan əzabkeşlərə, eyni zamanda, qurumaqda olan Urmu gölünü fəlakətdən qurtarmaq üçün də Makudan daşdan süzülən bir ovuc su göndərilməsini, Güneyimizə isə qocaman özgürlük arzularını dilə gətirir:

Bir cam, sərin də olmasa su verin mənə, 

Əkbər Azadam mən, dustaqda! 

İbrahim Rəşidiyəm, 

Bir dulum sözcük göndərin mənə 

Səid Mətinpuram bir avıc bağımsızlığı gözətlirəm… 

Bəhmən Nasirzadəyəm mən! 

Makudan mənə daşlı su göndərin, 

susadım işgəncələr altında! 

Yonus Süleymaniyəm, Kərimiyəm, 

nə versəniz qoşuqlanacaq ürəyimdə 

Mahmud Fəzli deməyin, 

bir könül özgürlüyü paylaşmaqdayam, 

könlümüzə bir avıc su da istəmədik… 

Urmu gölümüzə bir avıc su…! 

Güneyimizə qocaman bağımsızlıq, 

qurtuluş, özgürlük… (42) 
Kurşun yağmuru altında oturub çay içməkdir sevgi… 

Yüz illərdir seirler yazılır, qələmlərin ucu bitmir. Duygular səhifələrdən dolub-daşır, gözlər bulağa dönür, axır göz yaşları, sətir-sətir qəm, kədər, ələm yüklənir misralara. Sonra bir-bir eşq, sevgi, mutluluk və səfa düzülür ard-ardınca, amma yenə də şairlər doldura bilmir könüllərindəki boslugu… Məsud Haray da bu boşluğu doldura bilməyənlərdəndi və onun üçün “Kurşun yağmuru altında oturub çay içməkdir sevgi…” Və “şərabın bardaqlarda donduğu o gecə, ağlayarkən donmayan göz yaşlarını əllərilə silərkən bu sevginin gerçəkliyinə inanıb Məsud…”

“Sarıl mənə…” şeiri isə Şərifə Cəfəri Dənizin eşq etirafı, qurduğu məhəbbət evinin, sevgi dünyasının modelidir:

üzündəki mehirbanlıq mənə elə xoş gəlir ki, 

ürəyinə sahıb olmaq istəyirəm. 

ulduzların toy gecəsi, ay doğulan bir gecədə…

 unudarkən dünyaları, sənlə qalmaq istəyirəm…

gözlərinin dənizində çimib-çimib, 

sonra yorqun durna kimi 

qanad salıb sınən üstə nəfəs almaq istəyirəm… 

…sən də yorğun, mən də yorğun, 

sarıl mənə doya-doya 

darıxmışam, sənin olmaq istəyirəm.(24) 

Onlar da özləri üçün bir sevgi, məhəbbət evi qurmaq istəyirlər, elə bir ev ki, “burada musiqilər susmur, duvarlar mahnılardan hörülür və tavanlar da rəqs edir… (Rumi)”

“Hәr türk anasından şair vә әsgәr doğulur” kəlamını şeirlərilə təsdiqləyən Leyla Kәhali “Adəm və Həvva” əfsanəsinin “Alma taxdım ürәyimә! Sәnә vurulub cәnnәtdәn qaçdım. Mәn allahın günahkar adamıyam, Günahkar Havvası, Sәni sevmәyim Böyük yasaqmış sanki, qadası! Kitablardan poz, tarixi keçmiş bu hekayәni, Gәl ürәyimdәn bu almanı dәr!Yoxsa oturub qarğış edәrәm, Cәnnәtdә yanar Alma ağacı!” kimi misralarda konkret təsirli bədii ifadəsini yaradır, ancaq şeirin fəlsəfi qatında gizlənən mənalar insanı olum və ölüm, hər bir yaxşı və pis əməlinə görə qiyamət günü cavab verməli olacağı-Bәrzәx, İrfan, özünü tanımaq və s. barədə düşünməyə sövq edir…

Әzәl günündә Әbәd zindana verildim axı, 

Vә indi mәnәm, Mәcnunsuz Leyli 

Leylisiz Mәcnun, Bәrzәxin özü. 

Cәnnәtdә suyam, cәhәnnәmdә od! 

Ağ köynәklә gәl, ey sarı köynәk! 

Gәl dә, üstümdәn götür bu adı.

Uzun illər ədəbiyyatın aparıcı qollarından olan qəzələ yeni mövzu, yeni məna və məzmun gətirmək ənənəsini bir çox söz ustadları kimi, gənc şair Xosrov Barışan bir sıra qəzəllərində, eləcə də “Sənsiz”də uğurla davam etdirir. X.Barışan əsrlərdən bəri ədəbiyyatda öncül mövqeyini qoruyub saxlayan klassik şeir şəklini köhnəlik əlaməti sayanlara, modernizmi köhnələri yıxıb-dağıtmaq üzərində yaşatmaq istəyilə yazıb-yaradan qələmdaşlarına üz tutur və “Musiqi adlı sarayımızın-muğamatımızın divarları qəzəlsiz yıxılar”, – Ayılın! ismarıcını sərgiləyir:

Sarayın tanrıçasın övməyəli, hürr uçuram 

Duyub insan səsini, xalq içini seçdi qəzəl.  

Dil bağın yağmaladı yad söz ilə əski qəzəl! 

Yeniləndi, o alaq otlarını biçdi qəzəl.    

Bəzi söz al-ver edənlər də modernik deyərək; 

İsmlər noxtası beynində sanır köçdü qəzəl.    

Hamı bax; al-ver edir, şer yazırsan ((BARIŞAN))!!! 

Gədə, modlar bazarında yekə bir suçdu qəzəl! (22) 

“Sənsiz” qəzəlində sevgi motivi üstünlük təşkil etsə də, “O qədər böyüdü ki, kiçiklərin kölgəsi, Gün batdı, qalmadı bir umud şöləsi sənsiz, Diktatordur bu doğa, arzıma çatanmadım… Elə bil filter olub arzı adresi sənsiz! Öz içində həbs olan yenilən mən, ya da yox; Bir şaham, futuhatım xəyal ölkəsi sənsiz!!!” ironiyası da nəzərdən qaçmır. Təqdir olunası haldır ki, qəzəl janrı bu gün də Güney ədəbiyyatında öz aktuallığını itirməyib. Məsumə Elqızı, Xosrov Barışan, Əli Daşqın, Ədalət Duman, Eldar Muğanlı, Behruz Dövlətabadi, Mir Camal və Mir Cəlil Hüseynilər, Huşəng Cəfəri, Əli Cavadpur, Baraz, Nurəli Qurbanzadə kimi bir çox qələm ustasının yaradıcığında bu janrda yazılan əsərlər önəmli yer tutur. Bu gün Məsumə Elqızı bütün yaradıcılığında klassik poeziyanın ənənələrini, heca vəzninin və məsnəvi janrının özəlliklərini qoruyub saxlayır, lakin əsərlərinin məzmununu yeni hadisə və olaylar üzərində qurur. Məsumənin müşahidələri əsasında, bədii dilinin imkanları ilə təsvir etdiyi hadisə və mənzərələr yeni məna çalarları kəsb edir. Ən çox sevdiyi iş şeir yazmaq, nifrət etdiyi isə savaş… olan gənc şairə “Qartal qanadlım” adlı epik poemasında özünün riyasız, yalansız, günahsız, çırıl-çıplaq sevgi dünyasını qurur. Elşən Böyükvəndin modern bir şeirində isə həsrətin, ayrılığın yuxusuz gecələrdə sevgili bir varlığın-ananın rəsmini tavanda nəqş etməyin vasitəsi, özəl bir səbəbi olduğunu görürük: 

Boyunbağın boynumdadır 
qoxun ad günümə aldığın oyuncaqda;
 
Sənsiz bu duzsuz günlərdə öpüş yasaq.
 
Dodağım susamış bir salama
 
və şeirlərim sətirsiz kağızlara köçür.
 
Hey, səni hər gecə
 
tavana çəkirəm gözlərimlə (43).
 
Şairlər şeir doğaraq can verir dünyada…

Güney şairlərinin əsərlərində tez-tez toxunduqları bir mövzu da şair və şeir məsələləridir. Şairləri şeirin pərvanəsi sayan Xosrov Barışan ”Demə:-Niyə uşaqsan?” şeirində mövzi ilə bağlı ilginc fikirlər sərgiləyir. “Şairlər uşaq ölər. Şer doğaraq can verər, ölümdən qabaq ölər. Şairləri şeir doğaraq can verən dünyada”,-deyən Xosrov Barışan ümidini ümidsizlik içində məhz şeir mətni əsasında yaranan və çarəsizliyinin əlacı, açarı olan mahnıya-musiqinin ecazkar gücünə bağlayır…

Sən Urmunun alagiləsi; 

Tərpən…silkələn…dalğalan… 

Bütün qıfılları aç. 

Bu şeir bir mahnı 

Bu mahnı bir açar 

Naçarlığıva… (25) 

Şərifə Cəfəri Dəniz “Həbsdə doğulur şair!!!” şeirində şair və şeir məsələsi və bu motivə bükülən Güneydəki mövcud durum, açıq söz deyən, milli kimlik, ana dili, hakim rejim tərəfindən xalqın pozulmuş haqq və hüquqlarının geri qaytarılması məsələlərini gündəmə gətirən şairlərin həbs olunaraq zindanlara atılması, lakin burada onun yenidən doğulması, həbsxana cəzaları, şallaq zərbələri altında daha da mübarizləşdiyi, daha üsyankar şeirlərinin yarandığını orijinal epitetlərlə kədərlə ifadə edir. Şərifə xanım yenidən, daha coşğulu, daha üsyankar doğulmaması üçün şairi beynindən asın, ürəyini sökün, öldürün!-hökmünü verir, çünki: 

Həbsdə dolur, doğulur şair! 

Döyüldükcə kəlmə doğur, 

Qandalla öpüşür, sevişir, aşiq olur dəlicəsinə şair 
Üsyan törədir,
 Artıqcasına şair ola bilir də hətta!!! 
Yanıldınız
 Azadlığın qiymətini daha da çox bilər, 

həbsdə yatan şair.

Məsud Haray üçün isə “Bir də vaxtında insan olsam.dımı?” sualıdır şeir…

Bəlkə də oxucuya qəribə gələr şeirin ölüm qoxuması, hətta bütün misralarının kəfən geyinərək ölümə hazır olması… Kiyan Xiyavın, onu yetirən xalqın yaşadığı həyatın diqtəsi, şairin həqiqətidi bu fikirləri doğuran: 

Şeirlərim ölüm qoxuyur dedin 

Və bilmədin… 

Hələ demədiyim şeirlərimdə, 

Bütün misralarım kəfən geyinmiş 

Ölümə hazırdırlar…

Əksər çağdaş Güney yazarları kimi Rza Tələbi də adsız bir modern şeirində insan həyatının hər bir sahəsinə, gündəlik yaşamın incəliklərinə, təklik, ailə, xoşbəxtlik, KİV-qəzetlər və televiziya, sənət kimi bir çox məsələlərə toxunur və poetik münasibət bildirməyə çalışır. Amma onun cəhdi bir qədər uğursuz alınır, çünki bu şeir oxucuda güclü duyğular, təsvir etdiyi hadisələr emosional hisslər doğurmur. Bu isə şairin əsəri saysız-hesabsız fakt və hadisələrlə yükləməsidir, sadəcə faktlar sadalanır, şeirin ən birinci tələbi-bədiilik, şeirsəlliksə arxa plana keçir:

Keşkə ay olmasaydı, Su olmasaydı, qız olmasaydı, 
nə şeir,
 nə Əflatun, nə Petros, nə də Samsung ve Iphone  
…qaranlıq bir odada
 
eşşek əti, qoxumuş süd, tuvaletdən çıxan qarın qoxusu
 
…qoltuğumuzda qıllar, yırtılmış can köynəkləri…
 
sidikləri qurudan Günəş olmasaydı…

Rza Tələbinin bu şeiri istər-istəməz Camal Sürəyyanın “Şeir anayasaya zidddir, təbiətin əxlaqı qovduğu yerdədir, qeyri-qanunidir” fikrini xatırlatdı… “Nə ana, nə ata, nə də facebookdakı saxta qız profilləri, nə İce tea, nə copy paste aydınlar….nə Avropa birliyi, nə Xəzər, nə körfəz, nə Müctəbanın Londonda doğumu, nə like, nə twitter, nə Təbatəbayi, nə Stalin, nə Mao, nə Trotskı, nə Mısbah, nə Çanaqqala, nə Sarıqamış, nə Çaldıran, …nə Araz, nə Cığatı…nə Sara, nə Xan çoban, nə cips, nə bulvarda boşuna gəzən qızlar, nə Dubayda tanış fahişələr…nə Şahgölü…nə qırx metrdə qusan keflilər, nə sən, nə mən, nə kətan köynək, nə Nitşe, nə Hegel, nə də ılxıçı yolundaki benzin stasiyonları, nə söz, nə dil, nə tanrı, nə şeytan….nə də zunuz alması…. olmayaydı” deyib yaxşı, ya pis olan hər şeyin adını trafaret sadalamalarla üstündən xətt çəkən Rza Tələbi sivil dünyanın eybəcərliklərinə, pisliklərinə təkcə Təbrizin mərkəzindəki Qacarlar xanədanının vəliəhdi olan Abbas Mirzə zamanında bərpa edilmiş və 1931-ci ildən etibarən xalqın gəzinti, istirahət yerinə çevrilmiş, ətrafı yaşıllıqlarla əhatələnmiş (sahəsi 54.565 m²) Şah gölünün bulaşmasını istəmir. Qloballaşan dünyanın pislikləri qarşısında insanın acizliyini önə çəkən müəllif bu ortamda yalnız milçəklərin qalmasını və bütün pislikləri, nifrəti, ölümü… yeməsini arzulayır. Lakin Rza bəy bu qədər yetərsizliyin, pisliklərin arasında dəlicə sevmək istəyini də gizlətmir və maraqlıdır ki, bu sevgini məhz Şah gölü ilə, Təbrizlə əlaqələndirir, poetik baxımdan zəif olan bu şeirində güclü bir məqamı vurğulayır: Güney şairlərinin bütün sevgiləri Təbrizlə-Azərbaycanla bağlıdır:

…elə sevməyə məcburam… nə olur… 

Şahgölünü bulaşdırmayın!

“Şeir sıravi bir dil deyil. Şeir nəsrə çevrilə bilməyən dildir,” – deyən Əhməd Haşimin nə qədər haqlı olduğu göz önündə… Bu kimi poeziya örnəklərini oxuyarkən yenə də Bülent Özcanın “Heç bir şey yox idi şeirdən öncə… Və şeir insanı yaratdı!..(14)” formuluna könlündə qətiyyən şübhə yeri qalmır. İnsanı bu dünyadan qoparıb göy qurşağının yeddi rənginə boyadığı üfüqün ənginliklərinə qaldıran və acı gerçəklərə-həyatın dibinə endirən şeirin insanı formalaşdırdığına və yaratdığına inanmaya bilmir-sən… Süleyman Cəfərlinin “Şəhərim”, “Gözlərin kimi”, “Törəmiz“ şeirlərinin yaratdığı kimi…

Bir az bulud, bir az yağmur 
Səsi yaşlı olur, gözlərin kimi…
 
əsmər bir gəlindir gecə, muncuq düzmüş tellərinə,
 
qonaq gəlib şəhərimə…
 
sənsən, mənəm, bir də bəy durmaq istəyən bu şəhər…
 
sən tellərinə ulduz düzmüsən gözlərinə yağmur
 
mən içi dolu qaldırım,
 içi dolu küçə, 
içi dolu ev-evcik, içi dolu Təbriz, bir şəhərəm
 
sən Bütün günəşlərimin ölüm çağında içimə dolursan.
 
Mən, Bir qurtum yağmurun yanğısı,
 
Ürəyimdə aysız gecələrin qorxusu
 
Saxta ışıqlardan doğulmuş kölgələrə səslənirəm:
 
“Əl dəyməyin gecəmizə!” 
 
Gecə mənim, gecə sənin, biz gecənin
 
Burax yatsın kölgələrin günəş bildikləri gəlin…(26) 

Bu şeirdə oxucunu heyrətə salan təptəzə epitetlər – “əsmər bir gəlindir gecə muncuq düzmüş tellərinə”, “bəy durmaq istəyən bu şəhər”, “Bütün günəşlərimin ölüm çağında”, “mən içi dolu qaldırım, içi dolu küçə, içi dolu ev-evcik, içi dolu Təbriz, bir şəhərəm”, “kölgələrin gecəni günəş bildikləri gəlin” kimi metaforik ifadələr təşbehlərdə epik təhkiyənin ekspressiv-emosional üslubu müəyyənləşdirilir və şairin dünyanı qavrayışın-dakı özünəməxsusluğu təşbehləndirmə vasitəsilə estetik dəyərləndirmədə özünü büruzə verir. “Törəmiz“ şeirində vətənsevər insanların Ana torpaq dedikləri müqəddəs məkana-Ata yurduna-Vətənə dəyər münasibəti təşbehlərdə parlaq ifadəsini tapır. Süleyman Cəfərli predmetlərə və hadisələrə xas əlamətləri verərkən həmin əlamətlərin özünə həssaslığını da təsirli biçimdə nümayiş etdirir. “İllər öncə “Bağdad”da, “Samirə”də, daha öncə də Tanrı dağlarında, görmüşdüm gözlərini, Səni tanıyırdım …Yurdumun dağlarında, qayalarında, gün doğan zirvələrində görmüşdüm səni. Başı uca, dik yürürdün. Göylərə baxıb qonşu şairin sözlərini düşünərdin,-“Göy üzü sənindir, Mənimdir, hər kəsindir…” Quşlarla bölüşürdün göy üzünü, Kim nə qədər uça bilirsə” bölüşülən şeylərə bənzəməyən, hətta “Gecə çörəyindən gərəkli” müqəddəs bir nəsnə-Topraq da var ki:

bölünməz, pay verilməz, Namus kimidir… 
Qara olsa da, sudan aydındır, aydan ışıqlı”- deyərdin.
 
Inanmışdın toprağa, topraq da sənə
 
Güvənmişdin qollarının gücünə.
 
Qollarını tanıyırdım!!!
 
Kələfçəyə alışmışlardır
 
Dağlarda yoğrulmuşlardı. Qurd əli kimi…
 
Uğurlu, verimli, bərəkətli! (26)

Bədii ifadə vasitələri-metafora, epitet, mübaliğə, təşbeh yaradıcılığı, metaforlaş-dırma, təşbehləndirmə əsasən şairin dünyagörüşü, düşüncələrinin dərinliyi, məlumatlı-lığı, mənəvi aləminin zənginliyi ilə bağlı ədəbi bir prosesdir. Təbiətin və cəmiyyətin qavranması, ətraf mühitin dərk olunması dövrün ümumi səviyyəsi ilə sıx ilişgidə baş verir. Milli-etnik təfəkkürlə, xalqın həyat tərzi ilə şərtlənir. Güney şairlərinin yaradıcılı-ğında da təşbehlər qəhrəmanların portreti, onların fəaliyyəti, ayrı-ayrı situasiyalarda davranışları ilə bağlı yaranır. Onların bir qismi Vətəndən uzaqlarda, siyasi mühacir ömrü yaşayır və heç birinin könlü istədiyində yurda dönmək, Ana torpağın qoxusunu almaq, nemətlərindən dadmaq şansı yoxdur, çünki bu dönüşdə zindanlar, qəsri-qacarlar onları udacaq… Öldüklərində isə bu qadağalar qüvvədən düşmüş olur. Törələrə görə isə qürbətdə dünyaya “Əlvida!” deyənlərin gözlərini yummazlar, açıq qalan gözlərə isə yalnız Vətən torpağı qoyulduqda qapanır. Çox ağrılı bir bədii yorumla milli faciənin poeziyada fərqli ifadəsini yaradıb Süleyman Cəfərli:

İndi isə qayıtmısan,  
Yenə də başı uca, 
 
Qurd kimi, qartal kimi, 
 
Yenilməz, güclü, açıq gözlə
 
Bilirəm törəmizdir
 
Qurbətdə ölənin gözünü yummazlar…

Nə qədər sıxıntılı, ağrılı həyat yaşasalar da, onların işıqlı, aydın bir günün gələcəyinə, səhərin açılacağına olan böyük ümidləri, inamları yol yoldaşları olur və bu yolun başında bir ümid işığı yanır daim… Behruz Dövlətabadinin 2013-cü ildə qələmə aldığı ”Insanın əbədi işıgı” şeirində oxucu bu böyük ümidin işığına bürünür, real həyatın poeziyada əks-sədasını eşidir:

Nə qədər gecə uzun olsa yenə səhər açılacaq. 
nə qədər ufuq tutgun olsa…
 
Mən çatmışam kürəyimə gözəl səhər.
 
ancaq ki, durmuyacagam.
 
urəgimin işığı ilən işıqladıb dərələri _
 
qalxacagam ucalardan ucalara
 
kainata işıq saçam…
 
Muradımın çılpaq atın minib çapam.
 
Mən insanam sabah tezdən dan yerini çapacagam
 
Mən səhərəm, açacagam.”
 
Güney ədəbiyyatında Feminizm hərəkatı da açıqca duyulmaqdadır…

Məlihə Əzizpur, Raziyə İftixari, Rübabə Quluzadə (Sevda), Cəmilə İmamdust, Türkan Urmulu, Ruqiyyə Vəlidi (Günəş), Şərifə Cəfəri, Fəranək Fərid İpək, Sima Səmədi, Lalə Cavanşir, Ruqiyyə Kəbiri, Nigar Xiyavi, Səkinə Purhəsən, Leyli Kəhali, Ruqiyyə Səfəri, Arzu Muxtari, Alma Muğanlı, Azadə Darayi kimi xanım şairlərin də yaradıcılığında azad, bağımsız Vətən, Ana dili, milli kimliyin tanınması arzuları ilə yanaşı, qadın azadlığı, qadın haqları, feminizmin diqtə etdiyi bir sıra önəmli məsələlər də mühüm yer tutur.

Eyvaz Tahanın “Şeir, qadın şairlər və feminizm” adlı məqaləsi (27) onun bu sahədə nə qədər irəlidə olduğunun, qadınların həyatını, düşüncələrini, dünyabaxışını dərindən-dərinə bildiyinin göstərgəsidir. Feminizm cərəyanının bütün ayrıntılarını incələyən filosof yazar modernist və postmodernist yazarların bu məsələyə münasibətini maraqlı mülahizələrlə açıqlayır və qadın şairlərin əsərlərində qarşı cinsin nümayəndələrinə yansıyan qarşıdurmanın səbəblərini göstərir. E.Tahanın iki əks cinsin sevişməsi məsələsinə də son dərəcə obyektiv baxışını görürük. Eyvaz Taha “iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır”, dediyində də doğru nəticəyə gəlir. Çünki iki sevən ruhən bir-birini tamamladıqda, ruhibir olduqda əsl sevgi yaranır, xoşbəxt cütlük xoşbəxt həyatın təməlidir. Qadın haqları, qadın azadlığı onun yazısının ana xəttidir: “Feminizmi gözəl qızların şeirini çirkin qızların şeirindən daha yaxşı başa düşmək kimi qavramasaq, şeir inqilabında önəmli dürtü(məsələ)lərdən biridir. Çünkü burda “qadın” məqsəd, kişilərin yaşı ilə məşğul olan varlıqlar deyil, təməlçi bir gücdür. Bu güc, Patriarxal söyləmləri alt-üst etməklə, ədəbiyyat nəzəriyyələrini köklü dəyişikliyə uğradır. Şeirin bir gücü gələcəyin öngörənliyindəndirsə, bunu feminist qadınlarda daha artıq görmək olar. Tarixə cinsiyyət gözü ilə baxarkən bunu aydın görürük: qadın, kişilərin gözündə təbiətin simvoluna çevrilir. İnsan təbiəti caynağına alır, kişi isə qadını(27).”

Qadın haqları, feminizm Güney və Quzey Azərbaycan ədəbiyyatına, o cümlədən Türkiyə ədəbiyyatına da modernizm cərəyanının gətirdiyi məsələlərdəndir. Eyvaz Taha bu prosesin keçmişini, tarixini vərəqləyir sanki, faktlara söykənən dərin məntiqə söykənən əsərlərində qadını özünün doğal kimliyi ilə tarixin yetirməsi sayır, qadının gerçək durumunu onun varlığına göz yummuş kişilərin tarixi kimi şərh edir: “Çağdaş dünyada qadın qaçılmaz bir yoldadır. O, evin dörd divarından eşigə çıxsınmı, çıxmasınmi? bundan öncə qızın ata evində qul kimi yaşaması, azadlığa yönəlmiş meyli onun ürəyində qızışdırırdı. Amma bu meyl nə evlənməklə razılığa qovuşurdu, nə də eşikdəki hər hansı bir yerdə əylənməklə. Evlənməkdə gördüyü məhəbbət, onu ikinci dərəcəli varlıq statusundan daha yüksəklərə qaldıra bilmirdi. Əylənməyə gəldikdə, iki gövdənin vəhdəti iki ürəyin birliyinə gətirib çıxarmır. Burda əlbəttə pozğunluğu nəzərdə tutmuram, çünkü pozğunluq xəstəlik hallarına daxildir. Burda söhbət sərbəst sevgidən gedir: istədiyi kişi ilə sevişməkdən. Amma belə anlarda da qadın evdən eşigə çıxırkən bir işlə bağlanmalıdır, bir məşğulluqla. Nə yazıq ki, hər bir işin və ya ictimai görəvin qapısı qızın üzünə açıldıqda, sevginin görüşünə qapanır. Çağdaş dünyada qadın çıxılmaz bir yoldadır. O, evdən çıxıbdır, və daha evdəki köhnə çərçivəyə qayıda bilmir. Eşikdə isə özünü razı sala bilmir. Qadın, ancaq kişi qulluğunda dayanmış indiki quruluşları dağıtmaqla, bilim, incəsənət və düşüncə alanlarında səsini ucaltmaqla, bu çıxılmazlığı poza bilər.”

Kişilər tərəfindən bu tip fərqləndirmə və aşağılamalara “Əsl sənət adamı öz xalqının ürəyini həmişə əllərində gəzdirir. Ürək dediyin isə iki işdə ustadır: nifrətdə, sevgidə”,-(28 s.75) deyən ölməz Nazim Hikmət “Kimi der ki kadın” şeirini yazaraq dünyanın bütün qadınlarına: Sən ən böyük, ən fədakar insansan, sən kişinin dostu, arxası, dayağı, sevgilisi, anası, bacısı, sağlığı, könlülün sultanı, həyatın özüsən!-hayqırışını duyuran odlu bir sevgi, səmimi, içdən bir eşq etirafını etdi və bütün modernist yazarları arxasınca aparmağı bacardı: 

Kimi der ki kadın 

Uzun kış gecelerinde yatmak içindir. 
Kimi der ki, kadın
 
Yeşil bir harman yerinde
 
Dokuz zilli köçek gibi oynatmak içindir.
 
Kimi
 der ki ayalimdir, 
Boynumda taşıdığım vebalimdir.
 
Kimi der ki hamur yoğuran.
 
Kimi der ki çocuk doğuran.
 
Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal.
 
O benim kollarım, bacaklarım, başımdır.
 
Yavrum, annem,
 karım, kız kardeşim… (29)

Bu çağırışa ilk cavab verənlərdən biri olan və «Benim tüm mevsimlerimde bir kadın şarkı söyler” deyən Dr.Rza Bərahəni sivil dünyanın kurallarına uyğun düşüncə sahibi olaraq qadın haqları ilə bağlı bir çox həmcinslərindən fərqli, daha rasional düşüncələr dilə gətirdi: “Mən 40-50 il milli demokratik haqlar üzərində çalışmışam. Dil azadlığı mənim məqsədlərimdən biri olub. Senzura ilə mübarizələrə qoşulmuşam. Yoxsul ailədən gəldiyimə görə siniflər məsələsi həmişə mənim fikrimi məşğul edib və mən 40-45 il əvvəldən indiyə kimi qadınların kişilərlə bərabər haqlara sahib olmalarını müdafiə etmişəm (30).” Əslində, elə bu haqların qısıtlanması feminizmə qol-qanad vermişdir!..

Kiyan Xiyavın “Ancaq qadın…”, Ramin Cahangizadənin “Qadın yağışı”, İsmayıl Cəmilinin “Qadın, Xanım, Xatın, Ana” şeirlərində mövzuya əks cinsin içdən, həssas və obyektiv yanaşması, münasibəti görünür. Hər üç şair qadın haqq və hüquqları, qadını adi yaratıq, yarım adam, ikinci dərəcəli şəxs, yaxud müənnəs-dişi varlıq,xəmir yoğuran, uşaq doğuran, arvad, başının bəlası kimi deyil, İnsan, həyatın özü, yaşam qaynağı, kişinin başının tacı, könlünün sultanı kimi yanaşma, dəyərini bilmə tendensiyası üstünlük qazanır, bu yön qabarıqlaşır. Kiyan Xiyavın haqsızlığa uğrayan və öz haqqını savunan qadınların dili ilə söylədiyi “Barmaqlarını feminist soxma gözümə!” nidasının da yer aldığı “Ancaq qadın…” şeirində oxucu bütün dünyanın, həyatın məhz qadının zərif çiyinlərində durduğu həqiqətinə inanır. Şair bu durumda olan həyat arkadaşına anlatmaq istəyir ki, “Mən ürək adamıyam, bir görüşdə tanıyıram sənin necə köklü-kökənli olduğunu… Nə özünü yaranışın ikinci cinsinə, nə də məni niçənin qamçısına düyünləmə.” Dünya yalnız sizin haqqınızı tanımayan kişilərdən ibarət deyil, yaşamın dadını sizdə bulanlar adınıza dizələr həsr ediblər, sizsiz yaşamaq mümkünsüz, mənimkimilərin işi birbaşa sevməkdir Özünü iydə ağacı kimi üstün tut! nə gözəl, nə də özgür bir tanrıçasan, sənin yalnız bir adın var: Qadın! Və sənin dəyərini bilirəm: Anam bir qadın idı, bacım bir qadın, Nazlıca qızım da bir qadın olacaq və sən, sevgilim, qadınımsan, Insanlıqdan könül alma ustası!… Mən bir insan sevirəm, Bir qadın deyil, Bir insan!.. (31) İsmayıl Cəmilinin “Qadın, Xanım, Xatın, Ana” şeirində də eyni motiv yer alır, amma qadının insan həyatındakı mövqeyinə, əvəzsiz roluna bir qədər də dərindən nəzər salınır: 

Canından can payı verən insana, Yaşam bağışlayan cahana 

Qadın Sevgi ocağı, Sevda sarayının çiçəkdən tacı 

Qadın Rəhmətinin nemətilə, Dərdlərimiz tapan dərman 

Qarşılıq gözləmədən, istəmədən, Ömrün-günün edən ehsan 

Qadın Qaranlıq yasaların Kif qapsayan dosyaların 

Hörümçəkli inamların caynağında Olan qurban 

Dondan-dona girən Nankorların duzağında 

Səssiz alovlanan, içində alışan yanan, 

Günəş kimi öz-özlüyü danılan 

Qadın Daş başların qorqusunda daşlanan, 

Qul tək alınan-satılan 

Çarəsizlik çəmbərində yanılan-Yandırılan 

Uydurmalar qamçısıyla danılan, Yarım adam sanılan 

Qadın, yenə də Qadın 

Qadınlığı yaşamın yeniliyin yaz nəfəsi 

Sevginin sevdanın, gözəlliyin səsi 

Qadın incəliyin inci bulağı 

Qadın şirin laylalar qucağı 

Qadın həyatın ana ocağı (32)

Mahatma Qandı də məhz Nazim Hikmət sayaq duyğular yaşadığından “bütün insanlar qardaşdır” düşüncəsi ilə yazırdı ki, “ölkəmin qadınlarının haqlarını bərqərar etmək, onlara “siz də insansız!” fikrimi isbat edə bilmək üçün özümü fikrən və ruhən qadın etdim (1)” Bunun üçün vətəndaş məmur özünü bir çox nemətlərdən məhrum edir, hətta Hind inancında mövcud olan “Brahmaçarya” andlaşmasına əsasən öz xanımı ilə də bütün cinsi ilişkilərini kəsir, Hindistanın qurtuluşu və modernləşməsi üçün savaşır, dünyanın demokratik və inkişaf edən ölkələrindən biri olan modern Hindistanı qurur.

Çağdaş dövrümüzdə Güneyin uşaq şeiri yazarları Pifaqorun ”Yurdunun böyüklü-yünü anlamaq üçün onun haradan başladığını ansan yaxşıdır: Yurdun sənin Ata Ocağından başlayır. Ağgünlü yaşamağın elmi yolu bu günü gərəyincə yaşamağı bacarmaqdır” və Fyodor Dostoyevskinin “Elə bir zamanda susdun ki, sonra illərlə danışsan da mənasız görünəcək…” kəlamlarında yansıyan həqiqətləri dərindən dərk edərək əməli işləri ilə cavab verirlər. 
Güney Azərbaycan nəsri-2013 
Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu keçmişdir və bu nəsrin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, çeşidli estetik siyasi  nəzəriyyə-lərin  daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də Cənubi Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatında özünəməxsus yer tuturlar. Qeyd edək ki, Güney yazarlarının qələmə aldığı şeir və nəsr əsərlərinin ucdantutma hamısının yüksək bədii tələblərə cavab verdiyini deyə bilmərik. Ancaq burada əsl ədəbiyyat nümunələri də az yaranmır… Və bu dəyərli əsərlər Cənubi Azərbaycan nəsri formulunu yaradır, dünya ədəbiyyatında özünəməxsus yer tuturlar. Çağdaş Güney ədiblərinin nəsr əsərlərində də əsas mövzu, ana xətt vətəndir. Daha sonra isə Vətənin azadlığı, müstəqillik-bağımsızlıq, özgürlük, ana dili, xalqın boğulmuş səsinin, əlindən alınmış haqq-ədalətin öz yerini tutması uğrunda mübarizə kimi mövzular gəlir. Klassik yazarların toxunduğu mövzular yeni nəsli düşündürən mövzulardan fərqlənir. “Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks etdirir. Amma, İranda İslam inqilabından sonra və 1990-cı ildən başlayaraq Cənubi Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın göstəricisidir (33). Azərbaycanın Quzeyindəki mövcud ədəbi mühitlə Güney Azərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlərdən bəhs edən Məlihə xanım qeyd edir ki, “İran Azərbaycanında Azərbay­can dilində təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq bu vəziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid edilmir (33)”. Güneydə nəsrin bir janr olaraq inkişaf etmə­si, yeni-yeni nəsr əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlər­dəndir. “Bizim çağdaş nəsrimiz, demək olar, hələ buğün bağımsız olmayıb­dır. Meyar dil olmadığın­dan do­layı, elmi baxımdan dildə problemlər vardır. Onun üçün nəsr dilimiz ya Türkiyədən etki­lənib, ya da Quzey Azərbay­can­dan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün bir dil gərəkdir. Bir ulusun ruhu onun sənət türlərində özəlliklə ədəbiyya­tında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir. Vali Gözətən, Güntay Gəncalp, Eyvaz Taha, Nasir Mənzu­ri, Məmməd Riza Ləvayi, Həmid Arğış və başqa yazarlar ciddi nəsr yara­dıcılığı ilə məşğuldurlar. Bu sıraya bir-birindən maraqlı hekayə və romanları ilə həm Güney, həm də Quzey oxucularının böyük sevgisini qazanmış gənc yazar Ruqiyyə Kəbirinin də adını yazıram.

Vali Gözətən böyük şairlik təcrübəsinə malik yazarlardandır. Lakin Vali bəy düşüncələrini nəsrin verdiyi imkanlarla daha gözəl və ürəyincə açdığından bu karvana qoşulmuş, qısa zaman içərisində fərqli təhkiyəsi və inandırıcılığı ilə kifayət qədər oxucu auditoriyası qazanmışdır. Yazarın hələ ki, yayımlanmamış “Mamaç” və“Doqquzlar” romanlarının Azərbaycan romançılığı tarixində ən yaxşı çağdaş roman olacağına şübhə etmirik.Vali Gözətənin bir sıra dünya xalqlarının müqəddəs rəqəm kimi qəbul etdiyi “doqquz” rəqəminə uyğun olaraq yeni romanını rəmzi “Doqquzlar” adlandırması (doqquz yeganə rəqəmdir ki, hər hansı digər rəqəmə vurduqda alınan hasili ayrı-ayrılıqda toplayanda cəmdə doqquz alınır. Məs: 2×9=18 (1+8=9); 9×5=45 (4+5=9); 9×8=72 (7+2=9); 9×9=81 (8+1=9) və s.) təsadüfi xarakter daşımır. “Qarabəylilər”, “Koc Gecəsi”, “Qış Şoləni”, “Qırğın Gecəsi”, “Turan”, “Bakıda”, “Təbrizdə”, “İmişlidə”, “Daşqapıda” adlandırdığı doqquz bölmədən ibarət romanda türk qövmünün yayıldığı böyük bir məkanın-Turanın və Türklərin tarixini özünəməxsus şəkildə, tarixi aspektdə əldə etdiyi bilgilərə əsasən araşdırır. Bu möhtəşəm tarixlə bağlı ilginc mülahizələr yürüdür. Əsərdə bəzi mübahisəli məqamlar olsa da, Türkçülüyün-Turanın tarixi, bu məkandakı doğal gözəlliklər, insanların, daşqapılıların xarakter özəllikləri, mərdlikləri, eləcə də romanda müəllifin işlətdiyi bir sıra yeni sözlər, heç şübhəsiz, dərin oxucu marağına səbəb olacaqdır.

Roman yazmağın çox önəmli olduğunu düşünən Güntay Gəncalp “Sezənin sevgisi”, “Yüksəl Birol”, “Yağız qarışqalar” və “Yolatayın xatirələri” romanlarını çap etdirərək oxucularının mühakiməsinə verdikdən sonra,“Tahirə Qurrət-ul Eyn” adlı dörd pərdəli pyesilə Güneydə dramaturgiya sahəsindəki mövcud boşluğu da doldurmaq üçün təqdirəlayiq bir addım atmışdır. Güntayın Səməd Behrənginin “Qaraca balıq” hekayəsinin davamı kimi yazdığı “Qırmızı balıq” və “Qocabəylilər” adlı böyük romanı bu günlərdə çap olunacaqdır… Güney ədəbiyyatında nəsr sahəsində də mövcud olan müəyyən boşluğu aradan qaldırmaq üçün səylər göstərənGüntay Gəncalp iki cildlik “Qocabəylilər” romanını 1945-46-cı illərdə baş verən olaylar əsasında yazmışdır… Digər romanı isə dərin duyğusal olay və hadisələrin, fəlsəfi fikirlərin daha çox yer aldığı “Yağız qarışqalar”dır… “Yağız qarışqalar”ı türkcənin və bilgilərinin dərin qatlarına enərək yazdığını, böyük acılara qatlaşaraq öyrəndiyi Ana dilinə və Azərbaycan tarixinə həsr etdiyini və buna görə özünü xoşbəxt sayan Güntay əsəri yaradıcılığının zirvəsi kimi dəyərləndirir. Onun üçün vətənin yalnız torpaqdan deyil, doğma dildən ibarət olduğunu, dünyaya məhz özünün sevgi dili saydığı Türkçənin pəncərəsindən baxdığını, Təsəvvüf, hind və alman fəlsəfəsi haqqında ilkin bilgiyə sahib olan oxucuların romanı daha yaxşı anlayacağını yazır… “Yağız qarışqalar”da yağızlar orada türk, boyuzlar da fars kimliyini təmsil edir. “Yolatayın xatirələri” romanı da 2013-cü ildə oxucuların mühakiməsinə verilmişdir. Romanda son 50 ildə başda Güney Azərbaycan olmaqla İran əhalisinin öldürülən,məhv edilən diləklərinin, qırılan, yarımçıq qalan arzu və istəklərinin gömüldükləri məzarlardan baş qaldırıb özünü bizlərə tanıtmasıdır. Güntay Gəncalpın bu romanı “son 50 ildə yaşanan İran həqiqətlərinin güzgüsüdür, – deyən “Yolatayın xatirələri” kitabının redaktoru Gülnar Məsimli ön sözündə bu güzgüdə əks olunanları oxuculara təqdim edir: Güntayın “Yolatayın xatirələri” romanı “bir növ İranda həm şah, həm də şiə cümhuriyyətində əzab çəkən insanların tərcümeyi-halıdır. Romanda İran toplumunun dərinliklərində nələrin baş verdiyi çox ustalıqla açıqlanır. Hər iki rejim dönəmində haradan işıq gəlirsə, dərhal söndürülür. Hər növ düşüncə fərqliliyi yasaqlanır. Belə bir durumda bu rejimlərə qarşı üsyan bayrağı qaldıran gənclərlə birlikdə ideoloji mübarizəyə və savaşa başlayan insanlar da meydana çıxırlar. Bu rejimlərə qarşı silahlı mübarizə aparan qəhrəmanlarla yanaşı, heç bir günahları olmayan, sadəcə düşünərək yaşayan insanlar da işgəncəyə və edama məruz qalırlar. Diktator rejimlərin təşkil etdikləri qaranlıq, edam, işgəncə və qorxu mühitində qəhrəmanların düşüncələri də qarışıqdır, nə istədiklərini bilmirlər; öz xəyalları yolunda mübarizə aparır, döyüşürlər.” (34)

Orijinal təhkiyə tərzi, tarixi və milli koloriti əks etdirmək baxımından Ruqiyyə Kəbirinin Marksizm fəlsəfəsinə, şamanizm və Mirəli Seyidovun “Qam-şaman” əsərindəki bilgilərə söykənərək, həmçinin Modern romançılığın qaydalarına əsasən qələmə aldığı “Evim” romanı ilin ən yaxşı romanlarından biridir. N.Əzhərinin obyektiv şair adlandırdığı Ruqəyyə Kəbirinin əsərlərindən o da yansıyır ki, xanım yazar nə qədər özünə qapanıq olsa da, duyğularının gözü ilə real həyata baxa, röyalarını ayıqlıqda da görə bilir. Ruqiyyə xanım maraqlı təhkiyə qurur, romanda ölkəsinin siyasi görüşlü qız və qadınlarının durumunu xarakterizə edən tam bir mənzərə yarada bilir.Əsərin baş qəhrəmanı olan qız çağımızdan 30 il öncə yenilmiş, məğlubiyyətə uğradılmış və zindanların küncünə atılmış siyasətçi, solçu xarakterli gəncləri təmsil edir. Ancaq romanda təsvir olunan olaylar marksist-leninçi gənc bir qızın keçmiş həyatının capcanlı bir bölümünü özündə qapsayır. Bu ədəbi qəhrəman Ruqiyyə xanımın bəlkə də özünün prototipidir. Çünki özəlliklə onun öz kişisəl personası, xanım yazarın-əsas obrazın xarakter cizgiləri də bu romanın sətirləri arasından aydınca müşahidə olunur. Əsərin sonlarına doğru baş qəhrəmanın uşaqlıq çağlarında necə yoxsul bir ailədə yaşadığı ilə üzləşirik.

“Evim” də şamanizm, marksizm və cəhənnəmin qızğın soyuğu (Rüqəyyə Kəbirinin “Evim” romanı üzərinə bir baxış” adlı məqaləsində istedadlı şair Kiyan Xiyav baş qəhrəmanın düşdüyü durumu ustalıqla şərh edərək yazır:“Sözsüz ki, böylə bir durumda, böylə bir yoxsulluqla yaşamaq, insanı bir tür solçu edib, din qonusuna belə pessimistcə davranmağa sürükləyib, toplumsal savaşqanlığa itələyib, sonunda da zindan bucaqlarına götürər. Solçu xarakter artıq zindana dözə bilmir və zindandan qurtarıb evə dönərsə, din və məzhəbə olan alergiyasını belə aradan qaldırmağa çalışacağını düşünüb-daşınır. Zindandan yorulub, dirəniş gücü sarsılıb və artıq hansısa bir savaşı düşünmür. Və öz bacısı kimi, ana sözünə baxan klasik düşüncəli bir qız olsaydı,-deyə diləyir.“ 

“Evim” romanı bütünlüklə toplumun aşağı qatında yaşayan, uşaqkən atasını itirən və öksüz qalan bir qızın qarşılaşdığı yoxsulluq və aclıqdan, sürünə-sürünə yaşamaqdan qurtulmaq üçün solçuluğa yol alan və bu səbəbdən də zindana düşən gənc bir qızın yaşam öyküsü, həyat hekayəsidir. Roman marksist-leninçi bir qızın, yaxud qadının həyat səlnaməsi kimi də qəbul oluna bilər. Zindan əzablarından bezib-usanan, “Evin”də özünün xəyali evini-dünyasını qurmaqla fiziki və mənəvi ağrılardan, işgəncələrdən qurtulmağa can atan bu qız dövlət qulluqçularına, məmurlara yalan danışsa da, vicdanına-özünə yalan deyə bilmir: “Atası öləndən bəri, yemək yüngül olsun deyir… indi yaxşıca düşünür ki yüngül yemək, yoxsulluq, parasızlığa bəhanə uydurmaq deməkdir. Öz-özüylə and içir. Evə dönürsə… aclığa belə dodağını büzməyəcək. Hətta küçə başındakı məscidin minarələrindən qalxan azan səsinə darınıb-darıxmayacaq… Hardan başlandı, nədən sol düşüncələrin çərçivəsinə girdi? Niyə bacısı kimi anasının sözə baxan qızı ola bilmədi? Nədən gənc bir qız kimi oturub qapını döyən elçiləri gözləmədi? Nədən gizli-gizli kitabların içinə cumdu?… Məmurların önündə susub bəzən yalan danışsa da, yaxşıca bilir ki, özlüyünə yalan söyləyə bilməz…” (35.s.87)”

Adətən, ədəbiyyatda yeni janrlar kiçik, yığcam əsərlərlə təşəkkül tapır. 2013-cü ilin çap məhsulları içərisində bu sıradan olan nəsr əsərləri də özünəməxsus yer tutur. Onlardan ikisinin üzərində bir az ətraflı dayanmaq istəyirəm. Ramin Cahangirzadənin “Qapı (Öykücük)” miniatür hekayəsində hakim rejimin məhkəmə qərarına əsasən gülələnmə cəzasına məhkum edilmiş bir insanın ölümdən qabaqkı düşüncələri insanın ürəyini üşüdür, acı gerçəyin lakonik bədii təcəssümü və “cəzalının” cəsarətlə verdiyi ölüm qərarı damarlarda qanı dondurur. İki abzaslıq kiçik bir essedə təhkiyə nöqtəsinin dəqiqliyi və şair qələminin görüntü yaratmaq gücü heyrət doğurur:

“Üç qədəm o yana! Üç qədəm bu yana! Səhər açılıncaq addımladı… üç nəfərin addım səsini eşidib, dayandı. qapıya zillənərkən, titrədi bədəni. Addımlar yaxınlaşdıqca, bütün bədəninə yayılırdı qorxu.Bir addım! İki addım! Üç addım! Birinci qapının açılmasının səsi, beyninə düşdü. 

Bir addım! İki addım! Üç addım! İkinci qapının səsini eşidib, qulaqlarını tutdu. Gözlərini yumub, ağladı.  Bir addım! İki addım! Üç addım! Bir an addımların səsi kəsildi. Sonuncu qapı açıldı. Üç nəfər içəri keçdı. Gözləri, gözlərinə sataşdı. Udxunub yerində qurudu, gom – göy oldu. Dərin skuta gedərkən, gözləri doldu. Üzünü tutub o üç nəfərə, Özünü sındırmadı. Sinəsini qabağa verib başını dik tutdu – mən hazıram, apara bilərsiz!-dedi.”

Xosrov Barışanın şifahi xalq yaradıcılığı nümunəsi əsasında yazdığı “Balta” hekayəsini 2013-cü ildə uşaqlar üçün nəzərdə tutulmuş nəsr əsərləri içərisində ən uğurlusu hesab etmək olar. Əfsanənin məzmununa yeni çalarlar əlavə edən Xosrov meşənin ən qoca ağacı olan “Girdəkən dədə”nin dili ilə balaca oxucularını insanı məhvə sürükləyən paxıllıq, həsəd, xəbislik, lovğalıq, etibarsızlıq kimi hisslərdən uzaq olmağa səsləyir, sanki onlara yaşayış, həyat dərsi verir, davranışlarında düşüncəli olmağı, dost və düşməni yaxşı tanımağı, öz soydaşlarına, doğmalarına, eyni zamanda xalqına arxa çevirməməyi, yalan vədlərə aldanmamağı, el malına göz dikməməyi tövsiyə edir…

Qadir Cəfərinin “Tuva türklərinin musiqisini dinlədikdən sonra” (36) adlı essevari öykü-hekayəsində isə türkün qədim və şanlı tarixinə bir nəzər var: “Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa yaddaşımda izin var, bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə də, yenidən tapılır, cücərirsən. Hardan doğuldun yenə məndə sən? Nayman məni buraxsana! Burası şaxtadır. donuq bağırtılar sarayıdır. Səsim üşüdü. Sızıltılarımı Vərziqana qusdum, ağılarımı Qarabağa. Artıq, Aral quruluğundan Urmu gölünə dammağına inanmışam. Bu nə coşğudu səndə? Bir an dayan mən unutqanam. Yuvanyuvanlar qəbiləsinə Yalamanam. Çoxdandı ormanlara yadırğamı-şam. Beləcə kişnərtmə atını ərənlər sayaq. Qışqırmaq Koroğlu dolu nostalogyamdı mənim. Şaha qalxırsa ilk yıxılan mənəm.”

Rәsul Mәlikoğlu “Yeddi” adlı kiçik həcmli hekayәsinə Bәxtiyar Vahabzadәnin “Vaxtsız açan çiçәk, xar olmalıymış…” misrasını epiqraf seçmiş və elə bu epiqraf əsərin ideyası, mövzusu və müəllifin hədəfi bəlləyir…

Əksər tədqiqatçılar və yazarlar, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə “Azərbaycan xalqı şair xalqdır” istilahında da qorunur. Ancaq böyük Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin göstərgəsidir. Güneydə isə, göründüyü kimi, nəsr yaradıcılığında bir lənglik, gecikmə olmuşdur. Nəsrdə mövcud olan boşluğu hələ sağlığında ikən ustad Şəhriyar da hiss etmiş, bu boşluğu doldurmaq üçün roman janrında qələmini sınamaq istəmiş, ancaq məlum səbəblər üzündən məqsədinə çata bilməmişdir. G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə müsahibələrində durumun səbəbləri Şəhriyarın öz dili ilə açıqlanır: “Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq arzularım içimdə dəfn olundu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız, sizlərə də əziyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. “Heydər babaya salam” əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri (Azərbaycan türkcəsində olanları) yazmağa əmr çıxarmışdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilmizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilimiz nəsrdə də təcrübə qazanmalıdır. Ancaq bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur (37).” 

Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman yaradıcılığının zəif inkişaf etdiyini açıqlayan fikirləri də bir gerçəkdir: Elşən Böyükvənd “Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda 1360(1981)-cı illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbini Rza Bərahəni, Səməd Behrəngi və Qulamhüseyn Saedinin bacarıqsızlığı, laqeydliyi və Ana dillərinə “sevgi və şuur” bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur. 1360-cı ilə qədər Ana dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, amma pəhləvilərin Ana dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur, “Ana dil, ögey dil və ötəki dil” başlıqlı məqaləsində Dante,  Petrark, Cioran, Beckett, Pound, Nabokov, Conrad və Kundara kimi öz Ana dillərində yazıb-yazmayan, ikidilli və çoxdilli yazarlardan danışır, amma Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarları (Osmanlı və  yeni Türkiyə dövrü) öz Ana dillərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur (38).

Digər yazarlar kimi Elşənin də toxunduğu Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi zaman-zaman ziyalıları ən çox düşündürən problemlərdən biri olmuşdur. Vaxtilə bu problemin çıxış yollarından birini Ana dilində dərsliklərin yazılıb çap edilməsində görən Səməd Behrəngi Mir Mehdi Etimad, Mirzə Həsən Rüşdiyyə, Həbib Sahir kimi öndərlərin qutsal işini davam etdirməyə qalxışmış, uşaqların anlaya biləcəyi sadə türkcədə “Əlifba” kitabı yazmış, lakin İranın rəsmi qurumları tərəfindən bu dərslik geri qaytarılaraq çap olunmasına razılıq verilməmişdir. Bu etirazın əsas səbəbi isə Azərbaycantürklərinin Ana dilində təhsil almasının qarşısına çəkilən sədlərdən biri idi. Bu addımı Səmədin qardaşı siyasi akt kimi qiymətləndirirdi. Çünki ona ünvanladığı: “Мən imzаmı хаlqın zehninə cəfəngiyat verən bir çox müəlliflər kimi kitabın üstünə yaza bilmərəm. Мən ömrümdə bir dəfə olsun “Ş” hərfini uşaqlara “Şah” sözü ilə öyrətməmişəm. “Şahbanu” və “Vəliəhd” sözlərinin üstündən atılıb keçmişəm. Мən kitabımın birinci səhifəsini onlara necə həsr edə bilərəm? Qoy evimizin damı uçsun. Мən “Ş” hərfini “Şah”, “Şahbanu” sözləri ilə, “ə” hərfini “Vəliəhd” kəlməsi ilə öyrədə bilmərəm. Bəli, qardaşım, onlar mənə bunu təklif edirdilər. De görüm, nə etməliyəm? Bütün həqiqətləri və şərəfimi bu kitabın yolundamı qoyum? Bəs onda şagirdlərimə, uşaqlara nə cavab verə bilərəm? “24 sааt yuxuda və ayıqlıqda” hekayəsini məşğuliyyət üçün yazmamışam. Оna görə yazmışam ki, sən dünyanın hər yerində yaşayan öz balaca qardaşlarını yaxşı tanıyasan. Оnların dərdlərinin çarəsi haqqında düşünəsən…(39)” sözlərində, təbii, həmin qadağanın sirri və əsl mətləbin də gizləndiyi göz qabağındadır…

Güney Azərbay­canda bir tərcümə hərəkatı yaranmalıydı… 
Tərcümə işi, dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif sahələrini əhatə edən örnək əsərlərin milli dilə çevrilərək oxuculara sunulması ədəbi prosesin hər zaman diqqət mərkəzində olmuşdur. Tərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına vəsilə olur. Deyə bilərik ki, Güney Azərbay­canda bu sahədə də çox iş görülüb. Ancaq Məlihə xanım Güney Azərbay­canda bu gün qlobal düşünüb milli dildə yazıb-yarat­mağın, eyni zamanda xarici ölkə­lərdə meydana çıxan dəyərli ədəbi nümunələrin Azərbay­can türkcəsinə çevrilərək oxunmasının da ədəbiyyatın inkişafı üçün çox önəmli olduğunu düşünür və vurğulayır ki, “milli dilimizdə yaranan yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqda­dır. Bu olayı daha da gücləndirmək üçün tərcümə işinə diqqət yetirmək gərəklidir, yəni dünya­nı öz dilimizdə oxu­maq çox vacibdir. Çağdaş düşüncələri oxuyub öyrənmək və dünya sə­nətinin əl­də etdiyi uğurlardan faydalanmaq bu yolda əlimizdən tutacaqdır (33).” Dr.Hüseyn Süleymanzadə də Güneydə tərcümə hərəkatının yaranmasının vacib olduğunu bildirir… İslam, fəlsəfə və uyqarlıq tarixi açıq bir örnəkdir buna. Dördüncü hicrini islam renessansı kimi dəyərləndirirlər. Bu renessans isə çevirmə hərəkatı ilə gerçəkləşmişdir. Türkan Urmulu isə “Öz dilimdə herfeyi əsər azdır. Modern ədəbiyatım daha körpədir! Dünyanın profesional çalışmalarından uzaq olduğumuz bir gerçəkdir,- deyərək dünya ədəbiyyatından nümunələrin tərcümə edərək xalqın ixtiyarına verməyin gərəkliliyini vurğulayır.

2012-2013-cü illərdə Məhəmməd Müctəhid Şəbistərinin “Varlığın peyğəmbəranə oxunuşu teorisi”nin 1,2 və 5-ci hissələrini, “Molla Sərdarın tənqidi”, “Mənə qarşı təxriblər” və “Teoriləri tənqidetmə yerinə təxribetmə”əsərlərini, eyni zamanda “Abbas Mirzə və Azərbaycan”, “Pərdə arxasında gizlədilən tarix” kitablarını da Azərbay­can türkcəsinə çevirmişdir.

Əziz Səlaminin də tərcümə işində çox böyük təcrübəsi vardır. Alman dilini ana dili kimi mükəmməl öyrənən yazar ruhuna doğma, düşüncələrinə yaxın olan şairlərin əsərlərini Azərbay­can türkcəsinə çevirməyi və soydaşlarına sunmağı gərəkli saymışdır. Deyə bilərik ki, Əziz bəy bu əsərləri uğurla tərcümə etmiş, doğma türkcənin ladlarına yatımlı bir dildə çox maraqlı və orijinal tərcümələri araya-ərsəyə gətirmişdir. Onun çevirisində “Çin şeirləri-“Şaftalı çiçəyi”, Yapon şeirləri – “Hayku”, Xuan Ramon Ximenez.“Mahnın kimidir ölümün də”, Sönməz ulduzlardır sözlərin-Qızıldərililərdən mahnılar və dualar”, “Ulu mahnı-Mahnılar mahnısı. Süleymanın mahnısı”, yəhudi əsilli alman şairi Else Lasker Şülerin “Alovlar kimi açılacaq qolların” kimi şeir topluları geniş oxucu auditoriyasının məhəbbətini qazan-mışdır.

Nigar Xiyavi isə Qulamhüseyn Səidinin “Bəyəl Əzalıları” (Təbriz: 2003.Əxtər nəşriyyatı) və “Top” (Təbriz, 2003) əsərlərini dilimizə çevirmiş, uşaqlıq illərindən bəri arzuladığı bir işi həyata keçirmişdir.

Ramin Cabbarlı və Türkan Urmulu Səməd Behrənginin hekayələrini və Abdulla Şaiqin uşaq ədəbiyyatı seriyasından olan əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdırmış-lar. 20 cildə yaxın əsər olan tərcümələr çap edilməyə başlamışdır. Bunlardan “Küçük Kara Balık”, “Telhun”, “Ulduz və Kargalar”, “Bir şeftali, bin şeftali”, “Sevgi Masalı” əsərləri İstanbulda Kaynak yayınları tərəfindən nəşr edillmişdir. 

Nəşr sahəsində real durum və çapa təqdim olunmuş əsərlər… 

Bu gün Güneydə bir sıra şeir məclisləri fəaliyyət göstərir. Seyid Heydәr Bayat və qələmdaşları “Füzuli gecәlәri” adlı dәrnәkdә, eləcə də yeni yaratdıqları “Qara Dәrnәk” adlı cәmiyәtlәrindә hәr hәftә klassik әdәbiyatla, eyni zamanda modern әdәbiyyatla bağlı söhbәtlәr aparır, yeni şeirlərini oxuyurlar. Son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən kitablar sırasında “Mavilər”, “Talanmış Günəş”, “Gözü yaşlı küçələr”, “Günəş tonqalı”, “Bəlkə daha deyənmədım”, “Hər rəngdən”, “Zəncirdə sevda”nın adları öncül mövqedədir.

2013-cü ilin çap məhsulları içərisində Türk Dil Qurumunun buraxdığı Nabi Kobotarianın “İran AzerbaycanıAşık destanları. Şikari destanı” Güneydə xalqın yaratdığı böyük türk mədəniyyəti xəzinəsinin ən dəyərli incilərindən sayıla bilər. “Dədə Qorqud” ənənələrini davam etdirən və dörd nəsil aşığın sinəsindən qopub günümüzədək gəlib çatmış “Şikari dastanı” motif və mövzu zənginliyilə də diqqət çəkir. Türk dünyasının ən iri həcmli dastanı kimi dəyərləndirilən “Şikari dastanı” mövzu dairəsinə görə də Türkiyənin Anadolu bölgəsində yaranmış iki söz sənəti nümunəsi-“Battalnamə” və “Danişməndnamə” dastanları ilə bənzərdir və əsas hədəfi Türkləşdirmək və İslamdırmaqdır.

Güneydə 2013-cü ildə onlarla kitab çapa hazırlanmış və nəşr üçün mətbəələrə təqdim olunmuşdur. Seyid Heydәr Bayatın “Alma Yolu” adlı şeirlәr toplusu, Ruqiyyə Kəbiri hekayələri toplanmış iki kitabını (“İçimdəki qız” və “Bu qapı heç döyülməyəcək”) yayım izni almaq üçün Təbrizin İrşad nazirliyinə təqdim etmişdir. “Ağ Atım”, “Günəş” adlı kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin isə üçüncü kitabı “Qanlı Çiçəklər” Zəncan Nikan Kitab Yayın evində nəşr sırasını gözləmək- dədir. 

2013-cü ildə “Varlıq”, “Yarpaq”, “Xudafərin”, “Yaşmaq”, “Ban” jurnallarının sırasına yeni bir ədəbiyyat tribunası-“Ban” dərgisi də qoşuldu. “Ban” adlı dərginin (112 s.üç aylıq) məqalə, öykü və şeirlərdən ibarət ilk sayının İstanbul şəhərində yayımlanması ilin ən mühüm ədəbi və mətbu hadisələrindən biridir… “Ban”ın amacı Çağdaş Güney Azərbaycan ədəbiyyatı haqqında yazılar dərc etmək, Güney Azərbaycanda yazıb-yaradan sənətkarların ədəbi yaradıcılığını tanıtmaq, həmçinin burada artan sürətlə inkişaf edən ədəbi prosesi ardıcıl şəkildə izləməkdir. “Ban” dərgisinin yayımı yığcam bir kollektivin-redaksiya heyətinin fədakar əməyi sayəsində gerçıkləşməkdədir. Belə ki, Türkan Urmulu-Yazı işləri müdiri, dərginin redaktoru olan türkoloq və ədəbiyyatşünas Toğrul Atabay həm də öykü-nəsr, Hadi Qaraçay-poeziya, Ramin Cabbarlı publisistika bölümləri üzrə, dizaynerlər Atabay Tikantəpəli-üz qabığının, Tural Sirdaş isə iç səhifələrinin tərtibatından sorumludurlar. “Ban” dərgisinin ilk sayında Hümmət Şahbazi, Ülkər Ucqar, Yrd.Doç.Dr.Gülara Yenisey və Ərsan Ərelin məqalələri, Rasim Qaraca ilə söyləşi-müsahibə (“söyləşi” daha doğal səslənir), Rüqəyyə Kəbiri və Kiyan Xiyavın öyküləri, Andre Breton, Pol Eluar, Lui Araqon, Heydər Bayat, İbrahim Savalan, Kiyan Xiyav, Ramin Cabbarlı, Türkan Urmulu, İsmayıl Mədədi, Fətullah Zövqi, Aydın Araz, Leyla Rəhimi, Fəriba Həyati, Elyad Musəvi, Əlirza Ağazadə, Ərsan Ərelin isə şeirləri çap olunmuşdur. Rüqiyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyati və dərginin Yazı işləri müdiri Türkan Urmulunun məqalə və şeirlərinin də yer aldığı bu sayda yaradıcı qadınların əsərləri nisbətən üstünlük təşkil edir. Yazar və tərcüməçi Ülkər Ucqarın “Ağ Alma” və ədəbiyyat: Dilin erkək zatı” adlı məqaləsində bir sıra dillərdə kişilərin dominantlığı məsələsinə tənqidi nəzər salınmışdır.

Cəmil Meriç “Qərb kültürün vətənidir, şərq irfanın. Nə qərbi tanıyırıq, nə şərqi, ən az tanıdığımız isə özümüz…(40.s.11)” deyirdi… Güney Azərbaycanda 2013-cü ilin ədəbi yekunlarına nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır. 
Sonuc 

1.       
Güney Azərbaycanda bu gün ənənəvi şeir, Modern və postmodern ədəbiyyat, “Avangard şeir” dinamik inkişaf etməkdədir… 

2.       
Güneydə inkişaf edən ədəbi prosesin bir qolu da ədəbi tənqiddir. 

3.       
Çağdaş dövrdə yazarlar Uşaq ədəbiyyatının inkişafına və araşdırılmasına daha çox əhəmiyyət verirlər. 

4.       
Güney ədəbiyyatında Feminizm-Qadın hərəkatı da ayrıca bir xətdir… 

5.       
Qarabağ problemi və Urmu gölü hadisələri Güney ədəbiyyatında son dövrün aparıcı mövzularına çevrilmişdir. 

6.       
Ana dilində təhsil almaq imkanının olmaması və bu durumdan çıxış yollarının axtarılması məsələsi Güney ziyalılarını və yazarları ən çox düşündürən problemlərdəndir. 

7.       
Bu gün Güney Azərbay­canda böyük bir tərcümə hərəkatı yaranmaqdadır. 

8.       
Ana dilində çap imkanı mövcud rejim tərəfindən məhdudlaşdırılmışdır… 

Qaynaqça 

1.       
Mahatma Qandi. Bütün insanlar qardaşdır, Bakı: “Qanun” nəşriyyatı, 2012, 248 s., Çevirisi: Güntay Gəncalpındır. 

2.       
“Azadistan”, 15 Hordad 1299, s.1 

3.       
Yusuf Akçura, Türklüyün Tarihi, İstanbul, 1998. 

4.       
Y.Abrahimyan, İran Beyne do Enqelab, Tehran 1378, s. 85; Güneyin Səsi, №04, 2011, 

5.       
www.asif ata.com 

6.       
http://www.azadliq.org/ 

7.       
www.alatoran.org › Jurnal › 2004/№4‎ 

8.       
anlam.biz.Berlin, 27 mars 2013. 

9.       
http://www.adyazar.az/ 

10.    
Nyus.Azetreml.com 

11.    
baymedia.az/news. 

12.    
www.azadliq.org 

13.    
www.alatoran.org. Jurnal.2004/№4. 

14.    
dusharge.azeriblog.com; www.sozunsozu.com 

15.    
http://www.bilgicik.com 

16.    
www.pitraq.blogfa.com/ 

17.    
http:www.eyvaz.org. 2013/03/23 

18.    
Jean Paul Sartre, Hürr Olmak, Emin Türk Elçin çevirisi,Toplumsal Dönüşüm Yayınları, 2.Baskı, Nisan 1995. 

19.    
Məsud Haray.Facebook.com 

20.    
www.sarigelin.net; www.frequency.com/  

21.    
www.trt.net.tr/trtWorld/az/news 

22.    
Xosrov Barışan. İçdim Təbrizin işıqlarını, Təbriz, 1349(2013). 

23.    
“İrəvan yek vilayəte muselman neşin bud”. Tehran, Enteşarate Zufa, 1379, 247 s., Sübhan Talıblı. Güney Azərbaycan institutunu yaradan insan. Güneyin səsi, 2011/Aprel. 

24.    
Şərifə Cəfəri-Dəniz. Facebook.com 

25.    
barishan.blogsky.com 

26.    
profliqa.blogspot.com/.. 

27.    
http:www.eyvaz.org. 2013/03/23 

28.    
Rəşid Təhməzoğlu.Nazim Hikmətin yaradıcılığında Şərq.B.”Təhsil”,2007, 156s. 

29.    
mbasic.facebook.com. 

30.    
www.amerikaninsesi.org 

31.    
https://az-az.facebook.com/ 

32.    
qadin.net/index.php?cstart 

33.    
http:meliheezizpur.blogfa.com. 

34.    
Güntay Gəncalp. “Yolatayın xatirələri”, Bakı, “Qanun”, 2013. 

35.    
Ruqiyyə Kəbiri, Evim, Təbriz, 2013. 

36.    
profliqa.blogspot.com 

37.    
kult.az.guntay gencalp.sehriyarla gorus xatireleri 

38.    
oyrenci-sesi.info/site/xeber; www.dayaq.info 

39.    
Səməd Behrəngi. Məhəbbət nağılı, Bakı, 19 

40.    
Meriç Cemil. Kültürdən İrfana. İstanbul: İnsan Yayınları, 1986. 

41.    
saidmatinpur.com 

42.    
tutsaqyazarlar.blogspot.com 

43.    
Kult.az 

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *