DİLİMİZİ EVDƏ QOYUB MƏKTƏBƏ GETDİK | Eyvaz TAHA

Güney Azərbaycanda yeni təhsil ili münasibəti ilə müraciət

Uşaqlarımız məktəblərə getdilər, bacılarımız, qardaşlarımız isə universitetlərə. Heç birinin qoltuğunda ana dilində bircə kitab yox.

Bu yaxınlarda mədəniyyət nazirliyi iki kitabımın nəşrinə icazə verməkdən çəkindi. Səbəblərin biri bu idi: sən demə kitablarımın yazı qaydasında farsca və ərəbcənin sözlərinə saymazlıqla yanaşılıb. Dövlət məmurunun argumenti daha qəribə idi: “Fars dili akademiyası belə buyurub”.

Söz yox ki, Şərqi Timorun dil akademiyası Burkina Fasonun dili barədə fikir söyləsəydi, Tehranın deyingən televiziyası dünya sisteminin ədalətsizliyi barədə gecə-gündüz dəng edəcəkdi bizi. Amma Fars dili akademıyası bütün dilləri farscanın bir ləhcəsi saydığından, mənim dilimdə bir sətir oxuyub yazmayan adam göstəriş verir ki, mən deyən kimi yaz.
Akademiyanın vəzifələrinin yalnız beşinci maddəsində, özləri demişkən “yerli mədəniyyətlərin qorunub saxlanması”na işarə olunur. Bu işarə başqa millətlərə korun işıq saçırsa, cümlənin davamı ümidləri puça çıxarır. Bəlli olur ki, akademiklər rəsmi dili daha da gücləndirmək üçün ölkənin qıraq-bucağında gözdən qaçmış “farsca folklor, adlar və istilahlar”ı toplamağa vurnuxurlar. Gözlənilməz deyil, bu akademiyanın soy ağacının kökü 1935ـci ilə gedib çıxır. Həmin ildə məmaliki-məhrusədə yayğın olan Azərbaycan türkcəsi ilə yanaşı başqa dilləri farscanın xeyrinə məhv etmək üçün birinci akademiya yarandı. İngilislər buyurmuşdular, bir zaman toplarını Vyana darvazasına söykəmiş Türklərdən zəhlələri gedir.

Akademiya çevrələri guman edirdilər ki, çağdaş nəsil torpağa qarışdıqda dildən yalnız xatirə qalacaq, sonrakı nəsil isə məktəb gücünə kütləyiə sırınmış yeni dilə alışacaq.

Nəhayət, “bizi buna alışdıracaqlar” deyə, 89 ildir belə olur. 89 ildir zorla verilmiş kitabları qoltuğumuzda saxlayırıq, ana dilimizi isə ürəyimizdə. Mən Orhan Pamuka yazanda ki, bizim birimiz evimizi itirmişik (Qarabağda), o birimiz isə dilmizi (Təbrizdə), söz dilin oğurlanmış “yazı”sından gedirdi, Biriya məzlumiyyətinin bahasına könlümüzdə qoruyub saxladığımız “danışıq dili”ndən deyil. Hər il dilimizi evdə qoyub məktəbə getdik, amma dilsizliyə alışmadıq. Şahlar sanırdılar ki, zaman axarında Rza xanın yuxuları çin olacaq, olmadı. Şah deyirdi ordunun mətbəx işçiləri də mütəcasirlərə (Pişəvəri belə adlandırılmışdı) qulaq burması verməyi bacarırlar. Amma belə olmadı, Pişəvəri doğma kor nifrətimizdə yandısa, Şəhriyarın sadə dilində dilimiz pöhrələndi. Səbəb aydındır: basqı, zorakılıq və repressiya kimi amillər “meyli” istehsal edir. Repressiya həmişə fövqəlidrakı yovuşdurursa, təhtəlidrakın gözlənilməz davranan güclərini oyadır. Dil yaşam ərsəsinə fəvəran edir. Dil Astaradan Əstərabada qədər ayaqlanıb yeriməyə başlayır, boğuntu illərində “Sazımın sözü” kimi dil abidəsi yaranır.

Uşaqlarımız məktəblərə getdilər, bacılarımız, qardaşlarımız isə universitetlərə. Heç birinin qoltuğunda ana dilində bircə kitab yox. Təki doğma kimlik vergisi beyinlərindən, sevimli ana dili sevgisi isə ürəklərindən əskik olmasın. Qardaşlarım, bacılarım, məktəb yaddırsa, dili yadırğamayın, dilimizi evinizdə yetərincə öyrənin!

Eyvaz TAHA

Sentyabr 2010

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *