KİMLİYİMİZİ DANAN SEVGİ MƏKTUBU

Yarpaq qəzetinin baş yazarı Eyvaz TAHAnın İranda yeni təsil ilinin başlanması
münasibəti ilə şagirdlər və öyrəncilərə açıq məktubu

İranda 14 milyon şagird və 3 milyona yaxın öyrənci təsil ocaqlarına getdilər. Məktəblərin zənginin çalınması ilə siniflərə yollanmış bu uşaqların 60 faizinin ana dili farsca deyil. Onların əksəriyyəti azərbaycan türkcəsində, qalanı isə türkmən, kürd, ərəb və başqa dillərdə danışsalar da, məktəb və universitetlərdə farsca danışıb yazmaq məcburiyyətindədirlər.
Prezident Əhmədi Nəjad bu məcburiyyəti unudaraq məhhəbət anlamını daşıyan “Mehr” ayında məktəbə geden uşaqlara sevgidən danışdı: “Əminəm ki, bu ildə bizim gənc nəslimiz ədalət, sevgi bəsləmək və ölkənin hər tərəfli inkişafına dair sözləri öyrənəcək.”
Məncə bu sözlər “Ədalət”-i hayqıran populist siasətçilərin yalnız ədalətsizlik doğuran iqtisadi götürüşünün başqa bir göstəricisidir. Yoxsa kim bilmir ki, dili danılmış hər bir varlıq “kimlik” gərginliyinə sürüklənərək inkişaf edə bilməz. Ədalətdən, sevgidən və inkişafdan bu sayaq danışmaq uşaqların gözünə baxaraq onların həm Quaran-i kərimdə, həm anayasada, həm də uluslararası insan haqları bəyannamələrində açıq-aşkar vurğulanmış dil və düşüncə azadlığını ayaq altına alıb tapdalamaqdan başqa bir şey deyildir.
Söhbət “bəşəriyyətin ən gözəl, mükəmməl və ən yaxşı talei”-indən gedirsə, güc quruluşları və güc kürsülərinə dirsəklənmiş adamların sevgi məktubları təkcə susqun kütləyə ərməğan edilməməlidir, haqqını istəyən vətəndaşlara da göndərilməlidir. Yoxsa ağzını açıb ən vacib, ilkin və danılmaz haqqını, yəni anası danışan dildə danışmaq diləyini dilə gətirənlərin yeri həbsxanaların qaranlıq kamerası olursa, o məhəbbət məktubları əsirlik bəlgəsinə çevriləcək.
Sevimli öyrəncilər! öz ana dilinizi mümkün yollarla öyrənməklə gerçək kimliyinizi qoruyun.

Sevgilər və sayqılarla
Eyvaz TAHA
Təbriz 22.9.2008

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *