Son anda Eyvaz Tahanın veblağında verilmiş bu xabəri Dostum Nasir Mirqati cənablari mənə çatdırdı birincisi şeir varlığın evidir kitabında, bu kitabın çox cilidli olacağina toxunulmayıb. Ikincisi bu xəbəri hələ yaziçi özu tasdiq etmayib və hələ deyilənlərə əsaslanir.Mən yazımın aktuallıgına görə onu duşərgədə verirəm, qalan sözləri kitabın üçüncü cildi çixandan sonra danişariq. H. qaraçay
Şeir varlığın eviymiş
”Şeir varlığın evidir” kitabını sevə sevə oxudum. Yazıçının yazı dilimizə, şeirimizə görə baxışı ürəyimcə olmasa da ,düşüncələrimiz siyasal, toplumsal müstəvidə üst üstə düşməsədə, kitabın öz dilimizdə yazılması olduqca sevindiriciydi. Aşağıda yer yer düşüncələrimizin dəyişikliyini göstərib, gərəkli gördüyüm yerlərə deyinəcəyəm. Hansı bir qonuda danışıldığından asılı olmayaraq, Taha bəyin önərdikləri (təklif etdikləri) genəl biçimli olduğu üçün oxucunun qarşısında hansıysa bir başlanğıc nöqtəsini yaradanmır. ”Mən şeirimizə daha geniş prespektivden baxmağa başladım” deyən yazıçı, çağdaş şeirimizin ən yaxın örnəyinyini Oxtayın adını yalnız bir yol çəkməklə bitirir. Başqa sözlə 1345.ci ildən bu yana (oxtayın ədəbi yaradıcılığının sonuncu ili , Səməd könlümdədir şeirini 1347.ci ildə yazmasına baxmayaraq) Güney Azərbaycan şerində danışılası heç bir şair ya şeir görmür.
Mavilər, Talanmış Günəş, Gözü yaşlı küçələr, Günəş tonqalı, Zəncirdə sevda, bəlkə daha deyənmədım, hər rəngdən kitablarının hər birində danışılası qonuların varlığına inanıram. İş hələ bu kitablarla bitmir sayın Hümmət bəy Şəhbazinin göstərdiyi kimi 1370.ci on illikdən bu yana şeirimizlə yazı dilimizdə olduqca gözəl gəlişmələri görürük. Gənc şair, yazıçılarımızın yüksək ədəbi yaradıcılığını görməzdən gələn yazıçı, məncə böyük bir yanlışa yol vermışdır. Bunları yeri gəldikcə geniş açıqlamağa çalışacağam.
Kiçik bir açıqlama: Sayın Taha kitabın onuncu sayfasında dilimizdə yaratdığı bir neçə termindən danışırkən “özgü”, “özgün” terminlərini də yanlış olaraq özünün yaratdığı terminlər kimi verib. Terminlərin ikisi də 1935.ci ildən anadolu türkcəsində işlənməkdədirlər.
14.cü sayfa:”əli kağıza çatan, dili öyrənmədən şeir yazmağa başlayır, bu, fəlsəfi baxımdan olduqca maraqlı məsələdir. lakin qorxulu o dur ki, gec gəlmiş adam, şeir karvanının lap ön sırasında durmaq istəyir. dili dəyişmək istəyir, təmizləmək istəyir. Siyasətdən gələn bu istək, nə qədər yayğın olursada, dili genişləndirmir, yanlışlıqların sıx qaranlıqlarına sürükləyir. Götürün görün güneydə bir çox tanınmış şairlərin əsərlərində nə qədər gülünc səhvlər buraxılır. Buna baxmayaraq, şair yeni dil gətirmək istəyir, yeni sözcüklər qondarır.”
Kitabda Güneyli şairlərə ilk bu bölümdə toxunulur. Yazıçının dilə qarşı necə gəldi yanaşması, fars dilinin gramatikasında tümcə (cümlə) quruluşu, yerli yersiz fars sözcüklərinin işlədilməsi , özünün dediyi dilə qarşı sorumlu davranma ilə daban daban qarşı durur.
Qoyun birinci dilə qarşı necə gəldi yanaşmanın eləcədə sorumlu davranmamanın örnəklərini gətirim: Birinci tümcə (cümlə)də “fəlsəfi baxımdan” fəlsəfə baxımından yazılarsa fars dilinin mənsubiyət göstəricisi olan “i” əkinin işlədilməsinə yer qalmaz. Başqa sözlə fars dilinə alışqanlıqdan eləcədə türk dilinin quruluşuna eyrəti yanaşmaqdan yaranmış bu söz birləşməsində olan “i”əki bütünlükdə yersizdir. Bizim dilimizdə “fəlsəfə baxımından” deyilməlidir, yazıçının işlətdiyi “fəlsəfi baxımdan” isə fars dilindəki (əz nəzəre fəlsəf”i”) söz birləşməsinin çevirisi (tərcüməsi)dir.
İkinci tümcədə “ki” bağlayıcısının işlədilməsi bizi yenədə fars dilinin tümcə quruluşu ilə qarşlaşdırır. İndi burada “ki” yerinə farsların öz fonetikasındakı “ke”yi qoyub oxusaq dediyimi qolaycasına görərik. Öylə isə, bu tümcə necə yazılmalıydı sorarsanız, yanıtı (cavabı) belədir:
“Ancaq, qorxulu olan, gec gəlmiş adamın, şeir karvanının lap ön sırasında durmaq istəyidir.” Kitab boyu bu yanlışların sürdüyünü yer yer, çox sayıda görürük. Sayın Taha bir neçə termin qondardığını da söyləyir, böylə isə Taha bəy termin qondara bilər, dilimizi istədiyi kimi yaza bilərsə, onda hansıysa bir şairin, dili dəyişmək, dili təmizləmək istəməsi nədən qınanır? Genəl olaraq dili təmizləməyə, dəyişməyə yol açan hansıyısa bir ölçü bir meyar varmı? Varsa bu ölçülər hansılardır, bu ölçüləri kim, kimlər, hansı haqla yaradıblar?
Bu sorğulara cavabımız yoxdur, sayın Tahanın dil üstündə istədiyi kimi işləmək haqqı, hansıysa dün gəlmiş bir şairin haqqı ilə tən dir. Unutmayın söz yalnız dil üstə işləyən kişilərin “haqq”ından gedir.
Gərəkli ölçüləri açıqlamaq, başarılı bir dil qurumu oluşdurmaq dilimizin qayğısını çəkənlərimizin hamısının istəyidir. Ancaq belə bir qurumun oluşub işlədiyi bir durumda belə, yenədə kiməsə “sən hələ dünən gəlmisən, dilimizdə dəyişiklik yaradanmazsan” deməyə haqqımız çatmaz.
İndisə kitabdan gətirdiyim örnəyin içəriyinə bir göz dolandıraq. Birinci tümcədə “əli kağıza çatan , dili öyrənmədən şeir yazmağa başlayır” bunun nə demək olduğu aydındır: şeir yazmaqdan öncə gedib dili öyrənmək gərəklidir. Bizim ölkədə bizim dilimizdə hansıysa bir oxul, məktəb yoxdur. Bunu Taha bəy də bilir. Demək, necə olursa olsun, hansı yolla olursa olsun, şeir yazmaq istəyən (qarpız yemək istəyən…) şeir yazmaqdan öncə dili öyrənməlidir demək istəyib. Belə isə oxul, məktəb olmadığı bir durumda şeir yazmaqla dilimizi öyrənənlər azmı olub? Başqa sözlə şeir yazmaq bir başa dillə uğraşmaqdır. Oxulsuz, məktəbsiz xalqın şairi, elə şeir yaza yaza dilini öyrənər, bu ən yaxın, əl içində olan yol kimi gəncliyimizin qabağındadır. Dili öyrənmədən şeir yazmağa başlayırlar deyən bilginimiz, məncə öz xitabə kürsüsünün ölçüsünü bir az uca götürübdür. “Şeir dildən öncə gəlir” deyə inanan yazıçı (S.19), dili öyrnmədən şeir yazılmaz deyən bilginimiz, bütün yasaqlar içində daha yersiz bir yasaq qoyur.
Gec gəlmişlərin, şeir karvanının lap ön sıralarında durmaq istəklərinə gəlincə, doğal bir istəkdir. Ayıq olun, mən haqlı demədim, Yerli demədim , doğal dedim. Kimsəni nəyəsə can atmaqdan, nəyəsə yetişməkdən çəkindirmək olmaz, bu istək onun öz istəyidir. Ancaq onun gerçəkdən də ön sırada olub olmadığını onun yaradıcılığı ilə oxucu bəyənisi aydınlaşdıracaq.
Sayın Taha, dildə təmizlik aparmaq, dili dəyişmək istəyinin siyasətdən gəldiyini vurğulayır. Yaşadığımız quruluşda hər olayın siysal bağalntıda da öz anlamı öz mənası var. Sözcüklərlə dillə uğraşan biri, bilsədə bilməsədə, istəsədə istəməsədə siyasətlə də uğraşmaqdadır.Bu çabanın siyasal yönünü qulaq ardına atmadan, yaşadığımız bütün quruluşlarda, tanıdığımız bütün dillərdə bu sayaq axtarışların sürdüyünü görməliyik. Uzağa getməyək fars dilində son 10 ilin içində azmı sözcük yaradılmış?
Qaldı tanınmış şairlərin əsərlərində olan gülünc yanlışlıqlar. Tanınmış olmaq hələ hələ bilginlikdən ayrı bir anlamdır. Ən azından bu tanınmış şairlərin gülünc yanlışlarından bir iki örnək verilsəydi qolaycasına araşdırmaq olardı.Yuxarıda dilimizlə uğraşanların tən haqqından danışıldı, burda isə necəlik ilə keyfiyətə yetişirik. Yaradıcılıq bütün yönlərdə, istər şeir istər dil üzərində, yardıcının tanınmış biri olub olmadığı ilə olçülmür. Yaradıcının özəl xarakterləri ilə biliyinə bağlıdır. Önərdiklərinin də yaşayıb yaşamaması onərilərin güncəlliyi ilə bağlıdır. Mənim elə bu yazımda Taha bəydən bu(– )işarənin işlənmə alanına verilmiş önəri qorunmaqdadır.
Bu kitab Güney Azərbaycanın çağdaş şerini görməzdən gəlir. Yalnız bir yerdə Oxtayın adı çəkilir. Başqa sözlə bu kitabda Oxtayı şair olaraq gördüyünə inanırsaq, 1345dən bu yana hansıysa bir adı çəkiləcək, şeri bəyəniləcək bir şair görmür. Şəhriyarın da romantizminə toxunurkən , Şəhriyar şeirinin özəllikləri ilə yazıçının ınandığı estetik dəyərlərin arasındakı dəyişikliklərin olduğunu görürük. Başqa sözlə Şəhriyardan söz açılırsada Şəhriyarın qaçılmazlığındandır. Yoxsa Taha bəy , bu günkü ədəbi gəncliyə Şəhriyarın yaraşıqlı bir sırıq olmadığını yaxşı bilir.
Gəncliyimizin dünya ədəbiyatını oxumadığından danışırkən 32 nci sayfada olan “bu xalqın şairi dilsiz dünyaya gəlməyib ki,qafada beyin varkən heç olmasa o kafir avropalılardan beş on sözcük oxumağa nə var? ”ifadəsi olduqca alçadıcıdır. Ədəbi gəncliyimizin öz klasik ədəbiyatımıza olan marağının qarşısında bu sayaq yanıtlama sadəcə yuxarıdan baxmaqdır. Doğrusu Bethovenin 9.cu semfonisini səsləndirib Holderlinin şerlərinin dadına varmaq istəyən bir santimantalistin baxışı ilə üz üzəyik. Yanlış anlaşılmasın, mən avropa ədəbiyatının oxunulmasına batının klasik musiqisinin dinlənməsinə qarşı deyiləm. Ancaq adlarını çəkdiyi bu şair yazıçı musiqiçilərdən daha öncə bizim gənclərimiz öz kökümüzlə bağlı olan Dədə Qorqudu oxumağa könüllüdür. Oğuznamələri, Divani luğatitürkü, Orxun yenisey yazıtları bizi maraqlandıranda, yazıçı bunların hamısını siyasətdən gəlmə olaylar görərək çırpır.
Nədənlərini bilmək çətin olsada, yazıçının “Talanmış Günəş” kitabını görməzdən gəlməsi anlaşılmayır. Talanmış Günəş kitabında gələn şeirlər, Taha bəyin xırdaladığı bütün detaliyeleri öz içində yığmış bir şeir toplusudur. Başqa sözlə Nasir Merqatinin şeirlərini oxuduqda, onun mifik anlayışlarla yaxından tanışlığını görürük. Avropa şerinin çağdaş dəyərlərini, eləcədə öz şerində işlətdiyi materyallara dayanaraq T.S.Eliotla bir neçə önəmli batı şairləri ilə yaxından maraqlandığı, tanış olduğu göz önündədir. “Talanmış Günəşi” oxuyan oxucu, şairin yunan mitolojisinə, batı şeirinə dərin tanışlığını görür, bu kitab çağdaş dünya şerinin estetik dəyərlərinə uyğun şier örənəkləri verir. Başqa sözlə Nasir Merqati bir şair olaraq, sayın Tahanın bağladığı dünən gəlmişlərin, dili bilməyənlərin, dünya ədəbiyatını oxumamışların kataqorisinə yerləşməz. Bunu Talanmış Günəş kitabı açıqcasına göstərir.Taha bəyin bu sayaq yanaşması , bizim şair ilə yazıçılarımızın tökdüyü alın tərini aşağılamaqdır. Yuxarıda adlarını çəkdiyim şeir kitabları üzrə, Talanmış Günəş haqqında danışdığımca danışmaq olar. Nasir Mirqatidən yalnız, Eivaz Tahanın genəl olaraq dəyərləndirdiyi bir sıra dəyərləri (bu dəyərlərin içində gedən ziddiyətlərə baxmayaraq) qapsadığı, çevrədiyi üçün bir az artıq danışıldı. Bu nədənlə oxucuları yordumsa məni bağəşlayacaqlarını umuram.
Fəlsəfə bacasından şeir dünyasına girməyin sonucu olaraq sayın Taha hər şey deyircesinə heç nə demir. Yeri, göyü, sağı, solu davurna daşları kimi bir birinə qatırkən, oxucunun hansıysa bir sayının oxunacağını gözləməsi boşa çıxır. Fəlsəfə torbasında şeir üzərinə oxunacaq hansıysa bir davurna daşı yoxdur. “şeir aracmıdır, amacmı” bölümündə fars şeirində S.Sepehri ilə Ə.Şamlunu , batı ölkələrindən bir sıra şairləri üz üzə qoyduqdan sonra 64.cü sayfada “aşağı yuxarı adını çəkdiyimiz adamların hamısı şairdirlər. Şerin, şeiriyət qazanması, yaratdığı və ya yaradacağı hansıysa sonucdan asılı deyil. şeiri, şeiriyət göyünə qaldıran amillər, özünün güc və məşruiyətini ayrı ayrı qaynaqlardan alırlar: bəlkədə elə estetik baxışdan alır, bəlkədə Haydgerin qabartdığı düşüncədən.”
Yazıçının gözü bağlı qeyib deməsi budur: Aşağı yuxarı S.Sepehri də, Ə.Şamlu da eləcə bu bölümdə sıraladığı başqa batı şairləri də şairdilər. Bu şairlərin şeirlərinin şeirsəlliyi isə öz gücü ilə məşruiyətini ayrı ayrı qatlardan, bəlkə estetik baxışdan, bəlkədə düşüncədən alırlar. Belə genəl danışıqlarla gəncliyə nəsə vermək olmaz. Tənqidə girişən yazıçı, ilk olaraq özünün ınandığı estetik dəyərləri açıqlayaraq bu dəyərlərin diri örnəklərini oxucusu ilə bölüşməlidir. Sayın Taha 181 safalıq kitabında belə bir işə girişmir. Inandığı estetik dəyərlərdən açıqcasına danışmaqdan çəkinir.
“Şer olmasaydı hardan biləcəkdik adət yalan qalağıdır, inam isə aldanma qaynağı”. (qabartma məndəndir) Şer qabarıq varlıqdır bölümündə 181 – 182.ci sayfadan götürdüyüm bu hökmü Nazım Hikmətə dönmək üçün götürmüşəm. Buna adını çəkdiyim bölümdən daha bir iki sətir artırmaq istəyirəm.”şeirin şeiriyətində”öyüd, inam, öhdəlik” çıxdaş olur. Bunlar şeirin ayaqları altına atılan qavun qabığıdır.
İndi şeirdən olan bu anlayışla Nazım Hikmətin “salxım söyüd” şeirini oxuyun. Öyüd üstündə danışmaq istəmirəm. Ancaq öyüdün də bu kataqoridə olduğuna ınanıram. Başqa sözlə öyüd özüdə hansıysa estetik dəyərlər içində gəlsə artıq öyüdlükdən çıxıb, şeir olaraq sunula biləcəyinə ınanıram.
…
Fakat malum,
Kızım yahut oğlum,
Gecikirse suların ışıması
Dövüşeceksin
Ve hatta….
N.Hikmet “hapisden çıktıkdan sonra” şeirindən
Öhdəçiliyə gəldikdə isə mən onu şair vicdanının sorumluluğu adlandırıram. Sayın Taha N. hikmətin Salxım Söyüd şeirini sevdiyini söyləyir. Sayın Taha öhdəçiliyi (oxu şair vicdanının sorumluluğu), özəlliklə də ınamı şeirin şeiriyətinə çıxdış bilir. Sayın Tahanın Salxım söyüd şerində olan ınam izlərini, özəlliklə konkret sözcüklərlə verilmiş öhdəçilik izlərini görmürmü? Yaxşı görür. Mən buna ınanıram. Eivaz Taha “Koşuyordu kızıl atlılar güneşin batdığı yere” mısrasının kimdən danışdığını yaxşı bilir. Üstəlik 11 dizə aşağıda “Beyaz orduların ardında kılıç oynatmayacak” dizisi quşqunmağa yer qoymur. Məncə Eivaz Tahanın şeirdən anlayışında ziddiyət yoxdur, ınamında uçuqluq var. Öyüd, ınam, öhdəçilik şeirin şeiriyətinə çıxdışdır deyəndə özü ilə birlikdə oxucunu da aldatmağa yönəlir. Üzümü bütün gəncliyə tutub qalın hərflərlə yazıram bunu: Şairin dinçiliyi, ateistliyi, hansıysa ideolojik inamı ilə inamsızlığı onun şeirinin şeirsəlliyini, onun şair olmasını sınırlandırmır. Bunu, dünya şeirinin başında duran, ancaq dəyişik, ziddiyətli ınamları olan şairlərin yardıcılığı göstərir. Ədəbi gəncliyimizi toplumsal vicdan sorumluluğundan, ınamdan uzaqlaşdıran bilginlər hansı dəyirmana su axıtdıqlarını bir daha düşünməlidirlər.
Üstəlik yazıçı şeiriyət terminindən nəyi anladığını konkret olaraq açıqlmır . Inandığı estetik dəyərlərə aydınlıq gətirmir. Beləliklə də kitabda yazıçının adından səslənən şeirdən anlayışların ziddiyəti kitabın sonunacan kölgədə qalır. Başqa sözlə “bəlkədə mən başa düşmürəm , bəlkə mən tələsirəm” deyə dözən oxucu , yalnız kitabın sonuna çatdıqda , uzunçu fəlsəfə pirindən hansıysa bir möcüzə qalxmayacağını anlayır. Sonuncu bölümdə yeri göyü bir birinə düyünləyərək “şeir nədir sorğusunu” yanıtlamaq istəyən yazıçı, kitab boyu axtardığını Borxesin labirentlərindən tapdığı bir möcüzədə gətirir “şer qabarıq bir varlıq” iymiş. Kitabın missyasını batı şeirində ədəbi axımların ensklopedik açıqlamsı adlandırsaq yanılmamışıq. Şerimizin nəqdində yazılmış “nəqde şere moasere azərbaycan” kitabını dərin izləyənlər çağdaş Güney Azərbaycan şerinin toplumsal etginliklərindən doğru eləcədə dəqiq bir anlayış əldə edə bilərlər. Hümmət şahbazinin cəsarəti, danışdığı alanı (hoze ni) öz adı ilə səsləməsindədir. Başqa sözlə nala mıxa vurmadan danışdığı alanı dəqiqləşdirərək konkret örnəklərlə çağdaş şerimizin açıqlamasına girir. Bu kitab üzərinə başqa bir yazı ilə qayıdacağam. Burda yalnız sayın Tahanın, bir başa öz şeirimizlə uğraşan bu dəyərli kitabı da görməzdən gəlməsini göstərmək istədim.
Son olaraq 70.ci illərdən bu yana şerimizdəki gənc gəlişmələrin tər tökənlərinin haqqını ödəmək istəyirəm.
Necəliyi (keyfiyət) olağanüstü (təsadüf) görməzsək, İran İrak savaşından sonra siyasal müstəvidə buzların əriməsi, ölkənin quzeyində Azərbaycan respoblikasının siyasal, toplumsal ağırlığının ortalığa çıxması, dilimizlə ilgili öz etgilərini göstərməyə başladı. İstərsə dövlət organlarının ədəbi qolları kimi ortalığa çıxan “Yol” ilə “İsalami birlik”, istərsədə özəl sərmaya ilə dolandırılan dərgilərdə Türkcə bölümlər şeir, öykü örnəklrini vermək üçün yarıyırdılar. Başqa ədəbiyat janrıları yoxuydu. Olsaydı da bu sayaq dərgilərlə qəzet bölmələrində veriləsi deyildi. Özümün yaşadığım bir dənəyim (təcrübə) kimi 1367-68 nci illərdən bu yana qəzetlərdə gedən türkcə bölümlərə marağın yüksəkliyini vurğulamalıyam. Az çox tanış oldoğum gənclər axşamlar bir araya gəlib günün, həftənin, ayın yeni çıxmış dərgilərini, qəzetlərini qızqın mübahisələrdə araşdırır, anlayışlarımızı paylaşırdıq. Bu gün ədəbi gəncliyimizin harda durduğunu bilmək istəyənlər, o illərin yazılarını izləməlidirlər. Sayın Tahanın Bakıda Yol qəzetindən oxuduqları orada maşınların arxasına yazılan şeirlərlə ölçüldüyü heçdə olağanüstü bir olay deyil, tərsinə doğaldır. Ancaq indiki gəncliyimiz Bakının ən qabaqcıl ədəbiyat dərgisi olan Alatoranda yayılır. İnternet ağlarında da bollu yer var. Artıq şairlərimiz çap olmaq üçün özünü Yol dərgisinin, İslami Birliyin, Fruğe Azadi qəzetinin, dar çarçuvalarına sığdırmağa gərək görmürlər. Ürəkləri istədiyi kimi yazır, istədikləri kimi yaraşıqlı jurnalistik biçimlərdə oxucuya sunurlar. Redaktorlar öz üstünlüklərini itiriblər. Bu günün Hadi Qaraçayı, Ərk qəzetində yeni şeir üçün kiçik bir bölüm ayırmaq zərurətini dartışmaq məcburiyətində deyil. İndi qəzetlərin redaktorları şairlərdən əməkdaşlıq üçün dəvət göndərməlidirlər. Bu da bir çoxlarının xoşuna getməyə bilər.
Yuxarıda Hümmət bəy Şahbazinin kitabına azacıqda olsa toxundum. Bu kitabda bir çox gənc şairlərimizin adları səslənir. Bunların yaradıcılığının gəlişməsini izləməkdə böyük yarar var. Üstəlik indi bir çox yeni adlar da bunlara əklənməlidir. İnternetdən tanış olduğum eləcədə bir çoxunu heç görmədiyim şairlərin yaradıcılığı bizlərdən gözəlcəsinə seçilməkdədir. Eivaz Tahanın dediyi savadsızlıq olsa olmasa Xaneye Şairan adlı dövlət bayrağı altında yığışıb şeir yazıb, oxuyanlara yaraşır. Yanlış anlaşılmasın Xaneye Şairana gedən şair olanmaz kimi, yanlış bir hökm çıxartmaq istəmirəm. Onların saytında olan gedişi izlərkən bu düşüncəyə vardığımı vurğulamaq istədim. Məncə Kiyan Xiyavın, Ersan Erelin, Seid Heydər Bayatın, Ramin Cahangirzadənin, Lalə cəvanşirin, Məlihə Əzizpurun, Sahil Azərin, Duman Ərdəmin, Aydın Arazın, Elyad Musəvinin, Elnaz İslamvəndin, Səid Muğanlının, Süleyman Məhəmmədoğlunun, Elşən böyukvəndin (mənə yolladığı şeirlərindən bəllidir) ….yaradıcılığını görməzdən gələn yazıçı , 70.ci ildən 85.ci ilə kimi 15 illik bir dövrdə baş verənləri görməməsi doğaldır.
Aşağıda yalnız bir şayiri özəl olaraq örnək verirəm. Görəsən eyvaz bəy, kiyan Xiyavın şeirlərini oxuyubmu? Onun kitabı yayimlanmasada qəzetlərdə şeirlərilə tanışıq. onun bir şeirini örnək olaraq veririk:
Əllərimiz
hankı dağlarda,
neçə bayrağa yönəldi sənsiz?
– heç
hədə biçdiyimiz
hankı meşələrin
harasını qorxuya saldı sənsiz?
-heç heç
nə qədər ağardı
qaranlıqdan qaranlığa uçan ulduzlarımız sənsiz?
– heç heç heç
eey, Allahdan yazıq yerdə
qılıncsız qınlarımızı
belimizin harasına bağlamalıyıq
çağlarıq da sənə, gəlməzsən, nədən?
Ağlarıq da?
Fəqət çəkhaçək çəkilir başlara
adının ağısı
bir də ayrılığın yüz əlli illik acısı
şairlər nə bilsin
bəlkə dağlarımız o qədər ucalıbdır
səslərimiz çatmır sənə?
Yoxsa bu nəğmələr, operalar
ölkədən ölkəyə gedib dağılar dünyaya
və dağıdar hər yerdə hər nəyi
yoxsan ancaq
və biz
başsızlığın beş barmağında sıxılaraq
sənsizliyin çağlarında dayanmışıq
əllərimizdə oxunaq cinayət sənədləri
amma gözlərimizdə
qanlı tutulmuş divanlar səhnəsi
bizsə səni nə görmüşük, ulu Günəş?
Bəlkə bir zinhar gecənin dar bacasından
gözləşəcəksən
bir damlacıq göz yaşımızla
və min barmaqlı aşıqlar
dildən dilə, teldən telə çökdürəcəklər səni
a…h bu uca dağlardan
bir boylana biləydik sənə!
və sənə səndən danışaydıq
qaranlığın bağrı çartlayanadək!
Onun şeirindəki dil yetginliyi, şeirsəlliyə yönələn duyğusallığı və eyni halda toplumsal içəriyi, və ən önəmlisi bu qonuları doğmalaşdıran cəhətləri, Eyvaz bəyin söylədiyi hansı çatişmamazlıqlala ölçülə bilər? Belə şeirləin üzərindən genəl sözlər söyləməklə adlayıb keçib getmək bir yalnız fəlsəfəsəl uydurmalardır. Kiyanın şeirləri şeirsəl duşuncədir. Toplumsal içərik daşıyan şeirlərlə şüarçılıq arasında qılca ara var. Kiyanın da bu qılca aranı seçib sezməsi onun savadsızlığından yox, şeir bilgisindən irəli gəlir. Beləliklə də Kiyanı, Eyvazın söylədiyi “əli kağıza çatan, dili öyrənmədən şeir yazmağa başlayır” fikirinə necə sığışdirmaq olar. Məncə fars və ya batı şeirini özəl olaraq öyən və üstün bilən Eyvaz bəy, ən azı Kiyanın şeirilə onları müqayisə etməli və onların Kiyan Xiyav şeirinə görə hansi üstünlük daşıdığını açıqlamalıydı. Belə olmadığı bir durumda nədən onlar bizim şeirimizə üstün olurlar. Bütün bunlar, Eyvaz bəyin ”Mən şeirimizə daha geniş prespektivden baxmağa başladım” deməsinin boşluğunun göstəricisidir.
Güney Azərbaycan gəncliyi şeirin nə olduğunu bilir demək istəmirəm, göstərir demək istəyirəm. Adlarını səsləndirdiyim gənc şairlərin yaradıcılığında hansıysa çatışmazlıq, hansıysa yanlış da görünə bilər. Ancaq bu çatışmazlıqlarla yanlışlar özlərindən 10 il qabaqkılarla tutuşdurulduqda durum aydınlaşır. Bu gün Azərbaycanın gənc şairi Fizulinin, Əliağa Vahidin qəzəli ilə deyil, bir başa Oxtayın, Nazım Hikmətin eləcədə dünyada tanınmış, mənimsənmiş şeirsəllik dəyərlərinin qapısından girərək şeirə başlayır.Yeri gəlmişkən bunu da açıqlayım: Əruz bilməyən modern şeir yazanmaz deyənlər, sadəcə bazarlarının pozulmasını istəməyənlərdir.
Yenədə bir uyarı verməliyəm: Mən klasik əruz şeirimizin oxunub öyrənilməsin gərəkli saymasam da onları oxuyub bilənlər, bilməyənlərdən nəsə bir şey artıq bildiklərinə də ınanıram. Klasik ədəbiyatımızda əruzla bağlı olan hansıysa bir yazı, bir kitab bizim iş çevrəmizdən dışarda durur. Klasik əruz ölçülü şeirlər bizim Türk ədəbiyatına özəlliklə çağdaş, modern ədəbiyatımızla ilgisizdir.
Əski saraylarda Türkün dil gözəlliyini “ Xuruca”, “Duxula” , “ Rədifə” , “ Qafiyəyə” , “ Təqtiyə” … sıxışdırıb dışlayan bir ədəbiyata mən ancaq belə əyri baxaram. Fizuli kimi bir ərdəmi “ Düşvarə” salan bu yanlış yol aracını, gənclərin əlinə ışıqlı fanar kimi vermək cəhalətdir.
Bizim klasik ədəbiyatımız Dədə Qorqud, Divan Luğaittürk, Oğuznamələr, Orxon Yeni Sey yazıtları … dırlar. Bunları sevərək oxuyub, dünya ədəbiyatına öz dilimizdən bir tel uzadacağıq. Bu isə bizim dünya şeirinə vuracağımız ulusal damğamızdır. Bu ümid ilə gəncləri əprimiş qalıblarla ütülənmiş düşüncələrlə qorxutmadan, yollarında ürəkli getmələrinə yardımçı olalım.