2016-ci ildə böyük politoloq Heydər Camalı itirdik, 2018-də isə adlım jurnalist Orxan Camalı. Təbiət bayramı kimi cəfəngiyatla məşğul olan Güney Azərbaycan mediası nə Heydərin ölümünü önəmsədi, nə də onun oğlu Orxanın qətlini. Hedər camal öz əcəli ilə fani dünyaya göz yumdusa Orxan Camalın ölümü faciəvi idi. 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən öldürüldü.
Heydər Camal barədə vaxtilə qısa bir material yazmışam. Amma Orxan barədə onun ən yaxın dostu Həmid Herisçinin yazdığı şeir xətmi-kalamdır. Həmidin şeiri tam anlamında bir mərsiyədir. Bu şeir Sezayi Karakoçun sevgi faciəsini anladan Monaroza şeirini arxada qoyaraq Mövlananın Şəms fəraqında qoşduğu yanıqlı qəzəlləri və Möhtəşəm Kaşaninin İmam Hüseyn müsibətində yazdığı qəsədəni canlandırır gözlərimin önündə.
Jak Ransier “ədəbiyat siyasəti”-ndən söz açır. Bundan məqsəd siyasət qulluğunda dayanan ədəbiyat deyil, özlüyündə siyası aksiya rolunu oynayan yaradıcılıqdır. Həmidin şeiri ədəbiyat siyasətidir:
SON BALET (ORXAN CAMALA) | Hamid Herisçi
Neylon paket, qalxıb
quşlardan da
yüksəyə uçdu.
İndi odu…
odu, səmalarımızın dəli qaranquşu.
İçinə özümü qoyub
bükdüm göylərin ovcunu.
Hə, budu…budu
qismətimdəki
qu quşlarının son baleti,
son oyunu.
Bu qədərmi cılızlaşıb
Zəmanəmizin simurq quşu?
Tamaşanın quruluşçu rejissorunu
inan, bağrıma basardım,
Göz açınca, görərdim qarşımdadı
Axillesin qanlı topuğu.
Bəlkə dirilib üstümə gəlir
uşaqkən qovub çərlətdiyim sərçənin
qara tabutu?
Orxan Camalın Afrikadan gələn
narahat ruhu?
Özüm duydum,
Soyumurdu, dəmir tabutundakı Afrikanın
həm cəhənnəm, həm Prometey alovu.
Mənlə, çərpələng uçurdan
yeganə insan səndin,
Nooldu birdən səndələndin?
Çərpələngimizin ipini Afrikanın
ən quru ağacına düyünləyib
yerə sərildin…
Kremlin aşbazına,
əclafların keçəl başına
dünyanın ən çopur daşına
çırpıldın birdən birə…
bilə-bilə, gülə-gülə
Getdin dünya hannibalzminin
düz göbəyinə.
Dedin, ulduzlar parlaqdı orda…
Cəsədini çaqqallarla qatilllər birgə dağıtdı
son kadrda.