2006-10-26
İranda Azərbaycan türkcəsində nəşr olunan «Yarpaq» qəzetinin baş redaktoru Eyvaz Taha Türkiyə yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuku İranda yaşayan azərbaycanlıların problemlərindən və Qarabağ münaqişəsindən də danışmağa çağırır.
E.Tahanın O.Pamuka ünvanladığı açıq məktubda deyilir: «Ədəbiyyat üzrə Nobel mükafatını qazanmağınız hamımızı sevindirdi. Bu bir millətin vicdanının dünya səviyyəsində dəyərləndirilməsi deməkdir. Sözsüz ki, bu mükafat bütün türk yazıçılarına aid əsələrin daha geniş şəkildə tərcümə olunub oxunmasına yardım edəcək».
Baş redaktor daha sonra yazır ki, Nobel mükafatı bədii bacarığı olan yazçılara verilir, hakimiyyətə mədhiyyə yazanlara yox: «İ ctimaiyyətin darıxdırıcı durğunluğunu talayan yazıçıların belə bir ödülü qazanmaq şansının hamıdan çox olduğuna inanmasaydım, siyasətlə yoğrulmuş bu məktubu yazmazdım. Bu məktubu yazmazdım və sizdən rica etməzdim ki, ölkənizin problemləri barədə açıq danışmısınızsa, bizi də unutmayın. Bizim bu tayda yasaq dilimizdən və talanmış kimliyimizdən danışın, o tayda isə Qarabağ faciəsindən. Soyqırım faciəsindən, bir milyon azərbaycanlı qaçqın uşağın, qadının və qocanın faciəsindən, müstəqil bir ölkənin beşdə bir hissəsinin işğal olunması faciəsindən. Hər şey aydındır. Sizin qulağınızın dibində dildaşlarınızın biri dilini, azadlığını itirib, o birisi isə evini».
Eyvaz Taha Muğanda anadan olub. Fəlsəfə mütəxəssisidir. Hekayə və şeirlər yazır. 1990-cı ildə İranda «Yol» dərgisini buraxıb, sonralar Azərbaycan Respublikasında çıxan «Şəhriyar» qəzetinin baş redaktoru olub. Bu tayda həmçinin 1990-cı illərin sonlarında «Cahan» jurnalını buraxıb. 2004-cü ildən İranda «Yarpaq» qəzetini nəşr etdirir.