Eyvaz Taha qumsallıqda boy atan çinar Ana dili sadəcə kəndimizdə, yörəmizdə öyrəndiyimiz dil deyildir. Bu, dilin ilkin evrəsidir. Dil, insanın bilgilərinin qaynağına və göstərgə aracına dönüşmədikcə axsaqdır, evrənsəl istəklərdən, düşüncülərdən yoxsundur. Dilin tükənməyən bir dərinliyi var. Bu dərinliyə varmadıqca, dalmadıqca önəmli bir yapıt (əsər) yazmaq mümkün olmaz. Bu dərinliyə varış kəndiliyindən insan beyninin əngin uzayına bir yol açmış olur. Bu yolda yürüdükcə düşüncə deneyimləri (təcrübələri) qazanım və yaradıcılıq biçimində ortaya çıxar. Bunun üçün dilin yaradıcılıq dilini bulmaq ilkin qoşuldur (şərtdir). Zehnin kəndini alqılama (idraketmə) mekanizmi bilimsəl olaraq kəşf edilmiş deyildir. Ancaq genişləyən, kəndi uzayında qapsadığı məkanları qavralara dönüşdürən zehn, buluşlarını nəsnəlləşdirmiş olur. Sürəkli olaraq uzay və zamandan parçalar qapsayan qavramlar zehnin kəndi işləyişini somutlaşdırma örnəyi kimi ortaya çıxar. Qavramlar həm zehnin işlərliyini, çalışma dinamiyini oluşdurur, həm də zehnin buluşları yenə də qavramlarla somutlaşır (konkretləşir). Bu nədənlə də dil kəndi yaşamsallığını (həyatiyətini) qavramlar yoluyla və qavramsallaşdırma dolayısıyla sürdürmüş olur. Keçmişdəki zamanlar, bir çox davranışlar və təpkilər qavramlar yolu ilə indilikdə gəələcəklə ilətişimə girə bilirlər. Dil yalnız bu şəkildə “varlığn evi” ola bilir. Varlıq dünü, bugünü və gələcəyi ilə dil güzgüsündə görünər. O üzdən də dil bilgisi dərinləşdikcə varlıq haqqındakı bilgilərimiz və imgələrimiz də genişlər. İnsan- varlıq ilişkisində dil tanımlayıcı etkəndir (amildir). Anlamaq, tanımaq varın (varlığın) varla (zehni varlıqla) örtüşməsidir. Bu iki varlığı örtüşdürən dildir. Bu üzdən də həm zehni varlıq, həm də kosmos və uzay, dili özünə ev olaraq bəlirtmiş olurlar. Dil kullandıqca varlığın evi saraylaşır, kullanılmadıqca bu ev örənə dönüşür. Ən gözəl varlıq belə, doğru kullanışından yoxsun buraxıldığında çirkinliyə və kötülüyə yuvarlanır. Eyvaz Tahanın “Şeir varlığın evidir” yapıtı bir dil abidəsidir. Türk dilinin dərinliyinə enmiş bir kişi ancaq böylə önəmli yazınsal (ədəbi) eleştiridə bulunabilir. Yalnız bu yolla dilimiz öz sayqınlığını qura və qoruya bilər. Taha “Hər şeydən öncə mənim böyük diləyim Azərbaycan türkcəsinin nəzəri yöndən zənginləşməsidir. Dilimiz düşüncə sahəsində dil açmalıdır”- yazır öz yapıtının giriş bölümündə. Kitabı oxuyub bitirən hər bir oxucu geniş bilgilər qazanmaqla bir yerdə Tahanın dilimizi düşüncə dili yapmaqda nə qədər başarılı olduğunun bilincinə varmış olur. Bu qədər evrənsəl bilgini öz içində barındıran kiçik həcmli bir kitab son yüz ildə nə Bakıda, nə də Təbrizdə yazılmışdır. Yazarın bu kitabı yazmadan öncə nə qədər oxuyub bilgi birikdirdiyi diqqətlərdən yayınmır. Qorxunc basqılar altında Quzeydə və Güneydə quraqlaşdırılan, qumsallaşdırılan dilimiz Tahanın yaradıcılığı ilə yaşıl xəyallarını gerçəkləşdirmişdir. Kitabı oxuyub bitirdikdən sonra adamın ağlında “kitabın içəriyi ilə (məzmunu ilə) adı uyum içində deyil” kimi fikir yaranır. Çünkü kitabda yalnız şeirin fəlsəfəsi, əldə etdiyi evrənsəl təcrübəsi və evrələri haqqında danışılmır. Fəlsəfənin özü, varlıq və sənət fəlsəfi haqqında geniş bilgi verilir. Dünyanın fəlsəfi fikrini etkiləmiş bir çox düşünürlərin sənət və varlıq haqqında fikirləri ilə tanış olmaq mümkündür. Ayrıca Tahanın bu sənət və fikir axımlarına eleştirəl tutumu da çox ilgiçəkici və öyrəticidir. Eleştiri olmadığı yerdə böyük sənət yapıtları yarana bilmir. Çünkü yalnız eleştiri yolu ilə bilincaltında saxlı olanlar bilincə daşınır. Bu eleştiri dediyimiz yalnız sənət yapıtı üzərinə deyildir, qavramlar üçün də keçərlidir. Ya bilincaltında, ya da toplumsal yaşamda unudulmuş, yetim kimi kimi yaşayan bir çox qavramlara eleştimən dəyər verir, onları dilə qazandırır. Bu qavramlara heysiyət yüklənir. Tahanın bu əsərində dünya yazını (ədəbiyatı) bağlamında Azərbaycan ədəbiyatına fəlsəfi eleştiri diqqəti çəkməkdədir. Bir çox ciddi şairlərin və sənət adamının yaradıcılıq və zehni olanaqları bu kitab aracılığı ilə genişləyəcəkdir. Çünkü hər eleştirəl əsər bilincaltından bilincə doğru bir yönəliş sağlar. Tahanın bu kitabında günümüzdə dilin qurtuluşu uğruna bir ocaq yaxılmış, dilin gələcəyi aydınlığa qovuşmuşdur. Ulusların gələcəyini bələrləyən onların dilidir. Siyasi, iqtisadi sistemlər çökdüyündə onarıla bilər. Lakin dil sistemi çökdüyündə hər şey bitər. Bu üzdən də Tahanın bu kitabı hər şeydən öncə dilimizin gerçəkdən dil olduğunu isbatlamaqdadır. Bu yapıt bir dil antropolojisidir. Kitabda son 100 ildə üzərinə yanlış yozumlar yapılmış bir çox qavramların doğru açıqlaması verilmişdir. Bunlardan biri heç xoşlanmadığım “ideoloji” sözüdür. Yalnız evrənsəl bilgiyə yiyələnmiş olan bu yanlışlıqları toplumun bulanıq zehnindən silə bilər. Bu açıdan da Eyvaz Taha böyük cəsarət göstərmişdir. Kitabın bütün sətirləri bilgi ilə dolu olduğu üçün onun haqqında yazmaq çətin işdir. Bu çətinliyi ortadan qaldırmaq üçün kitabı diqqətlə və əldə qələm altını çizə-çizə oxumaq gərəkir.