Siyamək Səbrinin ölüm xəbəri məni dərindən sarsıtdı. O bir fakir adamı idi.
Siyaməklə son dəfə Bakı kafelərinin birində görüşdük, Həmid Herisçi ilə birlikdə. Səsi hələ də qulağımdadır, Güney üçün darıxırdı, risk edib Culfaya da getmək istəyirdi. Mən mane oldum, dedim yaxşı olardı quzey Culfaya gedib ordan güneyə nəzər salması daha mənqtiqidir. Bu məsləhət bəlkə də shv imiş.
Çeşidli məsələlər barəsində danışdıq, bir də mənim “Post modernizm və arxadadan atılan daş” barəsində. O haqda qısa bir tənqid yazmışdı. Doğru olaraq inidiki Qərbdə bu haqda artıq mənfi görüşlərin yayğın olduğunu vurğuladı.
Bu gün o günə fikirləşirdim. Öz-özümə dedim, bu xalqın günahı nədir ki, onun düşüncə adamları, ya təzyiq altda olmalıdır, ya dustaq, ya da sürgündə ölməlidir.
Siyaməkdən bir neçə cümlə:
Zatən gəncliyin özəlliyi də budur. Həyatda ideallar arxasınca getməkdən gözəl bir iş yoxdur məncə. Lakin ilk öncə ideallarla əfsanələri bir-birndən seçmək gücünü əldə etmək gərəkdir. Gerçəkliyin acılığını dadıb da həmən qurtulalım deyə, şirin xəyallara sarılmağın nəticəsi bəzən çox ağır olur. Batıda özünü gəlişdirib, böyük uğurların altına qol çəkmək və parlaq gələcək qurmaq istəyən heç bir gəncə “dur!” demək fikrində deyiləm. Zatən belənçi bir gənci bir qoşun da saxlaya bilməz. Mən arxayınam, Azərbaycan gəncləri içərisində belələri lap çoxdur. Bütün bu yazıların ikinci amacı budur ki, belənçi gənclər ən azı bu planın arxasında onları gözləyən bir çox çətin aşamaları gözə alsınlar. Üçüncü amacım: biz Azərbaycan gənclərinin bu durumda qalmasında bais olan yaşlı aydın insanlarımız qeyrətə gəlsinlər və ən azı vaxtıyla onların payına düşən, yapılmayan və bizə yüklənən görəvləri yerinə gətirməkdə yardımçı olsunlar. Nədən biz öz ölkəmizdə ideallarımızın peşində gedə bilmirik? Sizin bizə buraxdığınız ümidlər meydanı hardadır? Genəl olaraq deyirəm, hanı sizin bizlərə verdiyiniz real siyasi dünyagörüşü?! Bu yazıları yazmaqda ilk amacım isə, ancaq və ancaq özümü ovutmaq olub. İllər boyu özümlə danışdığım sözləri yazıb yaymaqla özümü özümdə dustaq olmaqdan qurtarmağa çalışmışam.
“Norveç yazıları” kitabından