CAHAN jurnalı barədə qısa bilgi


Ötən yüzilliyin ikinci yarısından (1997-ci ildən) nəşrə başlamış, kifayət qədər həcmli “Cahan” dərgisinin nəfis, müasir poliqrafik üslubda, üç aydan bir hesabı ilə beş sayı çıxmışdır. “Ədəbi, bədii, elmi, ictimai jurnal”ın baş redaktoru Eyvaz Taha, redaktorları Məsiağa Məhəmmədi və Tahirə Məmməd olmuşdur. “Cahan”ın dünya ədəbiyyatı boyu bugünlü gəzişmələrə həvəsi bir zaman “İnostrannaya literatura” jurnalının ədəbi informasiya məkanımızda, doğrudur, özgə dildə, lakin gərəkli işini , oynadığı rolu xatırladır. Mündəricədə olmasa da, ən azı strategiyada. Habelə “Cahan”da çağdaş Azərbaycan ədəbiyyatından seçmələr dünya ədəbiyyatından ayrı-ayrı çevirmələr arasında görürük. Və hətta bu növ poetik sərgi prinsipi sanki eklektik yanaşmadan danışmağa əsas verir. Amma ilk təəssürat aldatmasa da, yalnız qismən doğru olur. Bədii nümunələr dərginin ümumi havasında az yer tutur, məhz poetik notlar qədərində. Günün tələbini və başlıca missiyasını, görünür, jurnal bunda görmür.Hətta bəzi məqamlarda (məsələn, hər sayı tamamlayan “Çələng”, “Yeni kitablara baxış”, “Antirubrika” qismindən Mikayıl Yaqubzadənin ardıcıl yazıları) “Cahan”ın həmin imitasion plandan heç də çəkinmədiyini görmək olar. “Dünya”nın bizə artıq rus dili vasitəsi ilə deyil, özgə səmtdən gəlişdiyini, azacıq görünsə belə, mən jurnaldakı kiçicik xətalarda, ya bəlkə transkripsiya fərqlərindən də sezirəm. Deyək, bugünə qədər Ay Tsin deyə tanıdığımız şair “Cahan”da “Çinin ən məşhur şairlərindən sayılan Ay KU İnq” olur, yaxud Oktavio Pas kimi məşhur olan yazıçı dönüb burda “Oktavio Paz”, Amerika yazıçısı Edqar Allan Po isə “Edqar Alen Po” olur… Hər halda bu, həm də rus dilinin ötürücülük missiyasının “laxladığını” – bizə xəbər verir. Bunun yerini hər hansı bir özgə dilmi tutmalıdır, yaxud orijinaldan çevirmələr? – bu isə şəksiz, nəzəri yox, praktiki məsələdir: yəni birbaşa, əslindən tərcüməçilər çatışmadıqca səhvlər də olasıdır… İndilik uğurlusu budur ki, “dünya” – “Cahan” bizimlə bizim dildə danışmağa çalışır, səy edir.

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *