1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra “postmodernizm” sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim və düşüncə sahələrinə sırımış bu terminlə maraqlanmağımız, irəliləyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlanğıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern, yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddia tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir.
2- Beş nəhəng düşünər, “Hüserl, Marks, Nitşe, Freyd və Haydeger”i anlamadan postmodernizm öz şərhini tapa biməyəcək. Bu ilkin dayanacaqdan hərəkətə keçdikdən sonra Frankfurt məktəbi, Quruluşçuluq (Strukturalizm), Post-quruluşçuluq, Yapısöküm (Dekonstruksia), feminizm, Üçüncü dalğa axımı və Multi-mədəniyyət kimi dayaqlar və qaynaqlarla qarşılaşırıq. Adlar tükənən deyil, hərəsi də bir hava çalır: İhab Həsən, Çarlz Cenkz, Lus İrigari, Fransua Lyotar, Jil Doloz, Jan Budriar , Mişel Fuko, Feliks Gatari, və Riçard Rorti. Bu adlar qıraqda qalsın, irəli sürülən bəhslərin qaranlığında adamı dəhşət bürüyür: Çeşitli, qarmaqarışıq bəhslərin qatı və dərin qaranlığında. Postmodernizm söz oyunu deyil, bunu anlamağa Adorno və Horkhaymerrin modern dönəmə aid yazdıqları “aydınlamanın dialektıası” (Dialectic of Inlightenment) başlıqlı kitabları yetər.
3- Bayaq dedim, postmodernizmə maraq sevindiricidir. Hardasa bu marağın özü Azərbaycan uyğarlığına gərəkli olan qaynaqları axıdıb gətirəcək. Gec də olsa bu axın artıq başlanmışdır, başlıca göstəricisi isə Mişel Fukonun “Müəllif nədir?” və Rolan Bartın “Müəllifin ölümü” başlıqlı məqalələrinin çevrilməsidir. Ancaq bu çalışmalar və bu dartışmaların gedişində yol verilmiş səhvlər bizi düşündürməyə bilməz. Çünki məntiqi məcralardan qırağa çıxmış dartışmalar postmodernizm barəsində əyri, bəzən də tərsə baxış formalaşdırır. Beləliklə biz yenə də tarixin başqa bir dönüş nöqtəsində yeni fikirlərlə özgün tanışlıq fürsətini itiririk. Belə ki, bu dönüş nöqtəsinin məhsulu sayılan yeni bir düşünüş tərzi barədə ya gözümüzü yumuruq, ya da arxadan topuğa daş atırıq. Söhbət bu məktəbin pis-yaxşılığından getmir, bu barədə ağzına gələni, ağlına batanı söyləyənlərdən gedir. Bizimkilərin çoxu postmodern bilginlərdən danışanda çılpaq pop ulduzları haqda deyilən dedi-qodular yadımıza düşür. Bu da yüksək və ciddi düşüncələrə yiyələnməyə can atan ulusumuzun zəif damarına çevrilir. Demək, postmodernizm tarixi axarından çıxaraq və öz ilkin anlamından boşalaraq Sovet dönəmi tapdalanmış royaların cövlangahına çevrilir. Bu da pərişanlığın, puçluğun və duyğusallığın başqa adıdır: Zahirdə duyğusallıqla döyüşən duyğusallığın. Stanislav Andreski deyir: “Şəffaf və məntiqi düşüncə bilginin artmasına gətirib çıxarır (Elmin gəlişməsi bunun ən yaxşı örnəyidir). Bilginin artması isə gələnəksəl intizamı gec-tez laxladır. Əvəzində pərişan düşüncə bizi heç bir yerə aparıb çxarmır. Ona uzun sürə meydan verirsək, yenə də heç bir etki bağışlamayacaq.”
4- Doğrudur, postmodernizm ağılın klassik anlamına inanmır, ciddi və saray sənətinə istehza gözü ilə baxır. Amma bu onun gülünc mahiyyətinə dəlalət etmir, insan toplumunda yayğın olan və klassik filosofların gözündən yayınmış fenomenlərə diqqətlə baxmağını göstərir. Karl Popper kimi ağılçı (rasionalist) bir filosofla Rolan Bartın ötəri müqayisəsində görürsən ki, klassik ağılçılıq ideoloji mahiyyət daşıyaraq nə qədər xülyalarda yaşayır. Elə bir filosof “liberalizm” deyə, kəsik baş kimi deyinərək gündəlik yaşamın acı gerçəklərindən uzaqlaşır. Əvəzində Bart kimi bir düşünər hətta günaşırı yediyimiz yeməklərcə bizə yaxınlaşır. Onun yeməklərin quruluşuna göz qoyması təsadüfi deyil. Baxmayaraq ki, bütün bunlar postmodernizmə bəraət qazandırmır, çünki bu anlayışda qəribə şarlatanlıqlar görənlər az deyildi. Örnəyin, Lu İrigari deyəndə ki, “Nitşe özünü (egonu) hər an partlayacaq atom çəyirdəyi timsalında görürdü,” çoxları pıqqılti ilə gülüşürlər. Nə yazıq ki, bu görüşlərin bəzisi doğrudur, gülüşlər isə yersiz deyil.
5- Postmodernizm barəsində danışmağa mənim səlahiyyətim geniş deyil. Hətta burda söylənməsi gərəkli olmayan nədənlərə görə, bu axımın bəzi öncüllərindən, örnəyin Budriar və ya Doluzdan xoşum gəlmir. Maraqlı düşüncəni daha çox Hans Gadamer, Pol Rikor, Riçard Rorti və Yürgen Habermasda görürəm. Bilirəm romantizm ağlağan insani quruluşçuluq qəbristanlığında gömüldüsə, azadlıq və ixtiyar simgəsi olan öznə (subyekt) də onun xaçında çarmıxa çəkildi. Başqa sözlə, tarixi irəli sürüyən insan, toplumun və toplumdakı quruluşların əsirinə çevrildi. Mişel Fuko zehnimizi barlandırmaq istəyirdi, bizi “həqiqəti qondaran güc” və “bağmsızlığımızı hədələyən ideologiya” önündə gülləbatmaz etməyə çalışirdı. Lakin hərdən şaşıram ki, o böyüklükdə bir adamın fikri tapıntıları qismən də olsa niyə paradoks üzərində qurulmalıdır? Məcazi həqiqət (hiper nreality) barədə sevimli Budriarın su lilləndirməsi bizə dərin bəsirət bağışlasa da, öznənin yenilgisinə gətirib çıxarır. Ancaq Jak Derrida kimi nəhəng bir filisofdan xoşum gəlmir desəm, bu işim Don Kixotun yel dəyirmanı savaşına getməsinə bənzəyəcək.
6- Postmodernizmə ögey yanaşmıram. əsasən Azərbaycan respublikasında postmodernizm barəsində gedən ilk ciddi məqalə 1997-ci ildə başçılıq etdiyim “Cahan” dərgəsində yer alıb. O zaman bu məqalə vaxtından daha ertə işıq üzü gördüyü üçün qürbətə düşdüsə, 2000-ci ildən başlayaraq partlayış nöqtəsinə gəlmiş postmodernizm dartışmaları qızışmağa başladı. Hər şey də elə burdan korlandı. Ərsəyə gəlmiş yeni yazıçıların bəzisi düşmənlərini sıradan çıxarmaq üçün yazdıqları əsərin alnına postmodern möhürü basdılar. Postmodernizmlə əlaqəsi olmayan və ya onunla anlaşılmaz və gizli ilgilərdə bulunan bu əsərlər çağdaş bir axımla tanışlıq imkanını əlimizdən aldılar. Burda məqsədim H. Herisçinin postmodern damğasını daşıyan “Nekroloq” romanı deyil, çünki Azərbaycanda bu axımla tanış olan adamlara barmaq uzatmaq istəsəm onun da adını çəkərəm.
Əlimizdən uçub getmiş imkana qayıdaq: postmodernizm fəlsəfi, ədəbi və bədii bir axım olaraq Qərb uyğarlığının son elektron mərhələsinin özülündə dayanır. Belə bir önəmli fenomenə göz yummağın bahası faciə qədər böyük ola bilər. Qərb praktik baxımdan ağır sənaye mərhələsindən (yəni modernizmdən) yüngül informasiya və bilgisayar mərhəsinə (yəni postmodernizmə) addımlamışdı. Bu adlayışın geniş nəzəri dayaqları var. Postmodernizmlə tanışlıqdan yan keçmək və ya onu yanlış, ötəri, sərsəri və dayaz biçimdə tanımaq bu nəzəri bazaya etinasız yanaşmaqdır.
7- Vaxtı itirsək də çıxılmaz yolda deyilik. Əxlaqi öyüd verməyə səlahiyyətim olmasa da deməliyəm: Bir az alçaqkönüllü, bir az ciddi, bir az düşüncə hərisi, bir az da bəsirət vurğunu olsaq bəşərin fikri tapıntıları ilə tanışlıq o qədər də çətin olmayacaq. Ancaq postmodernizm kimi geniş, çox şaxəli, dərin və çox anlamlı axıma bir mənalı yanaşmaq və onu gələcəyin düşüncəsi adına təpədən dırnağa mənimsəmək olduqca yersiz olacaq.