1
Dünya Şəhriyarın söylədiyi qədər yalan olmasa da, Gi Deborun duyduğu qədər acıdir.
Şərfxanə sahilində çimidiyim iki il olmayıb. Natiq heyvanla dalğalı Urmu dənizinin qovşağında oynaq həyatın var gücüylə cərəyan etdiyinin sevincinə dalmışdım bu acı dünyada. Duru, su qədər duzlu, şer və işraq qədər gündəlik rəzalətlərdən uzaq bir sevinc. Sankı bir an toplumun təzyiqçi güc qaynaqları aşırım halda saxlanmışdı, ötəri bir azadlıq əsimişdi dəniz qırağında, yuxulardakı kimi. bunu gözümlə gördüm, ruhumla duydum. Ancaq iki ilə yaxın bir müddətin böyük bölümünü vətəndən uzaq olduğum üçün dənizi görməmişdim, nə Urmu sahili çamurlarını, nə də vurnuxan quşlarını. İndı həmin yerə susqunluq qanad gərib. Su iki kilometrdən daha çox geri çikilib, yerində duzlaq qalıb. Bu, təkcə quraqlıq faciəsi deyil, təbiət və Azərbaycan düşmənlərinin parlaq zəfəridir.
2
Göz qaraldıqca sudan xəbər yoxdur, atılmış bir taxta eskele var, duza batmış köhnə qayıqlar, paslı gəmilər və duz düzənliyi üstündə irəli şütüyən minik maşınları. Sudan xəbər yoxdur, üfüqün tapdalanıb yerə yamandığı geniş məkana qədər yalnış siyasətlərin qalaq qalaq izi var; xalqın dənizi diri saxlamağa dair istəklərini qulaq ardına vurmuş bir dövlt siyasətlərinin izi. Bu , məqsədli düşmənçilikdənmi kök alır, yoxsa məqsədsiz çəlimsizliklərdən, bacarıqsızlıqlardan, sonuc birdir: duz tozları yaşam dünyamızın yalnız yuxularına deyil, yaşıl tarlalarına da qona bilər. Bununla da Urmunun gözəl bağlarında həm üzüm tağları yanar, həm də “Balo yallısı” yoxa çıxar.
3
Duzun dənizi məcnun yelləri gözləyir. Azərbaycan buna dözməz, yoxsa duzların üzərində böyük hərflərlə yazmazdılar: Tanrı azərbaycanı qürüsün.
_____________________________________
* Son vaxtlar neçə yeri bir daha gördüm: Şeyx Mahmud Şəbistərli məqbərəsi, Naxçıvan qalası, Kars qalası, Ərzrumun Yakutiye mədrəsəsi, Şəms minarəsi, Xamənə qəsbəsi və nəhayt Urmu dənizi. Bunlar barədə üç-beş sətir yazmaq istəyirəm. bu yazıları bir yerdə “Yakuyiye mədrəsəsindən Urmu dənizinədək ” adlandırıram. Hamısını yaza bilsm əgr. Bunu da qeyd edim ki, “Şərəfxana” Urmu dənizi sahilində yerləşmiş bir şəhərin adıdır.